Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6981/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 68.70 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 239.10 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə İddiaçı MC arasında bağlanmış mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.08.2011-ci il tarixinədək etmiş və həmin ünvan 28.08.2011-ci il tarixdə 8.40 manat borc ilə şəbəkədən ayrılmışdır. Mənzilə baxış zamanı kabel şəbəkəsinin qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə iddiaçının nümayəndələri tərəfindən akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, maddi ziyan könüllü ödənilmədiyindən məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Qarayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, artıq uzun müddətdir ki, “KATV1” xidmətlərindən istifadə etmir. Lakin şəbəkədən ayrıldıqdan sonra bir neçə ay şəbəkəyə qanunsuz qoşulma olub. Bununla bağlı xəbərdarlıq və cərimə edildikdən sonra bir daha şəbəkəyə qoşulmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC-nin 19.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, iddiaçı ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 27.02.2009-cu il tarixində həmin ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 28.08.2011-ci il tarixində 8.40 manat borcla şəbəkədən ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayonu MTKB 102 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14.07.2020-ci il tarixli, 442 nömrəli arayışından görünür ki, Cavabdeh müqavilə əsasında “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olara həmin ünvanda yaşayır. - tərtib olunan 13 aprel 2013-cü il tarixli, 0820 K nömrəli akta əsasən ünvan 2 ünvanında kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. - "xxxx" ASC-nin 17.02.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Ədalət-A” hüquq firmasına 150 manat pulun ödənildiyi məlum olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda 2011-ci ilin oktyabr ayından 13.04.2012-cü il tarixə kimi qanunsuz qoşulma nəticəsində iddiaçıya 6 (altı) ay ərzində cəmi 54 manat (aylıq abunə haqqının 9 manat olması nəzərə alınaraq: 6 ay x 9 manat= 54 manat) maddi ziyan dəymiş və nəticədə Cavabdeh iddiaçı qarşısında mülki hüquq pozuntusu (delikt) öhdəliyi yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin: -1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. -1096.2-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1097.3-ci maddəsinin tələbinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin, yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 54 manat məbləğində vurulmuş zərər tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 121.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119,121,216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 54 manat məbləğində vurulmuş zərər və 20,40 manat dövlət rüsumu, ümumilikdə 74,40 (yetmiş dörd manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-6981/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6981/2021
02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver