Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7056/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh Əbdülqəni oğluna qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yeni yaşayış massivi ərazisində 600 kv.m sahəsi olan torpaq sahəsində inşa etdiyi və cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş daş hasarın cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi, gələcəkdə cavabdeh tərəfindən onun torpaq sahəsindən sərbəst istifadə və sahibliyinin həyata keçirilməsinə hər hansı maneçiliyin yaradılmasının cavabdehə qadağan edilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. - 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən cavabdehin rəsmi qeydiyyata alındığı ünvan barədə məlumatı təsdiq edən sənədlərin olması müəyyən edilmir. Belə ki, Mülki-Prosessual Məcəllənin 134-cü maddəsində rəsmi qaydada təqdim edilməli olan sənədlər sadalanmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi mülki işin ərazi aidiyyətindən asılı olmayaraq məhkəmə tərəfindən həmin sənədlər işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edilməlidir. Rəsmi qaydada təqdim edilməli olan sənədlər isə ehtimal olunan ünvana deyil, rəsmi qeydiyyat ünvanına göndərilməlidir. Bu baxımdan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan barədə məlumatlar əhəmiyyət kəsb edir. Eyni zamanda cavabdehin rekvizit məlumatlarının məlum olması həmçinin ona görə zəruridir ki, elektron məhkəmə sistemindən belə şəxsin həqiqətən olması, sağ və ya vəfat etmiş olması və.s barədə məlumatlar sorğulana bilsin. İş materiallarına əlavə edilmiş 23 may 2005-ci il tarixli Bələdiyyə qərarı qeyd olunan halları təsdiq etməyə imkan vermir. Bundan başqa elektron məhkəmə informasiya sistemindən də Cavabdeh barədə məlumat aşkar edilməmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli qaydada həyata keçirilməsi və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulması deməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yer barədə məlumatlar əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Əbdülqəni oğluna qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər(dövlət rüsumu və.s) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7056/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7056/2021
08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver