Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7396/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d im : İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında 24 may 2022-ci il tarixli “Mövcud borcun etirafı və ödəniş qaydası” haqqında saxta müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh MMC hazırkı iş üzrə iddiaçı olan İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (hakim Anar İbadzadə) baxılmış və məhkəmənin e-2(006)-1537/2023 saylı 21 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Həmin qərardadın 36-cı bəndinə əsasən, Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. Həmin qərardadın 37-ci bəndinə əsasən, ...əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərardadında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq mübahisələrlə bağlı qərarlarında olan mövqelərini və mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq, hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıldığından və iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəyə minməmiş məhkəmə aktının olması mülki prosessual qanunvericiliyin 153.2.4-cü maddəsində nəzərdə tutulmuş əsasları ehtiva etdiyindən və bununla da hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım : İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7396/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7396/2023
24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver