Məhkəmə qərarları › İş №2(001)-7216/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7216/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7216/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1680/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Baki şəhər İcra Hakimiyyəti və X3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinə dair X1 və İstismarı idarəsi ilə X2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin qətnamə ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “ ... qanuni qüvvəsini almış məhkəmə aktları iddiaçı tərəfə xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək hüququ yaratsa da, (məhkəmə aktlarında göstərilən Cavabdeh1 adına olan sənədlər mübahisələndirilməmişdir) qaldırılmış iddianın dəlilləri və iddiaçı tərəfin bu iddia ilə bağlı izahatları sözügedən icarə müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır”. Hesab edirəm ki, hazırkı vəziyyətdə icarə müqaviləsi ilə birlikdə bağ sahəsinə dair verilmiş üzvlük kitabçası mübahisələndirilsə belə, bu xüsusat qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq qiymət verilmiş tələbin yenidən mübahisələndirilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə iddiaçının dəlilləri dəyişməmiş və hazırkı vəziyyətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması aşkardır. İddia ərizəsinin digər hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, iddia ərizəsində tərəflərin məlumatları Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələb etdiyi həcmdə qeyd olunmamış və nəticədə, məlumatlar tam və düzgün göstərilmədiyindən, cavabdehlərdən biri – Cavabdeh2 adında şəxsin mövcudluğu ümumiyyətlə “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ... olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qalan hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qalan hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılara izah olunur ki, bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu rüsumu ödəmiş İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar