Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7064/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, -, 3 Xocəsən şossesi ərazisində yerləşən 0,404840 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, -, 3 Xocəsən şossesi ərazisində yerləşən 0,404840 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Reyestr № **********68-06301 saylı çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdeh təşkilat həmin torpaq sahəsində tikinti işlərinin aparmağa qanunsuz olaraq mane olur. Hesab edir ki, cavabdeh təşkilatın bu hərəkətləri qanunsuzdur və həmin maneələrə son qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin xahiş etdi ki, qətnamə ilə iddia təmin olunarkən iddiaçıya məxsus torpaq sahəsinin texniki pasportda göstərilən koordinatları da qeyd edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması qanunaziddir. Məhkəmə proses iştriakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, -, 3, Xocasən şossesi ünvanında yerləşən 0.404840 ha torpaq sahəsi və onun üzərində 59.40 kv.metr sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə X1 məxsusdur; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən müəyyən olunur ki, obyektin koordinatları: X396982.581 Y4475960.794; X396991.435 Y4475972.920; X397012.889 Y4476000.352; 397015.366 Y4475999.560; X3970220.120 Y4476013.922; X397022.093 Y4476025.756; X397043.094 Y4476011.057; X397031.628 Y4475884.137-dir. 02 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə və üzərində olan binaya öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək, habelə cavabdehdən bu hüquqları məhdudlaşdıran və ya həyata keçirməyə maneə törədən hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməli, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, -, 3, Xocasən şossesi ünvanında yerləşən 0,404840 ha torpaq sahəsinə (koordinatları: X396982.581 Y4475960.794; X396991.435 Y4475972.920; X397012.889 Y4476000.352; X397015.366 Y4475999.560; X397020.120 Y4476013.922; X397022.093 Y4476025.756; X397043.094 Y4476011.057; X397031.628 Y4475884.137) istifadəyə qanunsuz müdaxilələrə son qoyulması, tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, -, 3, Xocasən şossesi ünvanında yerləşən 0,404840 ha torpaq sahəsindən (koordinatları: X396982.581 Y4475960.794; X396991.435 Y4475972.920; X397012.889 Y4476000.352; X397015.366 Y4475999.560; X397020.120 Y4476013.922; X397022.093 Y4476025.756; X397043.094 Y4476011.057; X397031.628 Y4475884.137) istifadəyə qanunsuz müdaxilələrə son qoyulması, tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7064/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7064/2021
07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver