Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7028/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdeh Ceyhunə Kazımlıya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Ceyhunə Kazımlıya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin törətdiyi mənəvi və fiziki zərərə görə təzminat ödənilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
3. Belə ki, iddia ərizəsində iddiaçı həm iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, həm tələbini qeyri müəyyən olaraq qeyd etmiş, həm də məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. - Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, maddə və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları ərizəyə əlavə etməli olduğu halda o, nə iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl etmiş, nə tələbini konkret olaraq qeyd etmiş, nə iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısını göstərmiş, nə cavabdehlə bağlı eyniləşdirmə məlumatlarını və ona çatacaq iddia ərizəsinin surətini əlavə etmiş, nə də məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmişdir. Beləliklə də iddiaçı iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu tələbə əməl edilməməsi isə mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtlərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.1.5, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Ceyhunə Kazımlıya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev