Məhkəmə qərarları › İş №2(001)-7069/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7069/2025

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7069/2025 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə hazırki təqvim ilinin (2025) iyun ayında “Şuşa FD05” layihəsində birlikdə işlədikləri zaman işgüzar səbəblə tanış olmuşdur. Bir müddət sonra cavabdeh işdə yaranmış dostluq münasibətindən istifadə edərək ona məxsus olan **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini iki saatlıq “problemini həll etmək” məqsədilə ona verilməsini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq avtomobilini ona vermişdir. Cavabdeh iki saat ərzində avtomobili heç bir xəta törətmədən geri qaytaracağına söz vermişdir. Lakin ona məxsus avtomobilin cavabdeh tərəfindən “spirtli içkinin təsiri altında” idarə edilməsi DYP əməkdaşları tərəfindən müəyyən edilmiş və barəsində “İXP 7245916” nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh protokolun surəti ilə tanış etməsinə və dəfələrlə cərimə məbləğinin ödənilməsi barədə xəbərdar etməsinə baxmayaraq, cavabdeh cərimə məbləğini ödəməmişdir. Ödənilməyən cərimə məbləğinə görə ona məxsus avtomobilə həbs qoyulacağından o, həmin məbləği ödəməyə məcbur olmuşdur. Bu səbəbdən də, ona ağır maddi ziyan dəymişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 641 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “SMS radar.az” mobil tətbiqi vasitəsilə həbsin qoyulması barədə bildirişin ekran görüntüsündən “screenshot” görünür ki, 77RG624 nömrəli nəqliyyat vasitəsinə aid İXP7245916 saylı protokol ödənilmədiyindən xx.xx.2025-ci il tarixdən həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulacağı bildirilmiş və xx.xx.2025-ci il tarixdə İXP7245916 saylı protokol üzrə cərimə məbləği ödənilmişdir. İş materiallarında olan “E-Polis” mobil tətbiqi vasitəsilə inzibati xəta haqqında protokolun çıxarışından görünür ki, İXP7245916 saylı protokol üzrə Cavabdeh 640 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-yə aid mobil tətbiq vasitəsilə ödənişin edilməsini təsdiq edən qəbzdən görünür ki, 03 oktyabr 2025-ci il tarixdə 641 manat məbləğində cərimə məbləği həmin tətbiq vasitəsilə “Hökümət ödənişləri” kateqoriyası seçilməklə DYPnin hesabına ödənilmişdir. İş materiallarında olan “SMS radar.az” mobil tətbiqi vasitəsilə göndərilmiş bildirişdən görünür ki, 77RG624 nömrəli avtomobil 500 manat məbləğində cərimə edilmişdir. Tarix xx.xx.2025-ci il, saat 05:20 (maddə İXM 334.1) İş materiallarında olan İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:20-də “Hyundai Elantra” minik markalı, 77RG624 dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları, İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokolla təsdiq edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus “Hyundai Elantra” minik markalı, 77RG624 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, lakin protokol üzrə müəyyən edilmiş cərimə məbləğini ödəməmişdir. Həmin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə minmiş, həmin gündən hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanmış və həmin məbləğ 640 manat təşkil etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə 641 manat məbləğində cərimə məbləğini ödəmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 641 manat (500 manat inzibati cərimə, 140 manat hesablanmış dəbbə pulu və 1 manat bank xidmət haqqı) məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 641 (altı yüz qırx bir) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar