Məhkəmə qərarları › İş №2(001)-736/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-736/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-736/2023 19.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 35000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı özünü makler kimi təqdim edən Cavabdehla 2019-cu ilin oktyabr ayında tanış olmuşlar. Söhbət əsnasında cavabdeh iddiaçıya yaxşı yerdə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində qanuni olaraq evlər tikib satdığını və onada ev tikib verə biləcəyini bildirmişdir. Cavabdeh torpaq sahəsini iddiaçıya göstərdikdən sonra, aralarında olan razılığa əsasən xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən noyariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC vasitəsiə 24800 manat məbləğində pul köçürmüş, əlavə olaraq isə 200 manat rüsum ödəmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh (borc alan) xx.xx.2022-ci il tarixədək iddiaçıya (borc verənə) pulu qaytarmağını öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan təxminən 10 gün sonra cavabdeh iddiaçıya onun üçün tikəcək evin layihəsi göstərmiş və həmin lahiyədə Sumqayıt şəhəri Corat bağları massivi 2377C ünvanında İddiaçı məxsus mövcud fərdi yaşayış evinin ölçüsü, görünüşü əks edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, nə pulu, nə də iddiaçı üçün tikiləcək evi təhvil verməmişdir. 2020-ci ilin yanvar ayından sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onun 24800 manatını mənimsəmişdir. O, bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişdir. Müraciətlərinin sonunda isə iddiaçıya pul vəsaitinin geri qaytarılması üçün mülki mühakimə icraatı qaydasında mülkiyyət hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əlavə olaraq cavabdeh iddiaçının pulunu mənimsəməklə ona mənəvi psixoloji zərər vurmuşdur. İddiaçı hesab edir ki, keçirdiyi stress, daxili narahatlığının nəticəsində ona 10000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasında iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə baxış iclasında xəstə olduğu üçün iştirak edən bilmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 24800 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürür. - Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, “Korrupsiya və Qanun” qəzatenin baş redaktoru Xuraman Quliyeva Azərbaycan Respublikası DİN-in rəhbərliyə müraciət edərək qəzetin xx.xx.2020-ci il tarixli, sayca 02(76)-ci nəşrində dərc olunmuş, “Cavabdeh daha neçə kreditoru var?” başlıqlı məqaləsində göstərilən, ünvan 2 ünvanında yaşayan İddiaçı və başqalarının Cavabdeh tərəfindən aldadılaraq pullarının mənimsənilməsi faktının təhqiq olunmasını bildirmişdir. Yoxlama zamanı Cavabdeh verdiyi izahatda göstərmişdir ki, fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçməklə əmlak, torpaq alqı-satqısı və həyətyanı evlərin tikintisi ilə məşğul olur. Həyat yoldaşı X2 adına olan Sumqayıt şəhəri, Corat bağları massivi, 2377C saylı bağ sahəsində fərdi evlər tikərək ayrı-ayrı şəxslərə satır. Evləri tikdikdən sonra çıxarışı alıb borc müqaviləsi bağladığı şəxslə alqı-satqı müqaviləsi bağlayaraq təhvil verir. Həmin ərazidə bir neçə ev tikərək təhvil vermiş, heç kimlə mübahisəsi olmamışdır. xx.xx.2019-cu il tarixdə Kəmalə adlı qadın ona müraciət edərək, 3 otaqlı ev istədiyini bildirmiş, o da Kəmalə ilə görüşüb həmin torpaq sahəsinə gəlmişlər. Onunla 28000 manata razılığa gəlmiş, o aralarında müqavilə bağlamağı təklif etdikdə Kəmalə notarial qaydada müqavilə bağlanmasını istədiyi üçün xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontoruna gəlmiş, Kəmalə İddiaçı özünün qeyri-rəsmi həyat yoldaşı kimi təqdim edərək, evi onun adına alqı-satqı olacağını bildirmişdir. Bundan sonra Raufla 24800 manatlıq kredit müqaviləsi bağlanmış, notariusda alqı-satqı zamanı əlavə 3000 manat da ödənilməsi barədə razılaşmışlar. Sentyabr ayının təxminən 20-də ərazidə işə başlanılaraq evin özülü tökülmüş, Rauf da gəlib işə baxaraq bəyənmişdir. Müqavilənin yanvar ayına kimi bağlanılmasına baxmayaraq, evi mart ayında təhvil verilməsi razılaşdırılmışdır. Havaların sərt keçməsi, ustanın xəstələnməsi işi yubatmışdır. Buna görə də Raufla mart ayının sonlarında evin tam tikilib dam örtüyünün vurulacağı, aprel ayında isə daxildə olan işlərin görüləcəyi barədə razılaşmışlar. Ancaq karantin rejimi ilə əlaqədar işlər məcburi dayanmış, bu barədə Raufa məlumat verərək karantin rejimi qurtarandan sonra evi tikib təhvil verəcəyini bildirmişdir. O, Raufun şikayət etməsindən xəbərsiz olduğunu, evin məlum səbəblərdən vaxtında hazır olmadığını, eskiz layihənin Raufun adına olduğunu, onun adına su sayğacı qoyulduğunu, karantin rejimi bitəndən sonra iki ay müddətində evi tikib təhvil verəcəyini bildirmişdir. Yoxlama zamanı qeyd olunan əraziyə baxış keçirilərkən evin özülünün tökülməsi, divarların bir hissəsinin tikilməsi və su sayğacının quraşdırılması öz əksini tapmışdır. “Korrupsiya və Qanun” qəzetindən daxil olmuş müraciət əsasında toplanmış materialda yaranmış mübahisənin tərəflər arasında razılaşdırlmış podrat müqaviləsi üzrə öhdəliklərdən irəli gələrək mülki xarakter daşıdığından və əməldə cinayət tərkibi olmadığı üçün aparılmış yoxlamanın nəticələsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - AD DİN Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt Şəhər Prokurorluğu tərəfindən göndərilmiş məktublarında, İddiaçı müraciətlərində qeyd olunan xüsusatlar ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət olunması bildirilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz lahiyədə Sumqayıt şəhəri, Corat bağları massivi 2377s ünvanında yerləşən fərdi yaşayış evinin X5 məxsus olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlansa da, əslində tərəflər arasında yaranmış mübahisə razılaşdırılmış podrat müqaviləsi üzrə öhdəliklərdən irəli gələrək mülki xarakter daşıyır. Həmçinin Məhkəmə qeyd edir ki, müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması Mülki Məcəllə ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xüsusi olaraq nizama salınır. Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, sifarişçinin öz tapşırığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır. Elə hallar da olur ki, podrat müqaviləsində müddət nəzərdə tutulmur. Bu müqavilənin bağlanmış hesab olunmasını istisna etmir. Ona görə ki, müddət podrat müqaviləsinin mühüm şərti sayılmır. Belə halda, yəni podrat müqaviləsində müddət nəzərdə tutulmadığı hallarda, sifarişçi işin dərhal icrasını tələb edə bilər, podratçı isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). Beləliklə, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı şifahi razılaşma mövcud olmuşdur, hansı ki, kredit müqaviləsi ilə pərdələnməklə sübuta yetirilir. Lakin cavabdeh iddiaçı tərəfindən verilmiş sifarişi (işin görülməsi) yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Lakin hazırda sifarişçinin həmin işlərə hər hansı marağı qalmadığına görə o, cavabdehdən sifariş üçün ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallarıdan hazırlayırsa, hazırlanmış məmulatı mülkiyyətçi sifarişçiyə verir. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə sonuncunun həyat yoldaşı X3 məxsus olan Sumqayıt şəhəri, Corat bağları massivi, 2377S ünvanında yerləşən torpaq sahəsində üç otaqlı fərdi yaşayış evinin tikilməsi barədə razılaşaraq xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda kredit müqaviləsi bağlamaqla 24 800 manat pul ödəmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsini hazırlatdıraraq tikinti işlərinə başlayıb divarlarının bir hissəsini tikdirmiş, onun adına su sayğacı quraşdırsa da işləri vaxtında başa çatdıra bilməmiş, karantin rejimi bitdikdən sonra evi iki aya təhvil verəcəyini bildirmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh podrat müqaviləsi (şifahi razılaşma) əsasında müəyyən edilmiş işin görülməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh vəzifəsini lazımınca icra etməyərək, razılaşmanın (müqavilənin) şərtlərini həyata keçirməmişdir. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, verilmiş pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin mənəvi zərərin tutulmasına aid hissədə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbini mənəvi ziyan hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli №7 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. İddiaçı mənəvi ziyanla bağlı iddia ərizəsində göstərdiyi dəlillər işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyana görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyana görə pulun ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 226 (iki yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar