Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-746/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülməsinə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılmasına, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülməsinə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılmasına, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1\2 hissədə İddiaçı və 1\2 hissədə Cavabdeh mülkiyyətindədir. Fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik hüququ əsasında tərəflərin mülkiyyətinə keçmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin 1\2 hissədə pay hüququ ilə mülkiyyətçisi olsa da, öz mülkiyyətimdən istifadə edə bilmir. Cavabdeh orada ailəsi ilə birlikdə yaşayr. Cavabdeh torpağın bir hissəsini özbaşına olaraq digər şəxslərə satmış və orada kənar şəxslərin ev tikmələrinə şərait yaratmışdır. Bundan başqa cavabdeh həyətdə əlavə tikililər tikmiş və orada kirayəçilər saxlayaraq gəlir götürür. İddiaçı isə ailəsi ilə birlikdə qaynanasına məxsus darısqal evdə yaşayır. İddiaçı dəfələrlə mülkiyyətində olan evə köçmək istəsə də cavabdeh və ailəsi buna maneçilik törətmişdir. Ona görə də İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı fərdi yaşayış evinə köçürülməsinə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılmasına, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, vəkili və nümayəndəsi Vəkil2 izahatını təsdiq edib, iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsi tərəflərin hər birinin 1\2 hissədə olmaqla paylı mülkiyyətlərindədir. Cavabdeh iddiaçıya mülkiyyətindən istifadə etməyə heç bir maneə yaratmır. İddiaçı istədiyi vaxt mülkiyyətindən istifadə edə bilər. Cavabdeh istəsə belə həmin evi və ya torpaq sahəsini sata bilməz. Tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakların tərəflərin paylarına uyğun real bölgüsü mümkün deyildir. Bu hal iş üzrə keçirilən ekspetiza tədqiqatı ilə öz təsdiqini tapmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı ev hər birinə 1\2 hissədə olmaqla paylı mülkiyyət hüquqi ilə İddiaçı və Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10\3148 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 0.059350 ha torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 0.059350 ha torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri ünvan 2 ünvanda yerləşən 0.059350 ha torpaq sahəsinə bərabər hüquqlara malik olan tərəflərdən İddiaçı mülkiyyətindən istifadə edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətlərində olan evin və torpaq sahəsinin onların paylarına uyğun naturada bölgüsü mümkün olmadığından, iddiaçının mülkiyyətində olan evə köçüb yaşamasında manelər olduğundan iddia ərizəsi qismən təmin edilərək iddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülsün. Cavabdeh dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlət nəfinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-746/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-746/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver