Məhkəmə qərarları › İş №2(001)-725/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-725/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-725/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 410,80 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 431,20 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Atəşgah Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 410,80 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 431,20 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrində olan ümumi sanitar qavşağında su xətlərinin nasazlığı nəticəsində həmin ünvanda yerləşən Atəşgah Sığorta Şirkətində sığortalanmış X2 məxsus 110 saylı mənzilinə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14.07.2018-ci tarixli akta əsasən, X2 məxsus ünvan 3nə su sızması hadisəsi həmin yataqxana tipli binanın sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlaklarının yerləşdiyi mərtəbədə onların istifadəsində olan ümumi sanitar qovşağından olduğu məlum olmuşdur. Əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, ünvan 3nə 661 manat ziyan dəymişdir. 10.10.2018-ci il tarixli 056459 saylı sığorta aktına əsasən dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və sığorta məbləğinin bərpa olunması üçün lazım olan 0,20 manat çıxılmaqla 410,80 manat sığorta ödənişi Atəşgah Sığorta Şirkəti tərəfindən həyata keçirmişdir. Qeyd olunan su sızması hadisəsi nəticəsində Atəşgah sığorta şirkətinə dəymiş 410,80 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də ünvan 3nə dəymiş zərərə görə 410,80 manat sığorta ödənişi məbləği, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 431,20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Atəşgah Sığorta Şirkətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 25.11.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 41 saylı evin 216 saylı mənzilində qeydiyyatda olamqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Həmin binada yerləşən 217 saylı mənzil də ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə ikinci mərtəbədə yerləşən ümumi sanitar qovşağından uzun müddətdir istifadə etmir. Belə ki, o, mənzilində özünə məxsus sanitar qovşağı düzəltmiş, onun mənzilindən su axması baş verməmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 25.11.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 41 saylı evin 213 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır, mənzilə dair onun mərhum arvadının adına çıxarış vardır. O, ikinci mərtəbədə yerləşən ümumi sanitar qovşağından uzun illərdir ki, istifadə etmir. Belə ki, o, yaşadığı mənzildə özünə məxsus sanitar qovşaq düzəltdirmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və 3-cü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və 3-cü şəxs X3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5.-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.10.2017-ci il tarixli PX seriyalı № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. BA seriyalı 784223 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X5 məxsus Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 41 saylı evin 110 saylı mənzili Atəşgah Sığorta Şirkəti ASC-də daşınmaz əmakın icbari sığortalanması növündə 28.09.2017-ci il tarixdən 27.09.2018-ci il tarixə qədər sığortalanmışdır. Müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib olunan, tarixi olmayan, qüsur aktından müəyyən olunur ki, su basma nəticəsində Binəqədi rayonu Dərnəgül qəsəbəsi Kondisioner zavodunun yataqxanası ünvanında yerləşən Naibə Allahverdiyevaya məxsus yaşayış sahəsinə dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində və təqdim olunan materiallara əsasən baxış keçirmiş, məlum olmuşdur ki, beş mərtəbəli binanın birinci mərtəbəsinin sahəsi 42 m2 olan iki otaqlı mənzilinin qonaq otağına üst qatın sanuzel qovşağından su sızma nəticəsində mənzilin tavanı və divarı zədələnmişdir. Zədələnmiş sahənin təmiri bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 661 manat təşkil edir. Binəqədi rayon 78 saylı MKİS-nin 22 saylı 30.07.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Bəhlulzadə küçəsi 41 saylı binanın 110 saylı mənzilinin sahibi X4 mənzilinin üst mərtəbəsində, yəni 2-ci mərtəbədə ümumi sanitar qovşaqdan 212, 214 caylı mənzilin sahibi Cavabdeh1, 213 saylı mənzilin sahibi Cavabdeh2 və 216,217 saylı mənzilin sahibi Cavabdeh3 istifadə edir. 056459 saylı 10.10.2018-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC-də daşınmaz əmakın icbari sığortalanması növündə 28.09.2017-ci il tarixdən 27.09.2018-ci il tarixə qədər sığortalanmış X5 məxsus Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 41 saylı evin 110 saylı mənzili 10.01.2018-ci il tarixdə subasma nəticəsində zədələnmiş, dəymiş ziyanın məbləği 661 manat müəyyən edilmiş, dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 0,20 manat bərpa məbləği çıxılmaqla sığorta ödənişi 410,80 manat müəyyən edilməklə X5 ödənilməsi qərara alınmışdır. 11481 saylı 18.10.2018-ci il tarixli ödəniş tapşırığından və ödəniş tapşırığına əlavədən müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC sığorta ödənişinə görə X5 410,80 manat ödəmişdir. Binəqədi rayon 78 saylı MKİS-nin 29 saylı 15.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Bəhlulzadə küçəsi 41 saylı binanın 110 saylı mənzilinin üstündə yerləşən Cavabdeh3 məxsus ikinci mərtəbədə yerləşən 216,217 saylı mənzilin 110-cu mənzillə heç bir əlaqəsi yoxdur. Belə ki, 216,217 saylı mənzilin sahibi Cavabdeh3 binada olan ümumi sanitar qovşaqdan ailəsi ilə birlikdə istifadə etmir, öz mənzilində özünə məxsus ayaqyolu və hamam düzəltmişdir. Cavabdeh3 və onun ailəsi uzun müddətdir ki,özlərinə məxsus sanitaq qovşaqdan istifadə edirlər. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti E.Səidovun 16.04.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020ci il tarixli 2(001)-5644\2020 saylı qərardadına əsasən təyin olunan tikinti-texniki ekspertizasının aparılması üçün tədqiqat obyektinə baxış keçirilməsi üçün ünvan 3 ünvanına getsə də, mənzilin giriş qapısı bağlı olduğuna görə ekspertin və iddiaçının iştirakı ilə mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti E.Aslanlının 04.08.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 725\2021 saylı mülki işi üzrə 25.11.2020-ci il tarixdə təyin olunan tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi, mübahisəli mənzilin sahibi ilə əlaqə saxlanılarkən mənzil sahibinin onun və cavabdehin evində yaranmış qüsurların bərpa edildiyini və öz mənzilini başqa şəxsə satmasını bildirdiyindən, mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İlk növbədə iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində sığortalıya dəymiş zərərə görə sığorta ödənişi etdiyini, bu səbəbdən də cavabdehlərə qarşı subroqasiya hüququnun yarandığını iddia etsə də, cavabdehlərin hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsini təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iş üzrə iddiaçının tələbində istinad etdiyi halların müəyyən edilməsi məqsədi ilə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının məhkəməyə sübut növü olaraq təqdim etdiyi Binəqədi rayon 78 saylı MKİS-nin 22 saylı 30.07.2020-ci il tarixli məktubuna münasibət bildirib qeyd edir ki, bu məktubda qeyd olunan məlumatın bir hissəsi elə həmin Binəqədi rayon 78 saylı MKİSnin 29 saylı 15.10.2020-ci il tarixli məktubu ilə təkzib olunduğundan, məktubda qeyd olunanlar cavabdehlərin sığorta hadisəsinin baş verməsində təqsirlərinin sübuta yetirilməsi üçün kifayət edə biləcək sübut növü olmadığından məhkəmə bu məktubu mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığorta hadisəsinin cavabdehlərin təqsiri nəticəsində baş verməsini, yəni zərərin cavabdehlər tərəfindən vurulmasını sübuta yetirə bilmədiyindən iddia tələbləri tam həcmdə əsassızdır, ona görə tə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 410,80 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 431,20 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar