Məhkəmə qərarları › İş №2(001)-7267/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7267/2021

05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7267/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilə dair ünvan 2500 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 410 saylı bağ sahəsinə dair Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1501 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini etibarsız hesab edilməklə, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə qızı Cavabdeh2 arasında bağlanan, Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqviləsini etibarsız hesab edərək, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi həmçinin müqavilələr etibarsız hesab edildikdən sonra qeyd olunan birgə nikah dövründə əldə olunan hər üç əmlakın Cavabdeh1 qız ilə aralarında ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 24 aprel 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və X8 doğulmuşdur. Arvadı Cavabdeh1 təkidi ilə öz mülkiyyətində olan və valideynlərindən ona miras qalmış bağ və mənzili oğlu Cavabdeh3 və qızı Cavabdeh2 adına bağışlama müqaviləsi ilə keçirmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh1 onu aldadaraq əmisi X2 bağışlama müqaviləsi əsasında ünvan 6ni 1998-ci ildə onun mülkiyyətinə vermiş elə həmin il o arvadının adına bağışlamışdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsi atası öləndən sonra anası və bacısı onun xeyrinə vərəsəlik paylarından imtina etdiklərindən onun adına vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan başqa ünvan 3 ünvanındakı mənzili mülkiyyətinə 1997-ci ildə alğı-satqı müqaviləsi əsasında keçirmişdir. Bakı şəhəri 51 saylı dövlət notaria kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1500 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 4 ünvanındakı mənzili ailə üvlərinin təkidi ilə Cavabdeh3 adına keçirilmişdir. Elə həmin gün Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1501 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə atasından ona miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsini arvadının təkidi ilə oğlu Cavabdeh3 adına keçirmişdir. Bundan başqa birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsini Cavabdeh1 Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qızı Cavabdeh2 adına keçirməklə birgə nikah dövründə əldə edilmiş əmlakdan onu məhrum etmişdir. Nəticədə onun heç bir əmlakı qalmamaqla yanaşı onu qaldığı evdən də, ailə üzvləri təhqir edərək çıxarmışlar. Buna görə o, məhkəməyə müraciət edərək, valideynlərindən miras qalan bağının ona qaytarılması və birgə nikah dövründə əldə etdikləri və hazırda qeydiyyatda olduğu ünvan 3 ünvanındakı mənzilə dair bağışlama müqaviləsi etibarsız hesab edilməklə birgə nikah dövründə əldə etdikləri üçün Cavabdeh1 ilə bərabər paylara bölünməsini xahiş edir. Cavabdehlər onu aldadaraq, etibarından sui-istifadə edərək, əmlaklarını ələ keçirmişlər. Ona psixoloji təsir etməklə aldatma yolu ilə bağışlama müqavilələrini bağlamağa nail olmaqla onu ağır vəziyyətə salmışlar. Onun nə valideynlərindən ona qalan bağları, əziyyətlə işləyib aldığı evi əlindən çıxmışdır. Çünki onun mülkiyyətində olan əmlakları başqa formada əldə edə bilməyəcəklərini bildiklərindən ona şər atmaqla əmlaklarını ələ keçirdikdən sonra onu evdən qovmuşlar. Bundan başqa Cavabdeh3 ünvan 3 ünvanındakı mənzili satışa qoymuşlar. Bu da bir daha sübut edir ki, keçmiş ailə üzvlərinin məqsədi əmlaklarını ələ keçirmək olmuşdur. Tərəflərin və proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı izahatlarında bildirmişdir ki, Cavabdeh1 onun başqa qadınla əlaqəsinin olmasını və həmin qadından uşağının olmasını irəli sürərək ona böhtan atmışdır. Bununla bağlı evlərində söz-söhbətlər yaranmış, o, da özünü təmizə çıxarmaq, söz-söhbətlərə son qoymaq üçün əmlakları övladlarına bağışlamağa məcbur olmuşdur. Cavabdeh1 ona təsir göstərmiş, onu aldadaraq əmlakların uşaqlara bağışlanmasına nail olmuşdur. O, əmlakları bağışlayandan sonra bir müddət söz-söhbətlərə son qoyulsa da, mübahisələri yenidən başlanmışdır. Cavabdeh1 və övladları onu təhqir etməyə, söyüşlər söyməyə davam etmişlər. Onlar onun başqa qadınla münasibətdə olmağını və ondan uşağının olmasını boynuna qoymaq istəmişlər. Lakin həmin qadın onun xəstəsi olmuş və aralarında dostluq münasibətləri yaranmışır. Pandemiya dövründə ona və uşağına ərzaq alaraq köməklik göstərmişdir. Avtomobilini ustaya aparmaq məqsədilə həmin qadın ona etibarnamə vermiş və avtomobili idarə edən zaman radara düşmüş və evlərinə bununla bağlı məktub gəlmişdir. Bundan sonra həyat yoldaşı ilə aralarında mübahisə yaranmış və o, həyat yoldaşına həmin xanımla dostluq münasibətinin olduğunu izah etməyə çalışmış, lakin söz söhbətlər səngiməmişdir. Bundan sonra o, özünü sübut etmək və adını təmizə çıxarmaq üçün bütün əmlaklarını uşaqlarına bağışlamışdır. Bunu Cavabdeh1 təkidi ilə etmiş və onu inandırmaq üçün Cavabdeh1 da öz adında olan əmlakını qızlarının adına bağışlama ilə keçirmişdir. Əmlakları bağışladıqdan sonra uşaqların ona olan münasibəti dəyişdiyindən, ona ata kimi hörmət etmədiklərindən o aldadıldığını anlamışdır. Deməli həyat yoldaşının və uşaqlarının niyyəti onun adına olan əmlakları ələ keçirmək olmuşdur. İndiki vəziyyətdən daha əvvəl xəbərdar olsaydı, o əmlakları bağışlamazdı. Evlərində yaranmış münaqişələrdən sonra o ayrı yaşamağa qərar vermişdir. O, ailənin böyüyü kimi Elmiranın dayısına və öz əmisinə müraciət etmişdir ki, məsələni həll etsinlər, lakin Elmira razı olmamış və onları qəbul etməmişdir. O, belə təklif edirdi ki, yaşadıqları Azadlıq prospektində yerləşən mənzil satılsın və ona heç olmasa 1 otaqlı ev alınsın, o ayrı yaşasın. Elmira onunla razılaşmamışdır. Ona ev versəydilər məhkəməyə iddia verməzdir. Onu da qeyd edir ki, o, 4 ay qabaq Elmira xanımla aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə iddia vermişdir. İddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elmiranın dediyi qadınla onun yaxın münasibəti olmayıb. Sadəcə olaraq azyaşlı uşağı ilə təkbaşına qaldığı üçün ona köməklik göstərmişdir. Elmira ona heç vaxt əmlakları onun adına keçirməyi təklif etməyib. Sadəcə deyib ki, hər ikisi əmlaklarını uşaqlarına bağışlasınlar. O, onlardan yaşadığı evi satıb, özünə 1 otaqlı ev alınmasını istəmişdir. Bu məsələ bu ilin yaz aylarında olub.Bundan başqa onların Yasamal rayonunda MİDA (Mənzil İnşaat Dövlət Agentliyi) tərəfindən tikilən binadan mənzilləri olmuşdur ki, onu da qızının adına bağışlamışdır. Lakin sonradan həmin bağışlama müqaviləsi ləğv edilmişdir. Ev bu yaxınlarda ½ hissədə aralarında bölünmüşdür. Elmira ona demişdir ki, əmlakları uşaqlara bağışla, özünə inam yarat, nəticədə ailəni bərpa edək. Həmin vaxt o ailənin dağılmasını istəmədiyindən ona görə də, razılaşmışdır. Aralarında mübahisəyə səbəb olan qadın hələ də onun dostudur. Aralarında sadəcə dost münasibəti var.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında münasibətin gərgin olduğu vaxtlarda iddiaçı xalası oğlu Elçindən avtomobilini idarə etmək üçün etibarnamə almışdır. Elmira xanım iddiaçıya təklif edib ki, birlikdə yaşamalarını istəyirsə, əmlakları uşaqlarına bağışlamalıdır. Tərlan müəllim də özünü sübut etmək üçün mənzilləri bağışlamışdır.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, Tərlanın başqa qadınla əlaqəsi olduğunu iddiaçının özü tərəfindən eşitmişdir. Tərlanın həmin dövrdə ona olan münasibəti dəyişmiş, onu təhqir etməyə başlamışdır. Tərlanın sürdüyü maşın onun adına idi, maşını etibarnamə ilə sürürdü. O, etibarnaməni ləğv etdirmiş və maşınla bağlı polisə şikayət etmişdir. Maşın daha sonra məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünmüşdür. O, heç vaxt Tərlana “əmlakları bağışla, sənə inanım” deməmişdir. Onlar valideyn kimi adlarına olan əmlakları uşaqlara bağışlayanda Tərlan onlarla birlikdə yaşayırdı. Başqa qadın məsələsi daha əvvəl olmuş və Tərlan artıq o qadınla görüşməyəcəyini bildirdiyindən münasibətləri normallaşmışdır. Bağışlama müqavilələri bağlandıqdan sonra Tərlanla evlərində qonaqlıqlar təşkil etmiş, hətta Yeni il bayramını da bir yerdə qeyd etmişlər. O, Tərlanın qadın dostu ilə telefon vasitəsilə danışmış, həmin vaxt o, Tərlanı aldatdıqlarını demişdir. Tərlanla ailə münasibətləri yaxşı olmuşdur. Onlar Moskvada tanış olub, ailə qurmuşlar. Övladları orada anadan olmuşdur. 1997-ci ildə Bakı şəhərinə köçmüşlər. Onlar gələndə bağın yeri yalnız torpaq sahəsindən təxmini 40-45 sot ərazidən ibarət olmuşdur. Onlar birgə bağı tikməyə başlamışlar. Qaynatası rəhmətə gedəndə qaynanası Tərlanın xeyrinə əmlakdan imtina etmiş və bağ sahəsi Tərlanın adına keçmişdir. Həmin vaxt bir şəxsin adına birdən çox bağ sahəsi rəsmiləşdirilə bilmədiyindən 25 sot Tərlanın adına, 15 sot isə onun adına rəsmiləşdirilmişdir. Həmin bağ sahəsini birgə qazancları hesabına tikmişlər. Son illərdə Tərlanın ona qarşı əsəbi olduğunu və fərqli davrandığını müşahidə etmişdir. Tərlanın özü ona xəyanət etdiyini demişdir. Tərlan ona pul lazım olduğu üçün maşınını, daha sonra Azadlıq prospektindəki yaşadıqları mənzili satmaq istəyirdi. O, ailəsi ilə birgə yaşamaq istəmirdi. Onlar da mənzili satıb ona ev almaq istəmişlər. Ona görə də maklerdən mənzilin qiyməti ilə maraqlanmışlar. Makler də mənzilin real qiymətinin, satış potensialının müəyyən edilməsini bilmək üçün internet səhifəsində elan yerləşdirmişdir. Onlar Tərlanı evdən çıxarmamışlar, əksinə Tərlan özü evi tərk edib getmişdir. Nikahın pozulmasını da Tərlan tələb etmişdir. Eyni zamanda Tərlan bağışlanan əmlaklardan istədiyi yerdə yaşaya bilər. Ona heç kimi mane olmur.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, atasının başqa qadınla münasibəti olmuşdur. O, atasının maşınında əlavə 4 ədəd telefon tapmışdır. Telefonun birini açan zaman orada həmin qadınla olan yazışmaları görmüşdür. Atası anasını təhqir edib, dava-dalaş salmış və daha sonra evi tərk edib getmişdir. O, heç vaxt atasına deməmişdir ki, evi ona bağışlasın. Atası evi satıb özünə düşən payı ona vermələrini istəyirdi. Bu məqsədlə anasının dayısı və atasının əmisini evlərinə göndərmişdir. Lakin özləri onların ailə məsələlərinə qarışmalarını istəməmişlər. Atası onlara demişdir ki, analarının tərəfində olduqları üçün onlara verdiklərini geri alacaq. Onlar atalarını evdən çıxarmamışlar. Atasının özünün açarı var və evə gəlib-gedir. Hazırda evdə anası və o qalır. Bacıları Rusiyadadır və Bakıya gələndə də həmin evdə qalırlar. Ev 3 otaqlıdır. Əgər atasını evdən çıxarmaq istəsələrdi, qapının kilidini dəyişərdilər, lakin kilid dəyişməyib. Həmçinin blokda kamera quraşdırılmışdır. Həmin kameraya baxılsa, atasının evə gəlib-getdiyi müəyyən olunar. Atasının məqsədi evi satmaq, özünə ev alıb onlardan ayrılaraq getməkdir. Onlar evi satıb atasına düşən payı verməyə razı olmuşlar.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi, vəkili X9 bildirmişdir ki, onlar iddia tələbini qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Əlavə olaraq bildirmişdir ki, iddiaçı özü tərəfindən ailə münasibətlərini qəsdən pozduqdan sonra boşanmaq qərarına gəlmiş və bununla bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı könüllü şəkildə bağışladığı əmlaklara yenidən sahiblənmək üçün hazırki iddia ilə müraciət etmiş, ailə üzvlərinin onu təhqir edərək yaşadığı evdən çıxardıqlarını göstərmişdir. İddiaçı bağışlama müqavilələrini imzalayarkən heç bir məcburiyyətə məruz qalmamışdır. İddiaçı aldadılmasının, bağışlama məcburiyyətinin, onun etibarından sui-istifadə edilməsinin, ona psixoloji təsir göstərilməsinin nədən ibarət olmasını göstərə bilməmiş, sadəcə uydurulmuş sözlərdən ibarət, əsassız iddia qaldırmışdır. Bağ sahələri iddiaçının valideynlərinə məxsus olub və bir hissəsi iddiaçının, digər hissəsi Elmira xanımın adına rəsmiləşdirilmişdir. İddiaçını heç kim öz evindən çıxarmamışdır.

8. Bundan başqa cavabdehlərin nümayəndəsi, vəkili X9 iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız olaraq iddiasında göstərmişdir ki, guya arvadı Cavabdeh1 onu 1998-ci ildə aldadaraq 411 saylı bağ evinin ona bağışlanmasına nail olmuşdur. Digər əmlakları isə övladlarına bağışlamaq məcburiyyətində qalmışdır. Cavabdehlər onu adadaraq, etibarından sui istifadə edərək, əmlaklarını ələ keçirmiş ona psixoloji təsir göstərmişdirlər. Bu tam yalan olmaqla, uydurulmuş iddiadır. İddiaçı ali təhsilli həkimdir. Əmlakını övladına bağışlaması üçün onu heç kim məcbur etməmişdir. Hər iki valideyn özləri bunu arzu edərək, öz iradələri əsasında notarius kontoruna gedərək iradələrini ifadə etmişlər. Hətta əmlaklarını oğullarına və qızlarına bağışlamalarının sevinci olaraq notarius çıxışında xatirə şəkil belə çəkmişlər. İddiaçının əmlakı bağışlama məcburiyyətində olmasını, aldadılmasının, etibarından suiistifadə etməsinin, ona psixoloji təsirin və digər xüsusatları bildirməsi tam əsassızdır və həqiqəti əks etdirmir. Bu halların nədə özünü göstərməsini belə göstərməmişdir. Nardaran qəsəbəsində olan 411 saylı 0,15 ha torpaq sahəsi 21 iyun 2001-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismar birliyi komissiyasının sərəncamı ilə Cavabdeh1 adına bağın icarəyə verilməsi haqqında 7840 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.Sonradan həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. Bundan başqa Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi 21 iyun 2001ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə Təlan Əliyevin ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir. Hazırda İddiaçı ünvan 5 ünvanında yerləşən 60,5 kv/m sahəsi olan yaşayış evində yaşamasına heç kim maneə törətmir. MM-nin 668-ci maddəsinə əsasən bağışlama o halda etibarlı hesab edilir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlanma müqaviləsi notariat qaydada təsdiqlənsin. Göründüyü kimi hər 3 müqavilətərəflərin könüllü razılığı əsasında 51 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. İşin hallarından da göründüyü kimi, bütün bağışlamalardan imtina üçün məcəllənin bu maddəsində göstərilmiş şərtlər mövcud deyildir. Bağlanmış əqdlər üzrə MM-də göstərilmiş şərtlərin heç biri cavabdehlər tərəfindən pozulmamışdır. İddiaçı MM-nin 157.2-ci maddəsinə istinad edərək oğlu və qızının özü tərəfindən könüllü olaraq bağışladığı əmlaklara qanunsuz sahibləndiklərini bildirərək əmlakını geri tələb edir. Lakin notariat kontorunda bağışlama müqaviləsi əsasında əldə edilmiş əmlakın qanunsuz əldə edilmiş əmlak hesab edilməsi əsassızdır. İddiaçı MM-nin152-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə mülkiyyət hüququ subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur ki, İddiaçı öz qorunan hüququndan istifadə etməklə dövlət notariat kontoruna gedib, könüllü olaraq iradəsini ifadə etməklə əmlakını övladlarına bağışlaması barədə əqd bağlamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və onların nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmişlər. Lakin cavabdehlərin nümayəndəsi, vəkil məhkəməyə teleqram ünvanlayaraq cavabdehlər koronavirusa yoluxduqlarından məhkəmə prosesində iştirak edə bilmədiklərini və məhkəmə iclasının 15.11.2021-ci il tarixindən sonrakı vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin və nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən Bakı şəhəri 51 saylı dövlət notariat kontoru nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki işin baxılmasını üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçının anasıdır. Elmira onunla və onun oğlu ilə yola getməmişdir. 2020-ci ilin dekabr ayında Elmira ona zəng vuraraq bildirmişdir ki, Tərlandan boşanmaq istəyir, çünki Tərlan başqa şəxslərə qoşulub. Həmçinin qeyd etmişdir ki, yaxşı ki, Tərlanı yola gətirmiş və əmlakları uşaqların adına keçirmişdir. Bildirmişdir ki, o, artıq sakit yaşamaq istəyir. Əmlaklar da, uşaqların adınadır. İndi Tərlan istəsə onlarla qalar, istəsə başqa yerə gedə bilər. Elmira Tərlanı aldadıb. Özü deyib ki, Tərlanı yola gətirib və əmlakları uşaqların adına keçirib ki, əmlaklar əldən çıxmasın. Elmiranın özü oğluna notariusdan çıxanda bildirib ki, hara istəsə gedə bilər. Şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, Elmira başqa qadına görə əmlakları uşaqların adına keçirdiyini deməmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, o, tərəfləri 2021-ci ilin yanvar ayında və sonrasında 2 dəfə barışdırmışdır. Lakin tərəflər yenə yola getməmişlər. Cavabdehlərin məqsədi Tərlanı bayırda qoymaq olmuşdur. Oğlu özü atasına demişdir ki, onu məhkəmələrdə süründürəcəklər. Cavabdehlər bağışlama müqaviləsini bağlamaq üçün Tərlanı təhrik etmişlər. Belə ki, özlərinin Tərlana inanmaları üçün əmlaklarını bağışlamağı təklif etmişlər. Onların əsas məqsədi əmlakları ələ keçirmək olmuşdur. O, özü Elmira ilə danışmaq, görüşüb məsələni həll etmək istəsə də, Elmira onunla danışmamaq və görüşməmək üçün bəhalər irəli sürmüşdür. Tərlanı öz evində yaşamağa qoymurlar. Evdə hər zaman dava-dalaş salırlar. Tərlanı şantaj ediblər ki, digər qadın əmlaklarını ondan alacaq. Tərlan da öz adına olan əmlakları uşaqların bağışlamağa məcbur olub. Onu özü isə tərəflər arasında məsələnin bu həddə gərgin olduğunu bağışlama müqaviləsi bağlandıqdan sonra bilmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, o, hazırki iş üzrə iddiaçı olan Tərlanın bibisi oğludur. O, keçən ilin yay aylarından onların bağında işləyir. Elmira xanımın özü ona demişdir ki, Tərlanla araları yoxdur. Özü onları barışdırmağa cəhd etsə də buna nail olmamışdır. Keçən ilin payızında Tərlan ona demişdir ki, əmlakları uşaqlara bağışlamışdır. Elmira xanımın əmlakları bağışlaması üçün Tərlanı məcbur edib-etmədiyini bilmir. Ama Elmira xanım onunla danışanda demişdir ki, əmlakları Tərlandan alacaq. Başqa qadının olub-olmadığından məlumatı yoxdur. Ama Elmira xanım özü qısqanclıq edirdi. Tərlan isə baş verənlərə münasibətdə sadəcə qeyd etmişdir ki, əmlaklarını uşaqlarına bağışlayıb. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elmira xanım əmlakları Tərlanın əlində alacağını ona sentyabr ayında demişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçı, onun xalası oğludur. 2020-ci ilin oktyabr ayında Tərlan onun yanına gələrək, ailəsində problem olduğunu və ona maşınını idarə etmək üçün etibarnamə verməsini istəmişdir. Tərlan özü isə istifadəsində ona maşını ailəsinə vermişdir. Başqa məsələlərdən xəbəri yoxdur. Başqa qadının olub-olmamasından xəbərsizdir. Sadəcə Tərlanın ailəsində söz söhbət olduğunu bilmişdir. Tərlanı yaşadığı evdən qovmuşlar. 2020-ci ilin dekabr ayında Tərlan onların evində də bir müddət qalıb. Ola bilsin həmin dövrdə də onu evdən qovmuşlar. Məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar:

15. İddiaçı ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verir.

16. İddiaçı, Cavabdeh1, X8 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verənlər İddiaçı, Cavabdeh1, X8 və Cavabdeh2 ünvan 7 üzərində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verirlər. Müqavilə bağlanan zaman Cavabdeh2 adından və X3 adından X10 çıxış etmişdir.

17. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan 27.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir.

18. Bakı şəhəri 51 saylı notariat ofisinə vermiş olduğu elektron ərizəsində arvadı Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,15 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazının olmadığını və bununla razı olduğunu bildirmişdir.

19. 21 iyun 2001-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismar birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 411 saylı 0,15 ha torpaq sahəsi Cavabdeh1 adına bağın icarəyə verilməsi haqqında 7840 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir.

20. 21 iyun 2001-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə Təlan Əliyevin ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir.

21. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birbirlərinin ailə üzvləridirlər. Belə ki, iddiaçı Cavabdeh1 əri, Cavabdeh2 və Cavabdeh3 isə onun Cavabdeh1 ilə olan nikahından doğulan uşaqlarıdır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir.21 iyun 2001-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə Təlan Əliyevin ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir. İddiaçı, Cavabdeh1, X8 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 7 üzərində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verilmişdir. Tərəflər arasında mübahisənin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı alğı-satqı və vərəsəlik yolu ilə əldə etmiş olduğu əmlakların cavabdehlər tərəfindən aldadılaraq, sonunculara bağışlandığını, nəticədə mülkiyyətçi olaraq əmlakına olan hüquqlarından və əmlaklarından məhrum olduğunu iddia edir. Cavabdehlər isə iddia tələbini qəbul etmir. Hüquqi dəyərləndirmə:

22. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354, 422, 673, 157, 1091-ci maddələrinə istinad edir.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

24. İddiaçı Mülki Məcəllənin müqavilənin ləğvi və bağışlama müqaviləsindən imtina barədə normalarına istinad etsə də, iddiaçının və onun nümayəndəsinin və istinad etdiyi hallardan müəyyən olunur ki, onun tələbinin faktiki əsasını müqavilənin aldadılmaqla, zorakılıqla, məcburetmə ilə bağlanmasına əsasən etibarsız hesab edilməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla ər-arvadın ümumi birgə mülkiyyəti kimi paylarının müəyyən edilməsi təşkil etmişdir.

25. Odur ki, iddia tələbinin qanuni əsasının tapılması baxımından iddiaçının da iddia ərizəsində qeyd etdiyi aşağıdakı maddi hüquq normalarına diqqət yetirək.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsubı əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; - 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; - 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; - 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; - 339.6-cı maddəsinə əsasən Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; - 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; - 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; - 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; - 668.1.1-ci maddəsinə əsasnə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; - 669-cu maddəsinə əsaəsn nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər; - 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. - 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmənin əsaslandırması

27. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 339-cu maddəsi təşkil edir.

28. İddiaçı iddia edir ki, keçmiş həyat yoldaşı Cavabdeh1 ona psixoloji təsir etmişdir, əmlakların bağışlanması halında söz-söhbətlərə son qoymaq vədi ilə aldatmışdır və nəticədə o, özünü sübut etmək üçün mübahisənin obyekti olan əmlakları digər cavabdehlərə, yəni uşaqlarına bağəşlamışdır. Eyni zamanda Cavabdeh1 da birgə nikah dövründə əldə etdikləri əmlakı Cavabdeh2 bağışlamışdır. Halbuki həmin əmlak ona vərəsəlik qaydasında keçmiş və o həmin əmlakı, yəni ünvan 6ni arvadı Cavabdeh1 1998-ci ildə bağışlamışdır.

29. İşin hallarından göründüyü kimi ayrı-ayrılıqda 3 bağışlama müqaviləsi mübahisələndirilir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 158, mənzil 19-la bağlı olan 31.10.2020-ci il tarixli “Bağışlama müqaviləsi”-nə və ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ilə bağlı 31.10.2020-ci il tarixli “Bağışlama müqaviləsi”-nə münasibətdə iddiaçı ümumi birgə mülkiyyətçi kimi hədiyyə verən qismində müqavilə tərəfi olmuşdur. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsi ilə bağlı 27.01.2020-ci il tarixli “Bağışlama müqaviləsi”-nə münasibətdə iddiaçının hüquqi statusu müəyyən edilmir. Belə ki, həmin torpaq sahəsi iddiaçının da bildirdiyinə görə Cavabdeh1 onun tərəfindən 1998-ci ildə bağışlanmışdır. Buna baxmayaraq həmin müqavilə bağlanan zaman iddiaçının da notarial qaydada razılığı alınmışdır.

30. Bu baxımdan məhkəmə iddia tələbi üzrə əsaslandırmanı iki hissəyə ayırır və ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edir.

31. 31.10.2020-ci il tarixli müqavilələr üzrə iddiaçı müqavilələrin etibarsızlığını tələb edir və sübutetmə yükünün bölgüsü baxımından o, müqavilə bağlanan zaman iradə ifadəsinin zədələnmiş olduğunu sübut etməlidir.

32. İddiaçı iradə ifadəsinin zədələnmiş olmasını onunla əsaslandırır ki, müqavilələr bağlanmamışdan əvvəl arvadı Cavabdeh1 tərəfindən həm aldadılmış, həm də psixoloji təzyiqə məruz qalmışdır. Bununla bağlı o, sübut kimi yalnız şahid ifadələrinə və Azadlıq prospektində yerləşən evlə bağlı internet saytında yerləşdirilmiş elana istinad edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında(N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) qeyd edilmişdir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, alğı-satqı müqaviləsi tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur.

34. Sadalanan normaların məzmunundan da müəyyən edildiyi kimi əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

35. Hazırki tələbdə əqdin forma və məzmunu mübahisələndirilməmiş və bununla bağlı mübahisə yoxdur.

36. İşin hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında ər-arvad münasibətlərindən irəli gələn mübahisələr olmuşdur. Lakin iddiaçı könüllü şəkildə özünü sübut etmək üçün müqavilə bağlamaq istəmiş və könüllü şəkildə nikahın pozulması barədə iddia qaldırmışdır. Bağışlama baş tutduqdan sonra ailədə mübahisənin bitməməsi iradə ifadəsi edilən zaman onun zədəli olması nəticəsini doğurmur. Belə ki, əqdin etibarlılıq şərti onun bağlanması anında olan iradə ifadəsinin həqiqiliyi və vahidliyi ilə bağlıdır.

37. Belə ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

38. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

39. Bundan başqa üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər.

40. Göründüyü kimi iddiaçı onun Cavabdeh1 tərəfindən aldadıldığına istinad etsə də, işin hallarından görünür Cavabdeh1 həmin müqavilələrin bağlanması nəticəsində əmlak aktivi artmamış, əksinə o da əmlakını qızına bağışlamışdır. Üstəlik nikahın pozulmasını o(Cavabdeh1) tələb etməmiş, ailə münasibətlərinin qorunub saxlanmasına çalışmışdır.

41. İddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri tərəflər arasında ailə münaqişəsinin olduğunu təsdiq edir, lakin iradə ifadəsinin zədələnmiş olmasını təsdiq etmir. Həmin ifadələr ehtimallara əsaslanan şəxsi qənaət məzmunundadır.

42. X19 Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

43. O cümlədən bağışlamanın predmeti olan mənzilin satışı ilə bağlı elan verilməsi də müqavilənin aldadılmaqla bağlanmasını təsdiq etmir. (Bax 36 və 37)

44. Göstərilənlərə əsasən iddiaçının aldadıldığına dair istinad etdiyi hallar tədqiq edilmiş sübutlar əsasında öz təsdiqini tapmır.

45. İddiaçı ona psixoloji təzyiq göstərilməsi ilə bağlı istinad etdiyi hala dair isə əsaslı sübut təqdim etməmişdir. Halbuki psixoloji təsir zorakılığın bir forması olmaqla, özünü sistemli şəkildə müəyyən hərəkətlərlə və digər şəkildə şüuraltına təsir etməklə biruzə verə bilər. Lakin hazırki mübahisədə sistemli və planlı şəkildə hər hansı psixoloji təzyiq halı müəyyən edilmir. Yaranmış mübahisə sırf ər-arvad arasında olan ailə münasibətlərindən irəli gəlmişdir.

46. Bundan başqa, işin hallarından müqavilə tərəfi olmayan Cavabdeh1 mənfəət götürmək məqsədi ilə və ya iddiaçının ağır vəziyyətindən istifadə etməklə iddiaçını ağır şərtli əqdə məcbur edilməsi də sübut olunmur. Çünki ər-arvad arasında yaranmış mübahisənin alternativ həlli yolu yalnız bağışlama formasında əqdin bağlanmasından keçmirdi. Üstəlik özünü sübut etmək məqsədilə əqdin bağlanması şəxsin açıq iradə ifadəsinin təzahürüdür.

47. İşin hallarından müəyyən edilən odur ki, iddiaçı öz ailəsinin gözündə nüfuzdan düşməsinə qarşılıq bağışladığı əmlakları geri almaqla onları cəzalandırmaq niyyətindədir. Lakin əqdin etibarsızlığı(aldadılmaqla, hədə, zorakılıq) cəza mexanizmi olmamaqla, şəxsin əqd bağladıqdan sonra təəssüf hissinin realizə edilməsi üsulu deyil, əqd bağlandığı anda iradə ifadəsinin zədəli olmasının hüquqi nəticəsidir.

48. İddiaçının Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan 27.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığını irəli sürməsi tələbi də məhkəmə üçün anlaşılan deyildir.

49. Belə ki, həmin müqavilənin predmeti olan daşınmaz əmlak Cavabdeh1 məxsus olmuş və onun mülkiyyətinə 1998-ci ildə iddiaçı tərəfindən bağışlanma yolu ilə keçmişdir.

50. Eyni zamanda 27.01.2021-ci il tarixli bağışlanma müqaviləsi bağlanarkən iddiaçının yazılı qaydada razılığ olmuş və müqavilə notarial qaydada təsdiq edilmişdir.

51. Həmin müqavilənin iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır və müqavilənin etibarsızlığı işin halları ilə sübut olunmur.

52. Bundan başqa iddia tələbində göstərilən müqavilələrin əhəmiyyətsizliyi və digər əsaslarla(vacib əhəmiyyətli yanılma, forma və məzmun, səlahiyyətsiz şəxs tərəfindən müqavilənin bağlanması və.s) etibarsızlığı işin halları ilə sübut olunmur.

53. İddia tələbinin müqavilənin etibarsızlığından irəli gələn əvvəlki vəziyyətə qaytarılma və birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi hissələri də bağışlama müqavilələrinin etibarlı olması təsdiq olunduğundan əsassız hesab edilməlidir.

54. Belə ki, birgə nikah dövründə əldə olunduğu iddia edilən həmin əmlaklar artıq üçüncü şəxslərin mülkiyyətindədir və bu səbəblə Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 32-ci maddəsinin tətbiqi istisna edilir. Tətbiq olunan prosessual normalar:

55. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

56. Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

58. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontor cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia tələbi rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar