Məhkəmə qərarları › İş №2(001)-7228/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7228/2021

22.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7228/2021 22.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair və Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı istifadə hüququnun itirilməsi və cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus ünvanında İddiaçı tərəfindən tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus, 33A saylı evində qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh həmin evə iddiaçının ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin evdə deyil, başqa evdə iddiaçının oğlu ilə ailəvi olaraq yaşamışdır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus, 33A saylı evə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin onun iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 741/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)- 4021/2021 saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən olnur ki, iddiaçının köçmək istədiyi ünvan 1 ünvanında yerləşən evə dair İddiaçı adına 1994-cü ildə texniki pasport tərtib olunmuş və texniki pasportda evin mülkiyyətçisi kimi İddiaçı göstərilmişdir. İşdə olan sənədlərdən, habelə iş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus, 33A saylı evdə yaşamamış, həmin evə iddiaçının yazılı razılığı əsasında qeydiyyata alınmışdır. Belə ki, cavabdeh özü də qarşılıqlı iddia ərizəsində həmin evdə deyil, başqa evdə yaşadığını göstərmişdir. Eyni zamanda, cavabdeh iddiaçının nə ailə üzvü, nə də ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində göstərilən başqa ailə üzvü deyil. Məhkəmə qeyd edir ki, ki, cavabdehin iddiaçıya məxsus evdə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə zəmin yaratmamışdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələbi cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus, 33A saylı evdən istifadə hüququnun itirilməsinə deyil, cavabdehin həmin evdə olan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, onun, qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq inzibati orqanına müraciət etmək, müraciəti təmin edilmədiyi halda isə həmin inzibati orqana qarşı inzibati icraat qaydasında müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar