Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-700/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan evin və torpağın açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında onların paylarına mütənasib bölüşdürülməsi” tələbi barədə mülki işə 05 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı 0.12 ha torpaq sahəsi açıq hərracda satılması və satışdan əldə edilən pulun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evi və altındakı 0.12 ha torpaq sahəsi paylı mülkiyyət üzrə 3/5 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Buna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə RX ******* nömrəli Çıxarış verilmişdir. Mübahisəli bağ sahəsi və altındakı 0.12 ha torpaq sahəsi digər paylı mülkiyyətçiləri Cavabdeh4 (1/5 hissədə) və X4r (1/5 hissədə). X6 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsələr dairəsi müəyyən edilmiş və arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və digər oğlu Cavabdeh3 onun vərəsələri hesab olunmuşlar. Bundan əvvəl mübahisəli olan daşınmaz əmlakın naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-73/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı 3/5 hissə, Cavabdeh4 1/5 hissə və X5 1/5 hissə olmaqla Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20030 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əlavə olunmuş sxemdə göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Cavabdeh X6 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-73/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində keçirilmiş sonuncu ekspert rəyinə əsasən qeyd edilən bağ sahəsi və torpaq sahəsinəndən bağ evinin yerləşdiyi sahə-69,64 kv.m olan evin yerləşdiyi hissə istisna olmaqla İddiaçı düşən 3/5 hissəsinin ayrılması mümkün deyil. Cavabdehlərə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, bağ evinə və altındakı torpaq sahəsinə dair 3/5 paya satış qiymətinin (72000 manat) ödənilməsini 20 gün ərzində təklif etmiş və cavabdehlərin payın dəyərini ödəmədikləri təqdirdə məhkəmə qaydasında açıq hərracla satılması tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdehlər bugünədək heç bir cavab verməmişdirlər. Hazırda paylı mülkiyyətdə əmlakın hərracda satılmasında zərurət vardır, belə ki, xüsusi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi qeyri-mümkün olduğundan mənzildən istifadə oluna bilinmir, kompensasiya ödəməkdən imtina edilir, buna görə də, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı torpaq sahəsinin açıq hərracda satılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evi və altındakı 0.12 ha torpaq sahəsi paylı mülkiyyət üzrə 3/5 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Buna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə Çıxarış verilmişdir. Mübahisəli bağ sahəsi və altındakı 0.12 ha torpaq sahəsi digər paylı mülkiyyətçiləri Cavabdeh4 (1/5 hissədə) və X4r (1/5 hissədə). X6 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsələr dairəsi müəyyən edilmiş və arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və digər oğlu Cavabdeh3 onun vərəsələri hesab olunmuşlar. Mübahisəli daşınmaz əmlakın naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-73/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Həmin iş üzrə keçirilmiş ekspert rəyinə əsasən qeyd edilən bağ sahəsi və torpaq sahəsinəndən bağ evinin yerləşdiyi sahə-69,64 kv.m olan evin yerləşdiyi hissə istisna olmaqla İddiaçı düşən 3/5 hissəsinin ayrılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Cavabdehlərə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, bağ evinə və altındakı torpaq sahəsinə dair 3/5 paya satış qiymətinin (72000 manat) ödənilməsini 20 gün ərzində təklif etmiş və cavabdehlərin payın dəyərini ödəmədikləri təqdirdə məhkəmə qaydasında açıq hərracla satılması tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdehlər bugünədək heç bir cavab verməmişdirlər. Hazırda paylı mülkiyyətdə əmlakın hərracda satılmasında zərurət vardır, belə ki, xüsusi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi qeyri-mümkün olduğundan mənzildən istifadə oluna bilinmir, kompensasiya ödəməkdən imtina edilir, mülkiyyətdə olan əmlak iddiaçı tərəfindən faktiki istifadə oluna bilinmir, mülkiyyət hüququ qanunsuz məhdudlaşdırılır. Cavabdehlər hər bəhanə ilə vaxt udmağa çalışırlar odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı torpaq sahəsinin açıq hərracda satılması zərurəti yaranmışdır. Buna görə də iddia ərizəsində qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etdiyini bildirərək, qeyd etdi ki, cavabdehlərlə heç cür razılaşmaq mümkün deyil, konkret nə istədikləri də məlum deyil. Nə əmlakdan istifadə edə bilmirik, nə də onu satmağa qoymurlar. Odur ki, əmlakın açıq hərracda satılması yeganə çıxış yoludur. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evi və 0.12 ha ölçülü torpaq sahəsinin 3/5 hissəsi üzərində İddiaçı, 1/5 hissəsi üzərində Cavabdeh4 və 1/5 hissəsi üzrəində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-73/2020 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı 3/5 hissə, Cavabdeh4 1/5 hissə və X5 1/5 hissə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20030 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əlavə olunmuş sxemdə göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. - AZ İİ seriyalı 323141 saylı ölüm haqqında akt qeydindən görünür ki, X6 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5 və Cavabdeh4 qarşı “əmlakın naturada bölünməsi tələbi”ə dair təmin olunmuş iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-73/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmaqla, iddiaçının tələbi həcmində ekspert qarşısında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsindən ( 353 saylı bağ evinin yerləşdiyi sahə 69,64 kv.m olan evin yerləşdiyi hissə istisna olmaqla) 3/5 hissədə İddiaçı payının naturada ayrılmasının mümkünlüyü ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5500 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsindən ( 353 saylı bağ evinin yerləşdiyi sahə 69,64 kv.m olan evin yerləşdiyi hissə istisna olmaqla) İddiaçı payına düşən 3/5 hissəsinin ayrılması məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir....” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə iş tərəflərin izhatlarının dinləyib, işdə olan sübutları tətqiq edərək hesab edir edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evi və altındakı 0.12 ha torpaq sahəsi paylı mülkiyyət üzrə 3/5 hissəsi iddiaçının, 1/5 hissəsi Cavabdeh4 1/5 hissəsi X3 xüsusi mülkiyyətindədir. Əmlakın naturada bölünməsi mümkün deyil, payı ayrılan iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmiş, lakin münasibət bildirilməmişdir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra sözügədən hissə cavabdehlər Cavabdeh1 və onun uşaqları Cavabdeh2 ilə Cavabdeh3 tərəfindən idarə olunur. Onlar tərəfindən X2 miras əmlak kimi qalmış 1/5 hissəsini nə qanun üzrə nə vəsiyyət üzrə qəbul etmələrinə dair sübut yoxdur. Digər payçı və iş üzrə Cavabdeh4 iddianı qəbul edir. İşin mübahisəli halını Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisəli əmlaka dair İddiaçı 3/5 pay hissəsinə dəyərinin ona ödənilməməsi ilə təşkil edir. Bununla bağlı məhkəmə ilk növbədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarını qeyd etməyi zəruri hesab edir. Həmin Qərarda qeyd olunur ki, “....Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.”. Yenə həmin Qərarda “....Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. .... Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır.”. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Nəzərə alınmalıdır ki, bu sahəni tənzimləyən maddi hüquq normalarına uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlak barəsində aradırma aparılaraq əmlakların naturada bölünməsinin mümkün olmadığı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan da istifadə etmiş lakin heç bir nəticə əldə olunmamışdır. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; əmlakın tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı və tərəflərin kompensasiya ödəmək niyyətində də olmadıqları işin mübahisəsiz halıdır. İşdə olan mövcud sübutlarla belə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X3 birinci növbə vərəsələridir və mübahisəli əmlakdan istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən X5 məxsus 1/5 hissə olmaqla payına dair mirası qəbul edib etməmələri ilə bağlı açıq iradə ifadələrini göstərməmələri digər paylı mülkiyyətçilərin hüquqlarının həyata keçirilməsində əsassız maneə yaratmamalı, onların bu hüquqları digər payçının vərəsələrinin hərəkətlərindən asılı vəziyyətdə olmamalıdır. Əks halda digər mülkiyyətçilərin hüquqları əsaslı şəkildə pozulmuş olur. Lakin bununla yanaşı X3 1/5 hissədə payına dair onun məcburi pay hüququna malik olan vərəsələrinin həmin paya gözləntilərinin olduğu, bir sözlə onların hüquqlarının qorunması qətnamə icra olunarkən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı 0.12 ha torpaq sahəsinin paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları nəzərə alınaraq iddia təmin edilməli paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı 0.12 ha torpaq sahəsi açıq hərracda satılmalı, onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə onların arasında bölüşdürülməlidir. Bu zaman X3 1/5 hissədə payına münasibətdə onun məcburi pay hüququna malik olan vərəsələrinin qanuni maraqlarının mövcudluğu nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan evin və torpağın açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında onların paylarına mütənasib bölüşdürülməsi” barədə iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin və altındakı 0.12 ha torpaq sahəsi açıq hərracda satılsın, satışdan əldə olunan vəsait Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında paylara uyğun mütənasib olaraq bölünsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-700/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-700/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver