Məhkəmə qərarları › İş №2(001)-709/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-709/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-709/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə (MMC) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçılar kimi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçılara vurulmuş maddi zərərə görə 3000 manat, mənəvi zərər görə 7000 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehdən ümumi dəyəri 12313 manat təşkil edən tur paket əldə etmişlər. Avropa turunu başa vurduqdan sonra əvvəlcədən onlara bildirilmiş uçuş xətti üzrə, yəni “X6”ndan adlarına alınan biletlər əsasında 02 sentyabr 2022-ci il tarixə olan Roma-İstanbul aviareysinə görə İtaliyanın Roma şəhərində yerləşən hava limanına gəlmişlər. Lakin, son anda cavabdehin əməkdaşı tərəfindən “Whatsapp” tətbiqi vasitəsilə göndərilmiş səs qeydinə əsasən güyə qeyd olunan uçuşun ləğv edilməsi, xoşbəxtlikdən son anda başqa aviakompaniya vasitəsilə Roma- İstanbul uçuş xətti üzrə bilet tapıldığı (daha ucuz bilet və 6-7 saatlıq gözləmə müddəti) bildirilmişdir. Hansı ki, 02 sentyabr 2022-ci il tarixə Roma-İstanbul uçuş xətti üzrə aviabiletin qiyməti “X7”nda 356,28 Avro, həmin tarix və istiqamət üzrə “Pegasus” aviakompaniyası üzrə isə qiymət 77,02 Avro təşkil etmişdir. İddiaçılar yaranmış problemlə əlaqədar sonradan cavabdehə müraciət etdikdə, müəyyən edilmişdir ki, onlara elə əvvəlcədən “Pegasus” aviakompaniyasından bilet alınmışdır. Daha sonra cavabdehin əməkdaşları dediklərini təkzib edərək, xanım əməkdaşın xidmət zamanı yol verdiyi bu nöqsana görə işdən uzaqlaşdırıldığı, onlara heç bir əlavə kömək edə bilməyəcəkləri deyilmişdir. İddiaçıların vəkili tərəfindən “X7”na ünvanlanmış sorğuya alınmış cavabdan müəyyən edilmişdir ki, iddiaçıların adına 02 sentyabr 2022-ci il tarixli, TK 1362 nömrəli reys üzrə biletlər rezerv edilmiş, lakin ödəniş edilmədiyindən, sistem tərəfindən biletlər ləğv edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 02 sentyabr 2022-ci il tarixə Roma-İstanbul xətti üzrə “X7”na aid təyyarə üzrə uçuşlar ləğv edilməmişdir. Bununla da iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Maddi ziyan aviabiletlər arasındakı fərq və zaman itkisi ilə əsaslandırılmışdır. Mənəvi zərər isə iddiaçıların ciddi əsaslı sarsıntı keçirmələri, cavabdehin onları aldatması ucbatından hava limanında 6 saatdan çox müddətdə qalmaları, vaxtında İstanbul şəhərinə gələ bilməmələri, gec gəlmələri səbəbindən iqtisadi sahədə addmlarını vaxtında ata bilməmələri, hava limanında oturacaqların üzərində gecələməli olduqları ilə əsaslandırılmışdır. Dəymiş maddi və mənəvi zərərin qarşılığının ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edib, iddia ərizəsini müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh tərəf biletlərin əvvəlcədən “Pegasus” aviaşirkətindən alındığını bildirsə də, cavabdehin işçisinin iddiaçılara ünvanladığı səs qeydlərindən də müəyyən etmək olur ki, iddiaçılara əvvəlcədən “X7”nın reysi ilə uçuş vəd edilmiş, məhz 02 sentyabr 2022-ci il tarixdə, yəni uçuş günü müxtəlif bəhanələrlə biletlərin dəyişdirildiyi bildirilmiş, nəticədə “Pegasus” aviaşirkətinin reysinə daha ucuz qiymətə biletlər alınmışdır. Uçuş vaxtına görə iddiaçılar hava limanında 8 saatdan çox gözləməli olmuşlar. Bütün bunlar isə iddiaçılara həm maddi, həm də mənəvi zərər vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçılar Avropa turuna çıxmaqla, öz istirahətlərini səmərəli, xoş keçirmək niyyətində olsalar da, cavabdehin məlum əməlləri nəticəsində onlar əsəb, stress keçirmiş, hava limanının skamyasında 8 saatdan çox vaxt keçirməli olmuşlar. Həmçinin, “X7” şikrətinin uçuş komfortu ilə “Pegasus” şirkətinin komfortu arasındakı fərq danılmazdır, bu fərq təbii olaraq özünü bilet qiymətlərində də göstərmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 12 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, cavabdeh şirkətin direktorudur. Şirkətin əməkdaşları müştərilərə tur paket təklif edərkən, əvvəlcə aviabiletlər bron edilir, sonra yekun məbləğ toplanaraq müştəriyə bildirilir. Bu dəfə də iddiaçıların müraciəti əsasında “X7”ndan biletlər bron edilmişdir. Lakin, ödəniş vaxtında edilmədiyindən, bronlar ləğv edilmişdir. Buna görə, şirkətin nümayəndələri “Pegasus” aviakompaniyasından həmin tarixə 6-7 saat fərqlə biletlər almış, dərhal bu barədə müştəriyə məlumat verilmişdir. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, aviaşirkətlərin dəyişməsi nəticəsində 410 manatlıq fərq yaranmışdır ki, onlar bu fərqi iddiaçılara ödəməyə razıdırlar. Biletlər bron edildikdən sonra otelin qiymətində bahalaşma baş vermiş, buna görə də, onlar iddiaçılara biletləri “X7” şirkətindən deyil, “Pegasus”dan almışlar. Reyslər arasında 45-50 dəqiqə fərq olmuş, onların işçiləri aviaşirkətin dəyişdirilməsi barədə iddiaçılara əvvəlcədən məlumat verməyi unutmuşdur. Sonda B.A.İsmayılov iddianı qismən qəbul etdiklərini, iddiaçılara bilet pulunda yaranmış fərq olaraq 410 manatı ödəməyə hazır olduqlarını bildirmiş, iddianın yalnız bu hissədə təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: İş materialları ilə müəyyən edilir ki, İddiaçı3 tərəfindən 24 avqust 2022 – 05 sentyabr 2022-ci il tarixləri üzrə 12313 manat qiyməti olan "xxxx" üçün cavabdeh MMC-yə 12313 manat pul tam olaraq ödənilmişdir. 02 sentyabr 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə “X7” aviakompaniyası ilə saat 06:55-də başlamalı uçuş üzrə biletin qiyməti 356,28 Avro, həmin tarixdə eyni istiqamət üzrə “Pegasus” aviakompaniyası ilə saat 14:45-də başlamalı uçuş üzrə qiymət isə 77,02 Avro təşkil etmişdir. İddiaçıların adına “Azera Travel” şirkəti tərəfindən elektron sistemdə 2 sentyabr 2022-ci il tarixdə TK1362 nömrəli reys üzrə biletlər rezerv edilmiş, lakin ödəniş həyata keçirilmədiyi üçün rezervlər sistem tərəfindən ləğv edilmişdir. “Azera Travel” tərəfindən rezervasiya sənədlərindən görünür ki, 02 avqust 2022-ci il tarixdə “Azera Travel” tərəfindən iddiaçıların adına 02 sentyabr 2022-ci il tarixə 1363 nömrəli, Roma-İstanbul reysi üzrə saat 06:55-də başlamalı uçuş üçün bilet rezerv edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, mülki iş materiallarının 23-cü səhifəsində olan fotoşəkillə müəyyən edilir ki, İstanbul şəhəri istiqamətində saat 06:55-də yola düşməli olan “X7”na məxsus təyyarə üzrə TK 01362 nömrəli reys ləğv edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, “Azera Travel” tərəfindən verilmiş rezervasiya məlumatlarında göstərilmişdir ki, 05 avqust 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasından iddiaçıların adına yük xidməti də daxil olmaqla ümumilikdə 637,64 Avro dəyərində 4 ədəd aviabilet bron edilmişdir. Həmin məlumatlara qoşma edilmiş, yenə “Azera Travel” tərəfindən verilmiş arayış tipli məktubda göstərilmişdir ki, 02 avqust 2022-ci il tarixdə Cavabdeh MMC şirkəti Azera Turizm MMC şirkətindən Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronları etmişdir. Biletlər müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 adına edilmiş və qiyməti 1 nəfər üçün 396 manat olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə: 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə: 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə: 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Maddə: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə: 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə: 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə: 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə: 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə: 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki:

1. İddiaçılar 24 avqust 2022 – 05 sentyabr 2022-ci il tarixləri üzrə 12313 manat qiyməti olan "xxxx" üçün cavabdeh MMC-yə 12313 manat pulu tam olaraq ödəmişlər. Bu qiymət cavabdehin nümayəndəsinin izahatına əsasən gediş-dönüş xərcləri, otel qiymətləri və s. hesablanmaqla iddiaçılara təklif olunmuş, onlar da (daha dəqiq İddiaçı3) təklif edilən məbləğlə razılaşmış, ödəniş etmişlər.

2. Mübahisələndirilən, 02 sentyabr 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə uçuş üzrə 02 avqust 2022-ci il tarixdə 1362 saylı (bu reysin “X7” vasitəsilə həyata keçirilməsi barədə tərəflər arasında razılaşma işin mübahisəsiz halıdır) reysə iddiaçıların adına biletlər bron edilmiş, lakin biletlərin pulu cavabdeh tərəfindən ödənilmədiyindən (biletlərin pulunun ödənilməməsi “X7”nın 11 oktyabr 2022-ci il tarixli məktubu ilə öz təsdiqini tapır) bronlar ləğv edilmişdir. Nəticədə iddiaçılar 02 sentyabr 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasının saat 14:45-ə olan reysi ilə hərəkət etmişlər.

3. Cavabdeh tərəf məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş arayış tipli məktubu təqdim edərək, iddiaçıların adına 02 avqust 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə 02 sentyabr tarixə, saat 06:55 reysi üçün bilet bronları edildiyini, biletin qiymətinin 1 nəfər üçün 396 manat olduğunu göstərmişdir. 02 sentyabr 2022-ci il tarixdə iddiaçıların adına 06:55 reysi ilə biletlərin bron edildiyi də məlum haldır. Lakin, bron edilmiş biletlərin pulunun ödənilərək alınmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunun əksinə, 02 sentyabr 2022-ci il tarixdə, saat 06:55-də Roma-İstanbul reysini icra etməli “X7” şirkəti iddiaçıların adına həmin reysə bron edilmiş biletlərin pulunun ödənilmədiyi sübut olunmuşdur.

4. Həmçinin, cavabdeh tərəf məhkəməyə biletlərin bron məlumatları barədə sənədlər təqdim etmişdir ki, həmin məlumatlardan görünür ki, iddiaçıların adına 05 avqust 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasından 4 ədəd bilet bron edilmişdir. Həmin, yəni 05 avqust 2022-ci il tarixə 4 ədəd bilet üçün ümumilikdə ödəniləcək məbləğ 637,64 Avro təşkil etmişdir. Lakin cavabdeh tərəfindən “Pegasus” aviakompaniyasından biletlərin məhz 05 avqust 2022-ci il tarixdə pulunun ödənilərək alınması da sübuta yetirilmir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilir ki, 02 sentyabr 2022-ci il tarixə “Pegasus” şirkəti ilə eyni istiqamətdə uçuşun qiyməti 1 nəfər üçün 77,02 Avro təşkil etmişdir.

5. Həm iddiaçıların nümayəndəsinin, həm də cavabdehin nümayəndəsinin izahatlarında göstərilənlərlə müəyyən edilir ki, sözügedən uçuşun “X7”na məxsus reyslə həyata keçirilməsinə dair tərəflər razılaşmışlar. Sonradan cavabdeh şirkət tərəfindən uçuş həmin günə, başqa saata dəyişdirilmiş, həmçinin uçuşu həyata keçirən şirkət olaraq “Pegasus” şirkəti seçilmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən reysin dəyişməsi barədə iddiaçılara cavabdehin işçisi tərəfindən daha öncədən məlumat verilməmişdir. Yəni, iddiaçılar 02 sentyabr 2022-ci il tarixədək (uçuş anınadək) cavabdehlə əvvəlcədən razılaşdıqları kimi “X7”na məxsus, saat 06:55 reysi ilə hərəkət edəcəklərini düşünmüşlər.

6. Məhkəmə həmçinin diqqəti ona yönəldir ki, cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclaslarının birində izahatında iddiaçıların müraciəti əsasında “X7”ndan biletlərin bron edildiyini, lakin, ödəniş vaxtında edilmədiyindən, bronların ləğv edildiyini, sonrakı məhkəmə iclasındakı izahatında isə biletlər bron edildikdən sonra otelin qiymətində bahalaşma baş verdiyindən, iddiaçılara biletləri “X7” şirkətindən deyil, “Pegasus”dan aldıqlarını bildirmişdir. Yəni, cavabdehin nümayəndəsi biletlərin “X7” şirkətindən deyil, “Pegasus” şirkətindən alınmasının səbəbləri barədə ziddiyyətli izahatlar vermişdir. Hər iki izahatda cavabdehin nümayəndəsi diqqəti bu dəyişikliyin cavabdehin təqsiri ucbatından baş vermədiyinə yönəltməyə çalışmışdır. Belə olan halda, yəni məlum dəyişiklik cavabdehin hərəkəti nəticəsində baş verməmişdirsə, cavabdehin nümayəndəsinin biletlərin dəyişdirilməsi ilə arada yaranmış 410 manat fərqi (bu məbləği cavabdehin nümayəndəsi bildirir) ödəməyə hazır olması ilə bağlı izahatında göstərilənlər anlaşılan deyil. Beləliklə, 02 sentyabr 2022-ci il tarixli, saat 06:55-ə olan Roma-İstanbul reysi üzrə hərəkəti iddiaçılarla cavabdeh arasında razılaşdırılmış qaydada “X7”na məxsus təyyarə ilə həyata keçirməli olan iddiaçılar cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədən, onları vaxtında xəbərdar etməməsi, buna dair razılıqları alınmadığı halda həmin tarixdə, saat 14:45-də eyni istiqamətdə hərəkət edəsi “Pegasus” şirkətinə məxsus təyyarə ilə uçuşlarını davam etdirməli olmuşlar. Cavabdehin uçuş vaxtını və uçuşu həyata keçirən şirkəti dəyişdirməsi barədə iddiaçıların vaxtında məlumatlandırılmamaları, bu barədə razılığın olmaması işin halları ilə sübuta yetirilir. Cavabdeh tərəfindən biletlərin bron edilmə tarixlərinə olan qiymətləri barədə sübut məhkəməyə təqdim edilsə də, biletlərin alınmasına cavabdeh tərəfindən nə qədər pul ödənilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi çıxarış məlumatları ilə müəyyən edilir ki, 02 sentyabr 2022-ci il tarixə, saat 06:55-ə “X7” şirkətinin reysi ilə Roma-İstanbul istiqaməti üzrə biletin qiyməti 1 nəfər üçün 356,28 Avro, həmin günə saat 14:45-ə “Pegasus” şirkətinin reysi ilə bilet qiyməti 77,02 Avro olmuşdur. Həmçinin, cavabdeh tərəfindən “Pegasus” şirkətindən biletlərin 77,02 Avroya deyil, başqa məbləğə alınmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, biletlərin qiyməti arasındakı fərq 4 nəfərə görə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bu hissədə məhkəmə onu da qeyd edir ki, iddiaçılar cavabdehə pulu Azərbaycan manatı valyutası ilə verdiklərindən, biletlərin qiyməti Avro ilə hesablansa da, bilet qiymətləri arasında yaranmış 1117,04 Avroluq (356,28 - 77,02 = 279,26 x 4 = 1117,04) fərq bilet qiymətlərinin müəyyən edildiyi 02 sentyabr 2022-ci il tarixə Avronun Azərbaycan manatına olan nisbəti ilə Manatla cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 02 sentyabr 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan nisbəti 1,6948 olmuşdur. İddia tələbi maddi zərərin ödənilməsinə münasibətdə digər hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçılara daha nə kimi maddi zərər dəyməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki,... Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. ... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. ... Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, uçuş saatının, uçuşu həyata keçirən aviaşirkətin iddiaçıların iradəsi ziddinə cavabdeh tərəfindən dəyişdirilməsi, nəticədə iddiaçıların 8 saata yaxın vaxt itirmələri nəticəsində yarana biləcək əsəb-stress onların mənəvi zərərə uğraması nəticəsinə gəlməyə əsas verir və məhkəmə mənəvi zərərin miqdarını hər bir iddiaçıya görə 200 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, iddia qismən təmin edilməli, iddiaçılara dəymiş maddi zərərin əvəzi kimi 1893 manat, mənəvi zərərin əvəzi kimi isə iddiaçıların hər birinə 200 manat olmaqla cəmi 800 manat, beləliklə, ümumilikdə 2693 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı3 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat, mənəvi zərərin əvəzi kimi 800 manat olmaqla, ümumilikdə 2693 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar