Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7411/2025 20.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Axundova (Cəlilli) Ülkər Elman qızının cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “söküləcək mənzillərinin dəyərinin real bazar qiymətinə uyğun verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Axundova (Cəlilli) Ülkər Elman qızı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “söküləcək mənzillərinin dəyərinin real bazar qiymətinə uyğun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən hər birinin mənzillərinə real bazar qiymətinə uyğun kompensasiya verilməsi və ya həmin ərazidə mənzillərinin kvadratına uyğun mənzilin verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi, 2000-ci ildən mənzillərindən istifadə edə bilmədiklərindən kirayə yaşadıqları mənzillərin pullarını hər il üçün 4800 manat olmaqla beş il ərzində onlara vurulmuş zərərin hesablamaqla cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq bərabər şəkildə onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən Bakı Elektrik Ştampları təcrübə zavodunda işləmişdir. ünvan 5-də əvvəl 1 otaq, sonra ailə vəziyyəti ilə əlaqədar 2ci otaqla təmin olunmuşdur. Uzun illərdir ki, bu mənzildə ailə və övladları ilə birgə yaşamışdır. xx.xx.2019-cu il tarixində Daşınmaz Əmlakın Reyestri Xidmətindən çıxarışlar almışdır. Mənzilin 1 otağını qızı X4 adına rəsmi qaydada bağışlamış və onun adına yeni çıxarış almışdır. Uzun illərdir ki, bu mənzildə yaşamışlar. Rayon İcra Hakimiyyəti 2020-ci ildən binanın söküntüsü ilə əlaqədar işıq və qazı kəsərək onları kommunal xidmətlərdən təcrid etmişlər. O və qızı öz ailəsi ilə birlikdə evdən çıxıb kirayədə yaşayırlar. Onların mülkiyyət hüquqları tam şəkildə pozulub, mənzillərindən istifadə edə bilmirlər. Binalarının bir hissəsi sökülüb və dağıdılıb. Yaşayış qeyri-mümkündür. Binəqədi Rayon İcra Hakimiyyəti onun və övladının hər birinin 1 otağına cəmi onlara 36000 manat pul təklif edir. Halbuki, həmin ərazidə mənzillərin hər kvadrat metri demək olar ki, 2300-2500 manat aralığında dəyişir. İcra Hakimiyyəti əsassız olaraq onların 2 otaqlı mənzillərinə cəmi 36000 manat pul təklif edir. İcra hakimiyyətində başçı ilə görüşmüş, ona yenə 36000 manat pul təklif etmişlər. Bu onların mülkiyyət hüquqlarının pozulmasıdır. İstəyirlər ki, mənzilin sahəsi dəqiq müəyyən olunsun və real bazar qiymətinə uyğun onlara kompensasiya ödənilməsinə və ya həmin ərazidə ayrı-ayrı hər birinə kvadrat metrə uyğun mənzil verilsin. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq, bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “söküləcək mənzillərimizin dəyərinin real bazar qiymətinə uyğun verilməsinə” dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A saylı binanın sökülməsi ilə əlaqədar onların hər birinin mülkiyyətində olan mənzilə görə real bazar qiymətinə uyğun kompensasiyanın verilməsi və ya mənzillərin ölçüsünə uyğun həmin ərazidə onların hər birinə yeni mənzil verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi, 2020-ci ildən kirayədə yaşadıqlarından hər il üçün 4800 manat olmaqla 5 il ərzində vurulmuş zərərin hesablanmaqla cavabdehdən tutularaq onlara bərabər şəkildə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. İlk növbədə qeyd edirlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində qeyd etdikləri məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etməmişlər. Onlar hazırkı tələblərlə bağlı birbaşa məhkəməyə müraciət etmişlər. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu, əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bildirirlər ki, ünvan 1 ünvanda yerləşən beş mərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 7/1417 saylı, xx.xx.2019-cu il tarixli məktub Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunaraq, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin sakinlərin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin ölkə rəhbərliyi tərəfindən məqbul hesab edildiyi bildirilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 3 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat, habelə mənzildən əşyaların daşınmasına və bir aylıq kirayə haqlarına görə hər mənzil üçün 500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Həmin binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər lcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Məlumat üçün qeyd edirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli, 7-214/7g saylı məktubunun icrası olaraq, bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxanada yerləşən mənzil sahibləri ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir (sonuncu məlumata əsasən uçota alınmış 102 mənzil sahibindən 84 mənzil sahibi təyin olunan ödənişi qəbul etmişdir). Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Sözügedən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən vətəndaş İddiaçı1 2 otaqlı, sahəsi 36 kv.m olan 20 saylı mənzilə dair xx.xx.2011-ci il tarixli MA ******* seriyalı Çıxarış təqdim etdiyi üçün siyahıda yalnız onun adı qeyd olunmuş və onun üçün 36500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Siyahıya alınma prosesi tamamlandıqdan və siyahılara uyğun maddi yardımın ödənilməsi üçün müəyyən məbləğ ayrıldıqdan sonra vətəndaş İddiaçı1 həmin binada yerləşən 20 saylı mənzilin bölünməsini təmin edərək, qızı Axundova (Cəlili) Ülkər Elman qızının adına yeni çıxarış əldə etmişdir. Bu səbəbdən, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bu səbəbdən də, yuxarıda qeyd olunan ünvanda yerləşən 20 saylı mənzilə dair iddiaçıların tələblərinin təmin edilməsi mümkün deyildir. Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019-cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, X2, X7, İddiaçı2, X1 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanına dair hüquq subyekti İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, ev 53A ünvanında yerləşən sahəsi 20.20 kv.metr olan 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən sahəsi 39.7 kv.metr olan 20 saylı mənzilin 1 otağı X4, 1 otağı isə İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra-mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra-mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə araşdırması zamanə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu, əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 7/1417 saylı, xx.xx.2019-cu il tarixli məktub Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunaraq, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin sakinlərin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin ölkə rəhbərliyi tərəfindən məqbul hesab edildiyi bildirilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 3 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat, habelə mənzildən əşyaların daşınmasına və bir aylıq kirayə haqlarına görə hər mənzil üçün 500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubunun icrası olaraq, bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxanada yerləşən mənzil sahibləri ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir (sonuncu məlumata əsasən uçota alınmış 102 mənzil sahibindən 84 mənzil sahibi təyin olunan ödənişi qəbul etmişdir). Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Sözügedən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən İddiaçı1 2 otaqlı, sahəsi 36 kv.m olan 20 saylı mənzilə dair xx.xx.2011-ci il tarixli MA ******* seriyalı Çıxarış təqdim etdiyi üçün siyahıda yalnız onun adı qeyd olunmuş və onun üçün 36500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Siyahıya alınma prosesi tamamlandıqdan və siyahılara uyğun maddi yardımın ödənilməsi üçün müəyyən məbləğ ayrıldıqdan sonra İddiaçı1 həmin binada yerləşən 20 saylı mənzilin bölünməsini təmin edərək, qızı Axundova (Cəlili) Ülkər Elman qızının adına yeni çıxarış əldə etmişdir. Bu səbəbdən, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, qəzalı vəziyyətdə olan binanın sökülməsi barədə dövlət tərəfindən tədbir görülmüş və iddiaçıya da komepnasiya təklif edilmişdir. İddiaçı kompensasiyanı götürməmiş, qarşılığından digər məbləğ təklif etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçıların üzərinə qoymuşdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçılar öz hüquqi mövqelərini sübut edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və Axundova (Cəlilli) Ülkər Elman qızının cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “söküləcək mənzillərinin dəyərinin real bazar qiymətinə uyğun verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-7411/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7411/2025
20.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver