Məhkəmə qərarları › İş №2(001)-7530/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7530/2021

20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7530/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borca görə 2900 (iki min doqquz yüz) ABŞ dolları pulun Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 5900 ABŞ dolları məbləğində borcun alınmasını xahiş etmişdir. İddia tələbi rədd edilmişdir. Buna səbəb isə cavabdehin əri Bababəyov X13 RPİ-nin PB-də bildirmişdir ki, o 12000 ABŞ dolları borc İddiaçı yox onun anası X5 almışdır. Bu zaman Şücaət xanım bildirmişdir ki, borcu qızı Aygünə qaytarsın. Cavabdeh izahatında qeyd edilmiş borcun 9100 ABŞ dolları hissəsini qaytardığını, geri qalan 2900 ABŞ dolları hissəsini isə qaytaracağını bildirmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsində apellyasiya Şikayəti verilsə də şikayət təmin edilməmişdir. Sonradan isə Cavabdeh etiraf etdiyi 2900 ABŞ dolları borcu qaytarmamışdır. Nəticədə o, buna görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. X10 27 iyun 2015-ci il tarixində ölüb. O, anasının varisidir. Ona görə də məhkəmə iddianı tam şəkildə təmin etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə etiraz edərək, onun varis olmağı barədə qətnamənin 06.09.2018-ci il tarixdə verildiyini,amma qanuni qüvvəsini 06.11.2018-ci il tarixdə aldığını və həmin tarixdən qanuni varis olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə öz evinin təmiri məqsədi ilə cavabdeh iddiaçının anasından 12.000 ABŞ dolları borc pul istəmişdir. Pulu aldıqdan sonra cavabdeh borcun əksər hissəsini, yəni 9100 ABŞ dolları iddiaçıya qaytarmış, qalıq borc yəni 2900 ABŞ dolları ödənilməmişdir. Borcun 2007-ci ildən indiyədək hansı səbəbdən məhkəmə qaydasında tələb edilməməsi barədə iddia ərizəsində heç bir söz deyilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmüşdür. İddiaçı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsini və bununla bağlı buraxılmış müddətin bərpa edilməsini xahiş etməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı iddia müddətini tətbiq edib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsində göstərilənləri nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 764185 №-li Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 27.06.2015-ci ildə kəskin ürək damar çatmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015ci ilin 07 ayının 06 günündə 504 №- ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunun 14.08.2018ci il tarixli 283 №-li məktubundan və 27 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vəfat etməsi ilə əlaqədar vərəsənin müraciəti əsasında 25.11.2017-ci il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Bütün miras əmlakın vərəsəsi qızı-Məmmədova (keçmiş Bababəyova) Aygün Əhməd qızı müəyyən olunmuş və buna dair 25.11.2017-ci il tarixdə müvafiq vərəsəliyin qəbul ərizəsi qeydiyyata alınmışdır. Sonradan 27.03.2018–ci il tarixdə Məmmədova (keçmiş Bababəyova) Aygün Əhməd qızının adına X3 qalmış miras əmlaka dair 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2018ci il tarixli 2(006)-4606/2018-ci il tarixli qətnaməsinın surətindən görünür ki, ərizəçi İddiaçı mərhum X7 vərəsəsi kimi tanınmış və Bakı şəhəri, Nərimanov rayonu, 929-cu məhəllə, Xan Şuşinski küçəsi, 53 saylı binanın mansard sahəsinə dair ərizəçinin anası Məmmədova Şucayət Abbas qızı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə ərizəçi İddiaçı adına keçirilməklə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqtaçısı 17 iyun 2017-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X8 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “təhqiqat müddəti ərzində izahatı alınan X15 bildirmişdir ki, Səbinə Bababəyova onun həyat yoldaşıdır. Aygün Bababəyova onun qardaşı Elçin Bababəyovun həyat yoldaşı olmuşdur. Lakin onlar rəsmi şəkildə ayrılmışlar. Hal-hazırda qardaşı X14 Respublikasında yaşayır. Təxminən 2007-ci ildə öz evini təmir etdirmək məqsədi ilə A.Bababəyovanın anası Şücayət xanımdan 12.000 ABŞ dolları borc pul istəmişdir. Şücayət xanım ona 12.000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh ondan almış olduğu pula evini təmir etdirmişdir. Səhhətində problemlər olduğu üçün pulu birdəfəlik deyil hissə-hissə ödəyəcəyini Şücayət xanıma bildirmişlər. Şücayət xanım demişdir ki, pulu hissə-hissə qızı Aygünə ödəsinlər. Bu səbəbdən Səbinə Bababəyova pulu hissə-hissə olmaqla 9.100 ABŞ dollar pulu Aygünə ödəmişdir. Lakin hal-hazırda işsiz olduğu üçün pulu ödəmək imkanı olmadığını bildirmişdir. Lakin qeyd etmişdir ki, imkan olan kimi borcunu ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, özü 12.000 ABŞ dollar pulu Aygün Bababəyovadan deyil, onun anası Şücayət xanımdan alımışdır. Lakin qısa müddət ərzində ondan almış olduğu borc pulu geri qaytarılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 2007-ci il tarixdə evin təmiri ilə əlaqədar X4 12.000 ABŞ dolları məbləğində pul almış və həmin məbləğin 9.100 ABŞ dollarını geri qaytarmış olsa da, qalan 2.900 ABŞ dolları məbləği isə geri qaytarmamış və hal-hazıradək X9 borclu olaraq qalmışdır. X1 2015-ci il tarixdə vəfat etmiş və Məmmədova (keçmiş Bababəyova) Aygün Əhməd qızı 27 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi olmuşdur. Bu səbəbdən İddiaçı Cavabdeh 2.900 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etməkdə subyektiv hüququ vardır. Lakin cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Belə ki, hal-hazırda da iddiaçının anasının cavabdehə verdiyi borc üzrə öhdəliyin icrası vaxtı müəyyən müəyyənləşdirilmədiyinə görə, həmin vaxt tələbetmə məqamı ilə müəyyən olunur. Başqa sözlə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə (tələbin irəli sürdüyü gündən yeddi gün ərzində) icra etməyə borcludur. Cavabdehin pul məbləğini qaytarmaq öhdəliyi (öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmədiyindən), iddiaçının borcunu geri tələb etdiyi vaxtdan bir həftə keçdikdən sonra yaranmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən Nərimanov RPİ-nin 16-cı PBnə 10 may 2017-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş olsa da, Məmmədova (keçmiş Bababəyova) Aygün Əhməd qızı 27 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi olduğundan, məhz həmin tarixdən iddiaçının cavabdehdən tələb etmək hüququ, cavabdehin öhdəliyini icra etmək vəzifəsi yaranmış və buna müvafiq iddia müddətinin axımı başlanılmışdır. Belə olan halda, tələbetmək hüququnun yarandığı sonrakı yeddi gün də nəzərə alındıqda, ən geci 04 aprel 2018-ci ildən etibarən, iddiaçının borcunu geri tələb etmək hüququ yaranmışdır. Hazırki iş üzrə iddia ərizəsi isə, 21 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu hallar ona dəlalət edir ki, iddiaçı pul tələbinə dair qanunla müəyyən edilmiş, üç illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar