Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-730/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayr və həmin mənzil onun mülkiyyətindədir. 21 iyun 2020-cı il tarixdə iddiaçının mənzilini bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Mətbəxin tavanı və divarları, mətbəx mebelinin arxa hissələri sudan şişmiş və yararsız veziyyətə döşmüşdir. İddiaçının mənzilindən yuxarıda – 29 nömrəli mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi paltaryuyan maşının kanalizasiya borusundan yaranan nasazlıq nəticəsində çirkab suyun axıdılması olmuşdur. İddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə cavabdehin hərəkətləri arasında bağlılığın mövcudluğu 102 saylı MKİS-in aktı və Binəqədi rayonu 5 nömrəli Polis bölməsinin sahə inspektoru leytenant Zaur Usubov tərəfindən Cavabdeh alınmış izahatla təsdiq olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini maddi ziyan hissəsində qismən qəbul edir, keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuş 508 manat zərəri qarşılamağa hazırdır, lakin 3000 manat mənəvi ziyan hissəsində iddia tələbi qanuni və əsaslı deyil, təmin edilə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın texniki pasportundan və “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzil X1 adına 06.07.2001-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarında olan 01.07.2020-ci il tarixli aktdan görünür ki, 102 saylı MKİS-in mühəndisi E.Nəsirov, sahə nəzarətçisi V.Qəribov və cilingər S.Namazov tərəfindən X2 şikayət ərizəsinə əsasən mənzillərə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, 29-cu mənzildən paltaryuyan maşının kanalizasiya borusunda yaranan nasazlıq nəticəsində 27-ci mənzilin mətbəx hissəsinin tavanının 3 kv.m. hissəsi yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan 24.08.2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzildə qeydiyyatsız yaşadığına görə 30 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 25.12.2020-ci il tarixli, 10/3591 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... iddiaçının və cavabdehin mənzillərinin beş mərtəbəli binanın dördüncü və beşinci mərtəbələrdə, bir-birinin üstündə yerləşməsini, iddiaçının 27 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq, iddiaçının 27 saylı mənzilinə üst mərtəbədə yerləşən 29 saylı mənzildən suyun sızması müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 13 V saylı evin, 27 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 508 manat məbləğində olduğu müəyyən edilmişdir”. 09.02.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, iki ildir ki, X4 məxsus ünvan 3, mənzil 29 ünvanında yaşayır. Evin mülkiyyətçisi X6 ölüb, ailəsi isə Rusiya Federasiyasında yaşayır və pandemiyaya görə gəlib-gedə bilmirlər. İddiaçının evinə su axıdılan zaman o, həmin mənzildə yaşamış və həmin vaxt baş verənlərdən məlumatı var. Hal-hazırda iddiaçıya dəymiş ziyanı ödəməyə razıdır, lakin hesab edir ki, ekspert rəy verməmişdən əvvəl hər iki mənzilə baxış keçirməli idi. Onun yaşadığı evə baxış keçirilməyib və suyun sırf onun yaşadığı evdən axıdılması iddiaçının sözlərinə və akta əsasən müəyyən edilib. Belə olan halda əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Bundan sonra cavabdehin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarixli, 10/721 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Baxış zamanı faktiki fəziyyətdə paltaryuyan maşının kanalizasiya xəttində heç bir qüsur aşkar olunmadı. Lakin, cavabdehin 29 saylı mənzilinin mətbəx otağında quraşdırılan paltaryuyan maşının, iddiaçının mənzilində susızma izləri mövcud olan tikinti konstruksiyalarının qarşılıqlı yerləşmə vəziyyətini və 102 saylı MKİS tərəfindən təsdiq olunmuş 01.07.2020-ci il tarixli Aktda göstərilmiş məlumatları nəzərə aldıqda paltaryuyan maşının atqı xəttində, kanalizasiya xəttinə birləşmə yerində yaranan hər hansı qüsurdan iddiaçının mənzilinə suyun sızması baş verə bilər”. Beləliklə işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən 29 nömrəil mənzil X1 mülkiyyətində olsa da, mülkiyyətçi ailəsi ilə birlikdə uzun illərdir ki, Azərbaycan Respublikasında yaşamır, iki ildir ki, həmin mənzildə Cavabdeh yaşayır və iddiaçının mənzilinə su sızan vaxt da mənzildə o, yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. Məhkəmə hesab edir ki, hazırkı işdə bütün yuxarıda sadalanan elementlər tam həcmdə mövcud deyil. Belə ki, ziyanın vurulması mübahisəsiz olsa da, həmin ziyan ziyanvuranın hər hansı hüquqa və ya qanunazidd hərəkəti nəticəsində baş verməmişdir. Cavabdehin özünün də xəbəri olmadan yaşadığı evdən qonşunun evinə su sızmış və bu aşkar olandan sonra cavabdeh həmin qüsurun aradan qaldırılması üçün əvvəl MKİS-in əməkdaşlarına şərait yaratmış, sonradan isə evinə usta çağırmışdır. İddiaçının nümayəndəsinin özünün də təsdiq etdiyinə görə, həmin vaxtdan iddiaçının evinə suyun sızması dayanmışdır. Hazırda mövcud olan real mübahisə yalnız iddiaçının evinə dəymiş ziyanla bağlıdır. “Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Beləliklə məhkəmə belə qənatə gəlir ki, iddia tələbi qismən - maddi ziyan hissəsində qismən təmin edilməli, Cavabdeh 508 manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 12,7% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 3,81 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 508 (beş yüz səkkiz) manat məbləğində dəymiş maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 3,81 (üç manat səksən bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 26,19 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-730/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-730/2021
03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver