Məhkəmə qərarları › İş №2(001)-6978/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6978/2021

05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6978/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişani ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 46,2 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 216,4 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "Ədalət-A" hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 aprel 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 78 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 23 yanvar 2014-cü il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 avqust 2014-cü il tarixinədək etmiş və həmin ünvan 25 avqust 2014-cü il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. 26 yanvar 2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2367 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi 25 avqust 2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 26 yanvar 2015-ci il tarixə qədər olan müddət 154 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 46,2 manat təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh işə mahiyyəti üzrə baxılmasını təkid edərək bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, sözügedən evə 23 yanvar 2014-cü il tarixdə həyat yoldaşı Sona xanım müqavilə bağlayaraq KATV çəkdirmiş, daha sonra isə 25 avqust 2014-cü il tarixdə ləğv etdirmişdir. KATV-nin ləğv edilməsi barədə onların nümayəndəsinə zəng edərək məlumat verilmiş və ona bildirilmişdir ki, narahat olmasınlar, artıq KATV ləğv edilmişdir. Həmin vaxtdan da onlar KATV dən istifadə etmirlər, evdəki olan kabel naqillərinidə kəsib atmışlar. O, hazırki iddiadan məlumatlı olduqdan dərhal sonra qonşuları sorğu sual etmiş və məlum olmuşdur ki, ümumiyyətlə onların yaşadığı yerə KATV-nin işçiləri gəlməmiş və baxış keçirməmişlər. Bundan əlavə, onun həyat yoldaşı da həmişə evdə olur. Əgər KATV-in əməkdaşları gəlib baxış keçirsəydilər yoldaşı bu barədə məlumatlı olardı. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “K@TV1”-in əməkdaşı X3, “Ədalət-A” hüquq firmasının əməkdaşı X2 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 2367 N saylı, 26 yanvar 2015-ci il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, qeyd edilmişdir ki, qeyd olunan mənzilin qapısını açan olmamışdır, aktın surətini qapıya qoymuşlar. İddiaçı MMC-nin (“K@TV1”) 19 iyul 2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan X1 arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 23 yanvar 2014-cü tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01 avqust 2014-cü il tarixinədək isə son ödəməsini edib. 25 avqust 2014-cü il tarixində borcsuz olaraq şəbəkədən ayrılmışdır; 13 may 2009-cu il tarixli, 4139akb nömrəli “Kabel şəbəkəsinin fərdi istifadəçilərinə xidmət göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, operator abunəçi Həmid Əliyevin KATV 1 kabel şəbəkəsinə qoşulmasını təmin edir, abunəçi isə ayllıq abunə haqqını vaxtında ödəyir; 78 saylı MKİS-nin 31 iyul 2017-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 41, 302 və 305 saylı mənzillərin sahibidir; 07 iyul 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir; 23 iyun 2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X1 arasında Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 41, 302 saylı mənzilinə “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə 25 avqust 2014-cü il tarixdə abonent borcsuz şəbəkədən ayrılmışdır. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan 26 yanvar 2015-ci tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Buna görə də iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək, 25 avqust 2014-cü il tarixdən K@TV1” kabel şəbəkəsindən istifadə etmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 26 yanvar 2015-ci il tarixli 2367 N saylı akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Beləliklə, iddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar