Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7250/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 250 manat məbləğində sığorta ödənişinin və 20,4 manat məbləğində dövlət rüsumunun əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 01 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Hyundai Veloster" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 31 may 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "Opel Astra" markalı 99 0T 496 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan avtonəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 250 manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi iddianı müdafiə etməklə yanaşı bildirmişdir ki, Cavabdeh Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 14 noyabr 2014-cü il tarixdə “B”, “B1” və “M” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilməsinə dair 14 noyabr 2024-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilsə də, o “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 35-1-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrini idarə olunması üçün sürücülük vəsiqəsini dəyişdirməli idi. Lakin Cavabdeh sürücülük vəsiqəsini dəyişdirmədiyinə görə onun sürücülük hüququ olmamış və sözügedən yol nəqliyyat hadisəsi avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və onun Rusiya Federasiyası tərəfindən 14 noyabr 2014-cü il tarixdə verilmiş “B”, “B1” və “M” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olan sürücülük vəsiqəsi vardır. Həmin sürücülük vəsiqəsi 14 noyabr 2024-cü il tarixədək etibarlı olduğundan 31 may 2021-ci il tarixdə baş vermiş hadisə zamanı o, avtomobili sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etmişdir. Ona görə də o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Отделением УФМС РОССИИ, По Ханты – Мансийский АВТ.ОКР-ЮГРА tərəfindən verilmiş 67 13 344733 nömrəli pasportun surətindən görünür ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. 14 noyabr 2014-cü il tarixdə, Ханты – Мансийский АВТ.ОКР-ЮГРА tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “B”, “B1” və “M” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var. Vəsiqənin etibarlılıq müddəti 14 noyabr 2024-cü il tarixədəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yolis İdarəsinin avtomobilin nəqliyyat hərəkətləri barədə məlumatlarının kompüter çıxarışının təsdiq edilmiş surətindən görünür ki, “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İcbari Sığorta müqaviləsinə dair 01 mart 2021-ci il tarixli PGU********** saylı məlumatdan görünür ki, “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 01 mart 2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi isə 01 mart 2022-ci ildir. Bakı şəhəri X10 İdarəsinin polis baş leytenantı X5 tərəfindən tərtib olunan inzibati xəta haqqında 31 may 2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri X10 İdarəsinin polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 31 may 2021-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 iyun 2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”ın təsdiq edilmiş surətindən görünür ki, “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli, PGU-211761 nömrəli sığorta ödənişi ilə bağlı aktının və 23 iyun 2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 31 may 2021-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 250 manat məbləğində zərər dəymişdir. Həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ödənilmişdir. 17 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 31 may 2021-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində Cavabdeh tərəfindən “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş, nəticə də “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 250 manat məbləğində zərər vurulmuşdur. Sonuncu avtomobilə dəymiş zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ödənilmişdir. Həmçinin, yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı, cavabdehdən subroqasiya qaydasında 250 manat məbləğində sığorta ödənişi tələb edərək, yol nəqliyyat hadisəsi baş verərkən cavabdehin avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etdiyini bildirir. Cavabdeh isə iddianı qəbul etməyərək, onun Rusiya Federasiyasının vətəndaşı olduğundan avtomobili də Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə görə sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 35-1-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. 35-1-ci maddəsinin İİİ hissəsinə əsasən bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Tədqiq edilmiş iş materiallarından göründüyü kimi, 31 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında idarə etməsi işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” qanunun 35-İ-ci maddəsinin İİ hissəsinə istinad edərək hesab etmişdir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili idarə etmək hüququ olmamış və bu səbəbdən iddiaçının subroqasiya hüququ yaranmışdır. Məhkəmə vurğulayır ki, “İcbari sığortalar haqqında” qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilmişdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olmaqla yanaşı, şəxsin onun idarə edilməsi və ya digər formada istismarı üçün xüsusi nəzəri və təcrübi bilikləri olmalıdır. Belə bilikləri olmayan şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırır və son nəticədə sığortaçının üçüncü şəxslər qarşısında məsuliyyətini əmələ gətirir. Sözügedən işdə cavabdehin Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Yol hərəkəti haqqında” qanuna əsasən onun Azərbaycan Respublikasında avtomobili idarə etmək hüququ ümumən tanınmışdır. Belə olan halda, onun avtomobili idarə etməyə nəzəri bilikləri və vərdişi olmuş, avtomobili idarə etməklə sığortaçının məsuliyyət riski, Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik şəxslərlə müqayisədə artmamışdır. Məhkəmənin qənaətinə görə “Yol hərəkəti haqqında” qanunun 35-İ-ci maddəsinin məqsədi nəqliyyat vasitələrini idarə edən şəxslərin uçotunu aparmaqdan ibarət olmuşdur. Əks halda, qanunvericiliklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün xüsusi qaydalar, o cümlədən şəxsin imtahan vermək, mütləq tibbi yoxlanışdan keçmək və s. tələblər müəyyən olunardı. Halbuki, “Yol hərəkəti haqqında” qanunun 35-İ-ci maddəsinin İİ hissəsinə görə sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Başqa sözlə, qanunvericiliklə belə şəxslərin nəqliyyat vasitəsini idarə etməyə nəzəri biliklərinin və praktiki vərdişlərinin yenidən yoxlanılması nəzərdə tutulmamışdır. Həmçinin, “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsinin İİİ hissəsi ilə sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılması da nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən yol-nəqliyyat hadisəsi törədilən zaman cavabdeh “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulduğu mənada Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarəetməyə hüququ olmayan şəxs hesab oluna bilməz və göstərilən vəziyyətdə sığorta şirkətinin subroqasiya hüququ yaranmadığından iddiaçının qeyd olunan maddəyə istinadən tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7250/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7250/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver