Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7298/2025 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə yaşayış hüququnun təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildə yaşayış hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 87 saylı mənzildə yaşamaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1982-2001-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis vəzifəsində xidmət etmişdir. Özü də 1-ci Qarabağ müharibəsi veteranıdır. Xidmətə başladığı Bakı şəhər Baş Polisi İdarəsinin Dövlət obyektlərini və idarələrini mühafizə edən Polis Alayının 9-cu mikrorayon, Mir Cəlal küçəsi 89, mənzil 87-də (yataqxana) yaşamış və orada qeydiyyatı olmuşdur. Hal-hazırda da orada qeydiyyatdadır. 1988-ci il aprelin 1-dən 18 nömrəli əmr ilə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Əvvəllər onun passport qeydiyyatında ünvan 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 89, mənzil 87/89 (yataqxana) kimi göstərilirdi. 1990-cı illərin sonlarında xidmət etdiyi polis alayı ləğv edilmişdir. Onların polis əməkdaşları xidmət etdikləri ərazi üzrə rayon polis mühafizə şöbələrinə paylanılmış və həmin şöbələr polis idarəsi statusuna qaldırılmışdır. Mühafizə idarəsi də Baş Mühafizə İdarəsi olmuşdur. Qeydiyyat olduğu və yaşadığı yataqxana Baş Mühafizə İdarəsinin balansına verilmişdir. Həmin vaxt Baş Mühafizə İdarəsinin MMK-nın sədir n-k S.Quliyev, MMK-nın katibi isə kadrlar şöbəsinin inspektoru Faiz Fərzəliyev idi. 1999-cu il may ayənın ona verilən arayışda onun yuxarıda qeyd edilən yataqxana artıq ailəvi yataqxana kimi göstərilmişdir. Halbuki əvvəllər orada ancaq subay polid əməkdaşlarının yataqxanası sayılırdı. F.Fərzəliyev tutduğu vəzifədən sui-istifadə edərək, 9-cu mərtəbədə yerləşən 89 saylı mənzili özü üçün zəbt etmiş, aşağı 8-ci mərtəbədə yerləşən 87 saylı mənzili də Cavabdeh adına rəsmiləşdirmişdir. Orada Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Halbuki həmin mənzildə yaşamaq hüququ ona aiddir, çünkü o, bu yoldaşdan çox-çox əvvəllər orada yaşamış və qeydiyyatda olmuşdur. Sentyabr ayının ortalarında ona aid olan telefon nömrəsinə zəng daxil olmuşdur. Zəng edən şəxs bildirmişdir ki, onun yuxarıda qeyd etdiyi 87 saylı mənzili sahibindən pulla almış və tələb etmişdir ki, o, həmin mənzildən qeydiyyatdan çıxsın. O, həmin şəxsə bildirmişdir ki, həmin bu mənzil polis işçiləri yataqxanasıdır və həmin mənzili qeyri-qanuni surətdə kim satmışdır. Həmin şəxs ona demişdir ki, həmib bu mənzilin sahibi ona indicə zəmg edəcək. Qısa müddətdən sonra ona zəng daxil olmuşdurş Özünü Ülfət kimi təqdim edən bu şəxsə o bildirmişdir ki, o, mənzildə 1982-ci ildən qeydiyyatdadır və uzun illər orada yaşamışdır. Bu şəxs ona bildirmişdir ki, o, 90-cı illərin sonlarında yuxarıda qeyd etdiyi polis alayında işləmiş və bu mənzili ona vermişlər. O da oranı özəlləşdirmiş və indi də satır. O soruşmuşdur ki, o mənzili onlara kim verib və onlar hansı əsaslarla oranı özəlləşdirib indi də qeyri-qanuni ondan icazəsiz satır. Qanunla orada yaşamaq hüququ əvvəl ona məxsusdur. Bu şəxs onu şantaj edərək bildirmişdir ki, o mənzili oa Daxili İşlər Nazirliyi verib. O Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, həmin evi əldə etmək üçün növbədə durmuşdur. Onun növbəsi çatandan sonra həmin evi əldə etmişdir. İddiaçını isə ümumiyyətlə görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil (Yeni qaydalarla: AZ 1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, giriş 245, M8, m1) Cavabdeh adına xx.xx.2025-ci il tarixdən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2018ci il tarixli birgə yığıncağının 1 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 89 nömrəli binanın 87-ci mənzilinin 4 nəfər ailə üzvü ilə birlikdə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri Cavabdeh adına sənədləşdirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti qarşısında vəsatətin qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, o, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və şəxsiyyət vəsiqəsi aktiv statusdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı Binəqədi rayonu, 9cu mikrorayon, yataqxana, Mir Cəlal küçəsi, ev 89 ünvanında yerləşən 87/89 saylı mənzildə ailəvi yataqxanada yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı, X1, X11, X3, X4 və Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2093/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X10 və X7 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X8 və X5 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilmısi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzil cavabdehin mülkiyyətindədir və bununla bağlı onun adına çıxarış da verilmişdir. Belə olan halda da, iddia təmin ediləcəyi təqdirdə, mülkiyyətçi olan cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozulacaqdır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, iddiasını mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildə yaşayış hüququnun təmin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-7298/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7298/2025
09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver