Məhkəmə qərarları › İş №2(001)-726/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-726/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-726/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı uşaqları və əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmalarına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 qarşı uşaqları və əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Dəmiryolu İdarəsinin Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən 659 saylı elektrik quraşdırma qatarının əmlakını özəlləşdirmişdir. Həmin ünvanda yerləşən və əsas sahəsi 710,9 m2, köməkçi sahəsi 967,9 m2 (ümumi sahəsi 1678,8 m2) olan 9 adda qeyri-yaşayış sahəsi (inzibati bina, anbar, sex, təmir emalatxanası, gözətçi məntəqəsi, mexanizasiya şöbəsinin binası) iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya xx.xx.1999-cu il tarixli 1119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış obyektlərinin yerləşdiyi 7120,4 m2 torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Dövlət Əmlak Komitəsi iddiaçı ilə icarə müqaviləsi bağlamış və iddiaçı hər ay 1082,5 manat icarə haqqı ödəyir. Özəlləşdirmədən sonra ərazidəki inzibati binada iddiaçının təsisçisi olduğu Kontur Arxitektura və Layihə-Sənaye Müəssisəsi fəaliyyət göstərmişdir. Məlum hadisələrlə əlaqədar işğal olunmuş rayonlardan olan bir ailə 1993-1994-cü illərdə gecə vaxtı heç bir icazə almadan müəssisənin boş anbarlarından birinə yerləşmişdir. İddiaçı vəziyyətin çətinliyini nəzərə alaraq onların orada yaşamasına etiraz etməmiş və həmin vaxt rəhbərlik etdiyi müəssisə də gəlirlə işlədiyindən onlara yardım göstərmiş və kommunal xərcləri də müəssisənin hesabına ödəmişdir. İddiaçı cavabdehlərin ailə üzvlərindən birini də müəssisədə işə qəbul etmişdir. Lakin hazırda müəssisənin təsisçisi dəyişmiş və başqa ünvanda fəaliyyət göstərir. İddiaçıya məxsus həmin obyektlərdə yerləşən köçkün ailəsinin sayı artıq 12-yə çatmış, cavabdehlər inzibati binadan başqa demək olar ki, bütün tikililəri zəbt etmişlər. İddiaçı mülkiyyətində olan tikililərdən və icarəsində olan torpaq sahəsindən heç cür istifadə edə bilmir, bu səbəbdən torpağın icarə haqqını ödəməkdə çətinlik çəkir. İddiaçı dəfələrlə könüllü olaraq tikililərin boşaldılmasını cavabdehlərdən xahiş etsə də, cavabdehlər müxtəlif bəhanələrlə bundan imtina edirlər. Həmin ailələr Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif yerlərdə mənzillə təmin olunmuşlar. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 uşaqları 2015-ci il təvəllüdlü X12, 2017-ci il təvəllüdlü X8, 2018-ci il təvəllüdlü X13, 2004-cü il təvəllüdlü X3 və 2005-ci il təvəllüdlü X4 əşyaları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. O, iddia tələblərini qəbul edir və dövlət tərəfindən müvafiq yaşayış evi ilə təmin olunduqları halda iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxmağa razıdır. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. Başqa yaşayış sahələri olmadığından iddiaçının mülkiyyətində olan sahəni tərk edə bilmirlər. Müvafiq yaşayış sahəsi ilə təmin olunduğu halda o, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxamağa etiraz etmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6, Cavabdeh6 və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh6 və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu sektorunun məlumatından müəyyən olunur ki, Zəngilan rayonunda qeydiyyatda olan məcburi köçkünlər 1951-ci il təvəllüdlü Cavabdeh1, 1955-ci il təvəllüdlü Cavabdeh2, 1975-ci il təvəllüdlü Cavabdeh3, 1983-cü il təvəllüdlü Cavabdeh4, 1986-cı il təvəllüdlü Cavabdeh5, 2015-ci il təvəllüdlü X12, 2017-ci il təvəllüdlü X8, 2018-ci il təvəllüdlü X13, 1977-ci il təvəllüdlü Cavabdeh6, 2004-cü il təvəllüdlü X3 və 2005-ci il təvəllüdlü X1 qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında məskunlaşmışlar. İcarəyəverən Azərbaycan Respublikası X11 Komitəsi ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 317/1432 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 m2 torpaq sahəsini xx.xx.2032-ci ilədək aylıq icarə haqqı 1082,5 manat olmaqla icarəçinin müvəqqəti istifadəsinə vermişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 30.03.99-cu il tarixli № 001119 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31-də yerləşən Dəmiryol İdarəsinin 659 saylı elektrik quraşdırma qatarın əmlakı İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər heç bir hüquqi əsası olmadan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində və istifadəsində olan torpaq sahəsində məskunlaşmışlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsini və istifadəsində olan torpaq sahəsini zəbt etmələri öz təsdiqini tapdığından iddiaçının tələbləri əsaslıdır ona görə də tam həcmdə təmin edilməlidir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə cavabdehlərin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilmələri üçün əsasdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X12, X8, X13, X3 və X4 əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 31 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 m2 torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar