Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7061/2021 15.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh Qafil oğlunun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh Qafil oğluna qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qafil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd edilənlərdən əlavə bildirmişdir ki, cavabdeh 2014-cü ildə ondan borc qismində 30.000 manat məbləğində pul istəmiş, həmin vaxt onun pulu olmadığından o, cavabdehə 30.000 manat pulun əvəzində borc olaraq, həmin dəyərdə olan 437 kv.m ölçüdə oniks markalı mərmər-qranit tikinti daşı vermişdir. Cavabdeh də 30.000 manat məbləğində borcun bir neçə ay ərzində ona qaytarılması barədə vəd vermişdir. O, həmin əşyaları nisyə olaraq cavabdehə satmamış, habelə onları satmaq və sonradan pulunu ona ödəmək niyyəti ilə də cavabdehə verməmişdir. 8.000 manat məbləğində pulu isə Sumqayıt şəhərində inşa edilən yaşayış binasından mənzilin alınması məqsədi ilə yaşayış binasını inşa edən şirkətin direktoru kimi özünü təqdim edən Ülviyyə adlı şəxsə təqdim edilməsi üçün cavabdehə vermişdir. Lakin nəticədə ona mənzilin satılması ilə bağlı məsələnin yalan olduğunu və aldadıldığını müəyyən etmiş, Ülviyyə adlı şəxslə də onu cavabdeh tanış etdiyindən 8.000 manat məbləğin qaytarılmasını da ondan tələb etmişdir. Cavabdeh də ümumilikdə ona 38.000 manat məbləğində borcunun olduğunu heç vaxt inkar etməmiş, hər zaman etiraf etmişdir. Bu gün də etiraf edir. Göstərilənlərin və təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddianı və iddiaçının mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehə borc olaraq pul verməmiş, əmlak vermişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı cavabdehə qarşı pul tələbi deyil, əmlak tələbi irəli sürmüşdür. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olmuşdur. Cavabdeh özü də bu halı və iddiaçıya olan borcunu mütəmadi olaraq etiraf etmiş və hazırda da etiraf edir. Göstərilənlərin və təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X4 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı tikinti daşlarını 2014-cü il tarixində vermiş və bununla bağlı pulun qaytarılması barədə iddianı 3 il müddətində qaldırmalı olduğu halda qaldırmamış və artıq 4 ildir ki, iddia müddəti ötürülmüşdür. İddiaçının tələb etdiyi 8.000 manat pul isə cavabdehə deyil, başqa şəxsə verilmişdir. Bu səbəbdən ondan tələb edilə bilməz. Tələb edildiyi təqdirdə isə bu tələb üzrə də 3 illik iddia müddəti ötmüşdür və bu səbəbdən bu tələbə də iddia müddəti tətbiq edilməlidir. İddiaçının şikayəti əsasında aparılmış araşdırmanın nəticələrinə dair “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.02.2019-cu il tarixli qərarda da mübahisənin mülki xarakterli olduğu göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Qafil oğlu təxninən 2010-cu ildən biri digərini tanıyır, aralarında etibarlı münasibətlər olmuşdur. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan 30.000 manat pulu borc istəmişdir. İddiaçı da cavabdehə 30.000 manat əvəzinə həmin dəyərdə olan mərmər-qranit daşını vermişdir. Cavabdeh bu əmlakı ondan götürərək, bir neçə ay ərzində 30.000 manat pulun ona qaytarılması barədə vəd vermiş, lakin bu məbləği ona qaytarmamışdır. Bundan sonra həmin borcun əvəzləşdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Əvəzləşdirmə qaydasında cavabdeh iddiaçıya ümumi dəyəri 48.000 manat olmaqla Sumqayıt şəhərində inşa edilən mənzilə görə 18.000 manat pul ödəməklə mənzili təhvil almağı təklif etmişdir. Bununla bağlı iddiaçı tərəfindən özünü tikinti işlərinə rəhbərlik edən şəxs kimi təqdim edən Ülviyyə adlı şəxsə 8.000 manat məbləğində pul ödənilmişdir. Lakin sonradan bu şəxs tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi reallaşmamışdır. Bu səbəbdən iddiaçı cavabdehə verilmiş 30.000 manat borcun bügünədək qaytarılmadığını, habelə cavabdehin təklifi əsasında mənzilin alınması üçün 8.000 manat məbləğində pul ödədiyini iddia edir və həm borc qismində verdiyi 30.000 manat pulun, həm də mənzilin alınması üçün ödədiyi 8.000 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh borcun qaytarılması tələbi ilə 2017-ci il tarixdə iddia qaldırılmalı olmasına baxmayaraq, qaldırılmadığını, iddia müddətinin 4 il ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim etməklə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş edir. İddiaçının tələb etdiyi 8.000 manat pulun isə cavabdehə deyil, başqa şəxsə verildiyini, bu tələb üzrə də 3 illik iddia müddətinin ötürüldüyünü və bu səbəbdən bu tələbə də iddia müddətinin tətbiq edilməli olduğunu qeyd edir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı tərəf cavabdehə borc olaraq pul verilmədiyini, əmlak verildiyini, cavabdehə qarşı hüquqi nəticə etibarı ilə pul tələbi deyil, əmlak tələbinin irəli sürüldüyünü bildirir və bu səbəbdən hazırki tələbə iddia müddətinin tətbiq edilməsini qeyri-mümkün hesab edir. Hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı məsələ ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə şikayət etmişdir. Onun şikayəti əsasında aparılmış araşdırmanın nəticələri üzrə 07.02.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı iddia ərizəsində göstərilən məzmuna oxşar məzmunda izahat vermişdir. Həmçinin, 8.000 manat pulu Ülviyyə adlı şəxsə verdiyini bildirmişdir. Cavabdeh isə öz izahatında iddiaçıdan mərmər-qranit daş şəklində 30.000 manat məbləğində borc aldığını və hazırda iddiaçıya 30.000 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin, iddiaçının 8.000 manat pulun Ülviyyə adlı şəxsə verdiyini, sonradan iddiaçının ona zəng edərək, Ülviyyə adlı şəxs tərəfindən aldadıldığını və bu şəxslə onun vasitəsi ilə tanış olduğundan, həmin pulun qaytarılmasını da ondan tələb etdiyini, onun da bu tələblə razılaşdığını bildirmiş və iddiaçıya 8.000 manat borcunun da yarandığını (ümumilikdə 38.000 manat borcunun olduğunu) etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (2016-cı ilin iyun ayınadək olan redaksiyada). Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iddia üzrə tələb edilən 30.000 manat məbləği ilə bağlı qeyd edir ki, iddiaçı bu məbləğin borc qismində verildiyini bildirsə də, cavabdehə bu məbləği deyil, həmin dəyərdə olan mərmər-qranit daş vermişdir. Lakin hazırda həmin əşyaları deyil, konkret olaraq onların dəyərini tələb edir. Burdan da belə qənaətə gəlmək olur ki, tərəflər arasında 2014-cü ildə hüquqi nəticə etibarı ilə borc müqaviləsindən irəli gələn münasibətlər deyil, nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır (əks halda, iddiaçı cavabdehdən vaxtı ilə ona borc qismində verilən həmin əvəz edilən əşyaları tələb edərdi). Həmin müqavilənin şərtlərinə əsasən də cavabdeh iddiaçıya qeyd edilən məbləği bir neçə ay ərzində ödəməli idi (iddiaçı 3-5 ay, cavabdeh yaxın aylar deyir). Bununla belə, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət qeyd edilən əşyaların 2014-cü ilin sonuncu günü, yəni 31.12.2014-cü il tarixdə verildiyi təqdirdə 31.05.2015-ci il tarixdə bitmişdir. Qeyd edilən öhdəlik üzrə bugünədək hər hansı məbləğin ödənilmədiyi nəzərə alındığı halda, həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 31.05.2015-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində, yəni 31.05.2018-ci il tarixədək öhdəliyin icrasını tələb etmək hüququndan istifadə etməmiş və hazırki iddianı yalnız 06.09.2021-ci il tarixində qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. İddia müddətinin axımı dövründə cavabdeh həmin borcun etiraf etməsini təsdiq edən hər hansı hərəkətlər etməsi müəyyən edilmir. Bununla bağlı yeganə sübut “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.02.2019-cu il tarixli qərarda cavabdehin borcu etiraf etməsi barədə izahatının əks olunmasıdır ki, bu da borcun etiraf etməsini təsdiq edən hərəkət kimi qəbul edilə bilməz. Qəbul edildiyi təqdirdə belə, nəzərə alına bilməz. Belə ki, artıq müəyyən edildiyi kimi iddia müddətinin axımı 31.05.2018-ci il tarixdə bitimişdir. İddia müddəti bitdikdən sonra borcun etiraf etməsini təsdiq edən hər hansı hərəkətin edilməsi, hətta ödənişin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz. Bununla belə, bu tələbə hər bir halda iddia müddəti tətbiq edilməli və bu əsasla bu tələb rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki münasibətlərə borc müqaviləsindən irəli gələn münasibət kimi qiymət verildiyi təqdirdə belə bu tələbə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iddia üzrə tələb edilən 8.000 manat məbləği ilə bağlı qeyd edir ki, iddiaçı bu məbləğin cavabdehə verildiyini bildirir. Halbuki, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.02.2019-cu il tarixli qərarda onun bu məbləği Ülviyyə adlı şəxsə verdiyi, həmçinin onunla bu şəxs arasında müxtəlif sənədləşmənin olduğu göstərilmişdir. Bununla belə, mənzilin alqı-satqısı ilə bağlı münasibətlər iddiaçı ilə Ülviyyə adlı şəxs arasında yaranmış, cavabdeh həmin münasibətlərin tərəfi olmamış və iddiaçı həmin məbləği Ülviyyə adlı şəxsə təqdim edilməsi üçün ona verməmiş, birbaşa və şəxsən özü Ülviyyə adlı şəxsə təqdim etmiş, bunun müqabilində müəyyən rəsmiləşdirmə işləri də aparılmışdır. Cavabdehin iddiaçını mənzilin alınması ilə bağlı müqavilə bağlamağa, habelə bu məqsədlə hər hansı rəsmiləşdirmə aparmağa məcbur etməsi, bu niyyətlə aldatması halı müəyyən edilməmişdir. Bu səbəbdən mənzilin təhvil verilməsi, habelə 8.000 manat məbləğinin qaytarılması ilə bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07.02.2019-cu il tarixli qərarda cavabdehin bu məbləği də borc qismində etiraf etməsi (bir halda ki, tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmamışdır, hazırda cavabdeh bu borcu etiraf etmir, pulun ona verilmədiyini bildirir, həmçinin iddia müddətinin tətbiq edilməsini xahiş edir) bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Digər tərəfdən bu münasibətlərə borcun etirafı kimi qiymət verildiyi təqdirdə belə, 8.000 manatın qeyd edilən şəxsə verilməsi və bu borcun ödənilməsinin cavabdehin öz üzərinə götürməsi 2018-ci ilin yay aylarında baş verdiyindən bu tələb üzrə də iddia müddəti ötmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməldir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-7061/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7061/2021
15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver