Məhkəmə qərarları › İş №2(001)-7153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7153/2021

29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7153/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (X10 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.000 ABŞ dolları məbləğində pulun və cavabdehin təqsiri nəticəsində ona dəymiş 50.000 ABŞ dolları məbləğində pulun, ümumilikdə 66.000 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə X1 və vəsatətinə əsasən X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, X4 getmək üçün vizanın alınması məqsədi ilə Cavabdeh 31.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri, o cümlədən onu aldatması və reallıqda vizanın alınması üçün hər hansı işin görülməməsi nəticəsində xeyli məbləğdə əlavə maddi zərər çəkmişdir. Belə ki, qeyd edilən məbləğin cavabdehə göndərilməsi üçün onun maddi imkanı olmamışdır. Bu səbəbdən həmin pulun hissə-hissə cavabdehə göndərilməsini təmin etmək üçün müxtəlif şəxslərdən yüksək faiz dərəcəsi ilə borc almışdır. Sonradan həmin faizlərin və əsas borcların qaytarılmasında çətinliklərlə üzləşmiş və bu məbləğlərin qaytarılmasının təmin edilməsi üçün həyat yoldaşı ilə birlikdə mənzillərini, habelə 2 ədəd avtomobillərini satmış, maddi baxımdan həddindən artıq çətin vəziyyətə düşmüşlər. Həmçinin, məhkəmə qaydasında onun həyat yoldaşından tutulmuş borc məbləğini ödəyə bilmədikləri səbəbindən həyat yoldaşı inzibati qaydada həbs edilmişdir. Hazırda da borcları qalmaqdadır. Cavabdeh isə qeyd edilən məsələnin həll edilməsi üçün 31.000 ABŞ dolları məbləğində pulu ondan qəbul etməsinə baxmayaraq, həm məsələni həll etməmiş, həm də müxtəlif bəhanələrlə bu məbləği ona qaytarmaqdan yayınmış və yalnız onun aidiyyəti qurumlara etdiyi şikayətlər nəticəsində həmin borcun 15.000 ABŞ dolları hissəsini qardaşı X10 vasitəsi ilə qaytarmışdır. Digər məbləği isə hazırda da qaytarmaq istəmir. Halbuki, o, 24.12.2018-ci il tarixdə 1.000 ABŞ dolları, 25.12.2018-ci il tarixdə 1.174,40 ABŞ dolları, 07.01.2019-cu il tarixdə 2.000 ABŞ dolları, 02.02.2019-cu il tarixdə 1.700 manat, 04.02.2019-cu il tarixdə 1.455 ABŞ dolları, 1.400 manat, 100 manat, 06.02.2019-cu il tarixdə 100 ABŞ dolları, 24.02.2019-cu il tarixdə 100 ABŞ dolları, 23.08.2019-cu il tarixdə 2.450 ABŞ dolları, 20.12.2019-cu il tarixdə 310 ABŞ dolları, 30.12.2019-cu il tarixdə 500 ABŞ dolları olmaqla, ümumilikdə 8.089,40 ABŞ dolları və 4.200 manat məbləğində pulu köçürmə yolu ilə birbaşa cavabdehə göndərmiş, həmçinin, cavabdehin tapşırığı əsasında və ona verilməsi məqsədi ilə Kəmalə adlı şəxsə 30.11.2018-ci il tarixdə 5.000 ABŞ dolları, 11.01.2019-cu il tarixdə 1.500 ABŞ dolları, 2019-cu ilin aprel ayında 10.000 ABŞ dolları, və 2019-cu ilin yay aylarında 1.500 ABŞ dolları olmaqla, cəmi 18.000 ABŞ dolları, Nisə adlı şəxsə 850 manat və Atlas adlı şəxsə 250 ABŞ dolları məbləğində pul vermişdir. Bu məsələlərlə bağlı “whatssap” sosial şəbəkə vasitəsi ilə aralarında aparılmış yazışmada və göndərilmiş səs yazılarında cavabdeh ondan 31.000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmiş və həmin məbləği ona qaytaracağını bildirmişdir. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, Cavabdeh qardaşıdır, iddiaçı isə onların uzaq qohumudur. Cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək, ailəsi ilə birlikdə X4 getmək üçün vizanın alınmasına köməklik etməyi xahiş etmişdir. Cavabdeh də buna razılıq vermiş və vizanın alınması üçün depozitə pulun yerləşdirilməsinin və dövlət rüsumunun ödənilməsinin tələb olunduğunu bildirmişdir. İddiaçı da vizanın hazırlanması üçün cavabdehin verdiyi müvafiq bankın hesabına hissəhissə pul köçürmüşdür. Həmin pulların da bir hissəsi vəkilə xərclənmişdir. Lakin sənədlər hazır olmamış COVİD-19 virusunun yayılması ilə bağlı X4 gediş-gəlişə qadağa qoyulmuşdur. Cavabdeh tərəfindən də iddiaçıya bu barədə məlumat verildikdə o, artıq vizaya ehtiyacının olmadığını bildirmiş və göndərdiyi pulların qaytarılmasını tələb etmişdir. Halbuki, pulların bir hissəsi vəkilə xərclənmiş və bu səbəbdən ümumiyyətlə qaytarılmamalıdır. Cavabdeh də ona pulları hissə-hissə qaytaracağını bildirdikdə, iddiaçı buna razılaşmamış və bütün məbləğin qaytarılmasını tələb etmişdir. Lakin, yalnız göndərdiyi məbləği deyil, həmin məbləğə faiz də hesablamaqla xeyli artıq məbləği, yəni 31.000 ABŞ dolları məbləğində pulu hədə-qorxu, o cümlədən müxtəlif orqanlara şikayət etməklə tələb etməyə başlamışdır. Cavabdeh də həmin hədələrdən qorxuya düşərək, ilk öncə iddiaçının dedikləri ilə razılaşmışdır. Lakin sonradan cavabdeh vəkillərlə məsləhətləşmiş və ona pulun iddiaçının özünün razılığı ilə göndərildiyi izah edilmişdir. Bundan sonra iddiaçı polis orqanlarına müraciət etmiş və orada aparılmış araşdırma zamanı da cavabdehin hər hansı cinayət xarakterli əməlinin olmadığı müəyyən edilmişdir. Həmin vaxt da o, cavabdehin əvəzinə şəxsən və artıqlaması ilə, yəni pulun bir müddət cavabdehdə qalmasını da nəzərə alıb, ümumilikdə 15.000 ABŞ dolları məbləğində pulu müstəntiq Arif Qarayevin iştirakı ilə iddiaçıya ödəmişdir. Halbuki, iddiaçı cavabdehə ümumilikdə 12.300 ABŞ dolları məbləğində pul göndərmişdir. Lakin iddiaçı bundan sonra tələb etdiyi pulun məbləğini daha da artırmış və hazırda cavabdehdən 66.000 ABŞ dolları məbləğində pul tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs X2 lazımi qaydada məlumat verilmiş, lakin hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh isə Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə işə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və üçüncü şəxs X8 dinləyib, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qohumluq münasibətləri var. İddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikasında, cavabdeh isə ailəsi ilə birlikdə X3 yaşayır. Onların arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya ailəsi ilə birlikdə X4 gəlmək üçün vizanın alınmasında köməklik etməyə vəd vermiş və vizanın hazırlanması üçün iddiaçı cavabdehə hissə-hissə pul göndərmişdir. Hazırda iddiaçı bu münasibətlər çərçivəsində cavabdehə hissə-hissə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini, lakin nəticədə cavabdeh tərəfindən aldadıldığını, vizanın alınması ilə bağlı cavabdeh tərəfindən hər hansı işin görülmədiyini, cavabdehin bu məbləği qaytarmaqdan yayındığını və yalnız müxtəlif qurumlara etdiyi şikayətlər nəticəsində həmin pulun 15.000 ABŞ dolları hissəsinin cavabdehin qardaşı tərəfindən ona ödənildiyini, maddi imkanının olmaması səbəbindən 31.000 ABŞ dolları pulu digər şəxslərdən yüksək faiz dərəcəsi ilə borc aldığını, bu pulun 8.089,40 ABŞ dolları və 4.200 manat məbləğində hissəsini köçürmə yolu ilə birbaşa cavabdehə göndərdiyini, həmçinin, cavabdehin tapşırığı əsasında və ona verilməsi məqsədi ilə ümumilikdə 18.000 ABŞ dolları hissəsini Kəmalə adlı şəxsə, 850 manat hissəsini Nisə adlı şəxsə və 250 ABŞ dolları hissəsini Atlas adlı şəxsə verdiyini, borc aldığı bu məbləğlərin sonradan qaytarılmasının təmin edilməsi üçün həyat yoldaşı ilə birlikdə mənzillərini, habelə 2 ədəd avtomobillərini satdığını, hətta konkret şəxsdən alınmış borcun qaytarılmasını təmin edə bilmədiklərindən, həyat yoldaşının məhkəmə tərəfindən inzibati qaydada həbs edildiyini, hazırda da borc ödədiklərini, nəticədə ona 31.000 ABŞ dollarından əlavə 50.000 ABŞ dolları məbləğində maddi zərərin də vurulduğunu, bu məsələlərlə bağlı “whatssap” sosial şəbəkə vasitəsi ilə cavabdehlə aralarında aparılmış yazışmada və göndərilmiş səs yazılarında cavabdehin ondan 31.000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etdiyini və həmin məbləği ona qaytaracağına vəd verdiyini bildirir və cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun və cavabdehin təqsiri nəticəsində ona vurulmuş 50.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Üçüncü şəxs (cavabdehin qardaşı) iddianı qəbul etmir, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını, cavabdehin iddiaçının müraciəti əsasında ona ailəsi ilə birlikdə X4 getmək üçün vizanın alınmasında köməklik etdiyini, bu işlərin görülməsi üçün tələb edilən vəsaitin, o cümlədən dövlət rüsumunun iddiaçı tərəfindən müvafiq bankda olan depozit hesabına yerləşdirildiyini, həmin pulun bir hissəsinin vizanın hazırlanması üçün cavabdeh tərəfindən vəkillərə xərcləndiyini, ümumilikdə iddiaçı tərəfindən cavabdehə 12.300 ABŞ dolları məbləğində pulun göndərildiyini, lakin COVİD-19 virusunun yayılması ilə bağlı X4 gediş-gəlişə qadağanın qoyulması səbəbindən sənədlərin hazırlanmasının mümkün olmadığını, bu barədə iddiaçıya məlumat verildikdə onun artıq viza istəmədiyini söylədiyini və yalnız göndərdiyi məbləği deyil, həmin məbləğə faiz də hesablamaqla xeyli artıq məbləği, yəni 31.000 ABŞ dolları məbləğində pulu hədə-qorxu, o cümlədən müxtəlif orqanlara şikayət etməklə cavabdehdən tələb etməyə başladığını, iddiaçının həmçinin, polis orqanlarına müraciət etdiyini və orada aparılmış araşdırma zamanı da cavabdehin hər hansı cinayət xarakterli əməlinin olmadığının müəyyən edildiyini, həmin vaxt da cavabdehin əvəzinə şəxsən və artıqlaması ilə, yəni pulun bir müddət cavabdehdə qalmasını da nəzərə alıb, ümumilikdə 15.000 ABŞ dolları məbləğində pulu müstəntiq Arif Qarayevin iştirakı ilə iddiaçıya ödədiyini, bununla da cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Bu məsələ ilə bağlı iddiaçının cavabdeh barəsində etdiyi şikayət əsasında Səbail RPİ İstintaq şöbəsi tərəfindən aparılmış araşdırma çərçivəsində X9 verdiyi izahatında cavabdehi sahiblik etdiyi “Xatun” gözəllik salonunun müştərisi kimi tanıdığını, onun ailəsi ilə birlikdə X4 köçdüyünü, cavabdehin ona telefon vasitəsi ilə müraciəti əsasında tanımadığı bir qadından 850 manat götürdüyünü və cavabdehin tapşırığı əsasında Kəmalə adlı qadına verdiyini, bu qadınların ikisini də tanımadığını bildirmişdir. X5 isə verdiyi izahatında cavabdehi tanıdığını, aralarında yaxın rəfiqəlik münasibətlərinin olduğunu, cavabdehin ailəsi ilə birlikdə 2018-ci ilin əvvəllərində X4 köçdüyünü və hazırda orada yaşadığını, iddiaçını (İddiaçı) tanımadığını, heç vaxt görmədiyini, onunla heç vaxt görüşmədiyini və ondan hər hansı məbləğdə pul almadığını, əvvəllər həqiqətən də ***-***- **-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini, lakin İddiaçı ilə heç vaxt zəngləşmədiyini, X6 adını xatırladığını, ondan heç vaxt hər hansı məbləğdə pul almadığını, lakin bir dəfə cavabdehin onun adına göndərdiyi pulu “Xatun” gözəllik salonuna gedərək, orada işləyən bir qadına verdiyini göstərmişdir. Üçüncü şəxs X10 həmin araşdırma ərəfəsində iddiaçıya cavabdehin əvəzinə 15.000 ABŞ dolları məbləğində pul ödəmiş, həmçinin araşdırma zamanı məhkəmədə bildirdiyi fikirlərə oxşar məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair). Məhkəmə, iddia tələbinin “16.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər öz aralarında yaranmış münasibətləri necə adlandırmasından asılı olmayaraq, onların arasında hüquqi nəticə etibarı ilə şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçıya və onun ailəsinə X4 getmək üçün vizanın alınmasında köməklik etməyi öhdəsinə götürmüşdür. İddiaçı bu işin görülməsi üçün cavabdehə hissə-hissə ümumilikdə 31.000 ABŞ dolları məbləğində pulun real olaraq göndərildiyini, həmin pulun 15.000 ABŞ dolları hissəsinin aidiyyəti orqanlara etdiyi şikayətlərdən sonra geri ala bildiyini bildirir. Bu baxımdan iddiaçı hissə-hissə ümumilikdə 31.000 ABŞ dolları məbləğində pulun cavabdehə real olaraq göndərildiyini sübut etməli idi. İddiaçı da bu halın təsdiqi olaraq, ilk növbədə “whatssap” sosial şəbəkə vasitəsi ilə cavabdehlə alarında aparılmış yazışmanı və göndərilmiş səsli simarıcları təqdim edərək, bu yazışmalarda və səsli ismarıclarda cavabdehin ondan 31.000 ABŞ dolları məbləğində pul aldığını etiraf etdiyini və həmin məbləğin ona qaytaracağına vəd verdiyini bildirir. Halbuki, həm yazışmalardan, həm də səsli ismarıclardan cavabdehin ona iddiaçı tərəfindən ümumilikdə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini etiraf etməsi müəyyən edilmir. Ümumiyyətlə, yazışmaların tam mətni təqdim edilmir. Təqdim edilmiş yazışmalarda isə iddiaçı tərəfindən bir neçə dəfə borc məbləğinin 31.000 ABŞ dolları olması vurğulanır, lakin cavabdeh bu müraciətlərin hər hansı birində borcun məhz 31.000 ABŞ dolları olmasını etiraf etmir. Sadəcə olaraq borcla bağlı məsələni həll edəcəyini bildirir. Belə ki, 26.08.2020-ci il tarixə aid yazışmada iddiaçının “Sadəcə 31 min göndərilməsə məni ölmüş bil” müraciətinə cavabdeh “qoy sakit başa həll edim” məzmunda, 23.12.2020-ci il tarixə aid yazışmada iddiaçının “hansı pislikdən danışırsan 31 min dolları qaytar” müraciətinə “sənə deyən var qayıtmayacaq pulun” məzmunda, 24.12.2020-ci il tarixə aid yazışmada iddiaçının “amma vallahki 31 min dollardı göndərdiyim” müraciətinə “sənə nəsə danan var” məzmunda, 11.05.2021-ci il tarixə aid yazışmada “mən pul çıxartmayacam tam 31 min dollar olmayınca” müraciətinə “sənin Emin müəllimlə əlaqən nə” məzmunda cavab verir. 23.12.2020-ci il tarixə aid yazışmada isə iddiaçı cavabdehə “səni yükləyib neyləmişəm” ismarıcını göndərmişdir. Səsli ismarıcda isə bir dəfə cavabdeh “özümü öldürəcəm bəlkə, bəlkə özümü 31.000 eliyim” cümləsini işlədir. Bununla belə, cavabdeh iddiaçı tərəfindən ona ümumilikdə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini təsdiq etmir. Ümumiyyətlə tərəflər, xüsusilə də iddiaçı göndərilən məbləğin haqq-hesabını (müzakirəsini) aparmır, iddiaçı ümumilikdə 31.000 ABŞ dollarının qaytarılmasını tələb edir. Eyni zamanda, artıq yuxarıda qeyd edildiyi kimi iddiaçı “amma vallahki 31 min dollardı göndərdiyim” və 23.12.2020-ci il tarixə aid yazışmada “səni yükləyib neyləmişəm” cümləsindən istifadə edir ki, bu da bir daha tərəflər arasında haqq-hesabın aparılmadığına dəlalət edir və həqiqətən də iddiaçı tərəfindən cavabdehə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini şübhə altına alır. Yazışmanın tam mətninin olmaması isə bəzi, o cümlədən “səni yükləyib neyləmişəm” ismarıcına qiymət verilməsini qeyri-mümkün edir. Hər bir halda, bu cümlə tərəflər arasında yer almış konkret yazışmanın nəticəsidir. Bundan başqa 21.12.2020-ci il tarixə aid yazışmada iddiaçı cavabdehə “30 noyabr 2018-ci il Kəmaləyə 5.000 dollar verdim” ismarıcını göndərmişdir. Halbuki, iddiaçının məhkəmə iclasında verdiyi məlumata əsasən 21.12.2020-ci il tarixə iddiaçı istinad etdiyi Kəmalə adlı şəxsə artıq 18.000 ABŞ dolları məbləğində pul vermişdir. Belə olan halda, bu ismarıcda digər 13.000 ABŞ dollarının da məbləğ və tarix üzrə açıqlaması olmalı idi. Lakin həm belə bir açıqlamanın olmasını, həm cavabdehin buna münasibətini əks etdirən hər hansı yazışmadan çıxarış təqdim edilmir. Həmçinin, yazışmadan çıxarışda “30 noyabr 2018-ci il Kəmaləyə 5.000 dollar verdim” ismarıcı 21.12.2020-ci il tarixə aid olmasına baxmayaraq, bilavasitə onun üst tərəfində əks etdirilmiş məlumat (buraxılmış səsli zəng) 18.07.2019-cu il tarixə, onun üst tərəfində əks etdirilmiş ismarıclar isə 17.07.2019-cu il tarixə aidddir. Halbuki, həmin arada, yəni 17.07.2019-cu il tarixdən 21.12.2020-ci il tarixədək dövr ərzində də tərəflər arasında yazışmalar olmuşdur və bu halı təsdiq edən digər yazışmalar iddiaçı tərəfindən təqdim edilmişdir. Mövcud vəziyyətdə bəzi yazışmalar hansısa səbəbdən silinmişdir. Digər tərəfdən iddiaçı məhz təqdim etdiyi məlumatlara istinad edir. Lakin nəticə və məbləğ etibarı ilə həm yazışmalarda göndərilmiş kimi göstərilən, həm də səsli ismarıclarında göndərilmiş kimi səslənən ümumi məbləğ heç üçüncü şəxsin qeyd etdiyi 12.300 ABŞ dolları təşkil etmir. Nəzərə alınmalıdır ki, iddiaçı özü də etiraf edir ki, qeyd edilən münasibətlər çərçivəsində bilavasitə cavabdehin özünə onun "xxxx" ASC-də olan bank hesabı vasitəsi ilə cəmi 8.089,40 ABŞ dolları və 4.200 manat məbləğində pul göndərmişdir. Bu hal məhkəmənin müvafiq qərardadının icrası qaydasında cavabdehin bank hesabı vasitəsi ilə aparılan əməliyyatlar (pul köçürmələri) barədə "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından da öz təsdiqini tapır. Sadəcə olaraq iddiaçı cavabdehin tapşırığı əsasında və ona təqdim edilməsi üçün 31.000 ABŞ dolları məbləğində pulun 18.000 ABŞ dolları hissəsinin Kəmalə, 850 manat hissəsinin Nisə, 250 ABŞ dolları məbləğində hissəsinin isə Atlas adlı şəxsə verdiyini bildirir. Lakin iddiaçının şikayəti əsasında Səbail RPİ İstintaq şöbəsi tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış X5 İddiaçı tanımadığını, heç vaxt görmədiyini, onunla heç vaxt görüşmədiyini və ondan hər hansı məbləğdə pul almadığını, əvvəllər həqiqətən də ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini, lakin İddiaçı ilə heç vaxt zəngləşmədiyini, X6 adını xatırladığını, ondan heç vaxt hər hansı məbləğdə pul almadığını bildirmişdir. Nəticə etibarı ilə iddiaçının istinad etdiyi Kəmalə (X2) adlı şəxsə hər hansı məbləğdə pulun verildiyi və ya iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər çərçivəsində həmin şəxs tərəfindən cavabdehə bu məbləğin və ya onun hər hansı hissəsinin ötürülməsi öz təsdiqini tapmır. Hər bir halda, iddiaçı ilk öncə Kəmalə (X2) adlı şəxsə hər hansı məbləğdə pulun verildiyini sübut etməli və yalnız bu hal öz təsdiqini tapdıqdan sonra sübuta yetirilmiş məbləğin məhz cavabdehin tapşırığı əsasında verilməsi məsələsi araşdırılmalıdır. Məhkəmə o halı da qeyd edir ki, iddiaçı ümumilikdə cavabdehə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini iddia etsə də, onun təqdim etdiyi açıqlamaya əsasən (8.089,40 ABŞ dolları + 4.200 manat + 18.000 ABŞ dolları + 850 manat + 250 ABŞ dolları = 26.339,.40 ABŞ dolları + 5.050 manat (təxminən 2.970,60 ABŞ dolları) göndərilmiş məbləğ təxminən 29.310 ABŞ dolları təşkil edir. Başqa sözlə, iddiaçının özünün təqdim etdiyi hesablamada da ümumi məbləğ 31.000 ABŞ dolları təşkil etmir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə 31.000 ABŞ dolları məbləğində pulun göndərilməsi öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə bu məbləğdə pul göndərməmiş, iddiaçının cavabdehə göndərdiyi məbləğ isə tam (hətta bu məbləğdən də artıq məbləğ) ödənilmişdir. İddiaçının hazırda tələb etdiyi 16.000 ABŞ dolları məbləğində pulu bu münasibətlər nəticəsində ona vurulması ehtimal etdiyi məbləğ kimi də qiymətləndirmək olmur. Belə ki, iddiaçı ona 50.000 ABŞ dolları məbləğində maddi zərərin vurulduğunu iddia etməklə məhz bu məbləği ona vurulmuş maddi zərər kimi ayrıca olaraq cavabdehdən tələb edir. Məhkəmə, həmin tələblə bağlı qeyd edir ki, iddiaçı maddi imkanının olmaması səbəbindən cavabdehə göndərilməsini təmin etmək üçün başqa - başqa şəxslərdən yüksək faiz dərəcəsi ilə borc aldığını, sonradan həmin faizlərin və əsas borcların qaytarılmasında çətinliklərlə üzləşdiyini və bu məbləğlərin qaytarılmasının təmin edilməsi üçün həyat yoldaşı ilə birlikdə mənzillərini, habelə 2 ədəd avtomobillərini satdıqlarını, maddi baxımdan həddindən artıq çətin vəziyyətə düşdüklərini, məhkəmə qaydasında onun həyat yoldaşından tutulmuş borc məbləğini ödəyə bilmədikləri səbəbindən həyat yoldaşının inzibati qaydada həbs edildiyini, hələ də borclarının qaldığını bildirir və bu vəziyyətə düşməsini cavabdehlə əlaqələndirir. Lakin buna baxmayaraq, bu məqsədlər üçün və hər hansı dərəcə ilə faiz hesablamaq şərti ilə borc götürməsini, məhz bu məqsədlər üçün mənzilin və iki ədəd avtomobilin satılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Digər tərəfdən satılan avtomobillər iddiaçının həyat yoldaşına məxsusdur. Məhkəmə qaydasında tutulmuş borcun ödənilməməsinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı ilə də məhz iddiaçının həyat yoldaşı inzibati qaydada həbs edilmişdir. Bu da borc məbləğinin ona aid olmasını təsdiq edir. Buna baxmayaraq, qeyd edilən məsələlərlə bağlı vurulmuş zərər məbləğini iddiaçı təkbaşına mübahisələndirir. Həmçinin, 31.000 ABŞ dolları azərbaycan manatı ilə təxminən 53.000 manat təşkil edir. İddiaçı isə mənzilini 110.000 manata satdığını və bütün xərclər hesaba alınandan sonra 85.000 manat pulun onun sərəncamına verildiyini (alqı-satqı ilə bağlı 25.000 manat məbləğində xərcin olmasının özü inandırıcı deyil) bildirir ki, bu məbləğ də sözü gedən 31.000 ABŞ dolları məbləğində (reallıqda mövcud olduğu halda) borcun ödənilməsi üçün artıqlaması ilə yetərlidir. Hər bir halda, iddiaçı belə bir tapşırığı öz iradəsinə əsasən cavabdehə vermiş və cavabdeh tərəfindən məcbur edilməmişdir. Bu səbəbdən məhkəmə bu tələbi də əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar