Məhkəmə qərarları › İş №2(001)-76/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-76/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-76/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh, üçünçü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “özbaşına aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi və cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh, üçünçü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “özbaşına aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi və cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan 28 saylı mənzildə aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi və cavabdehin vəsaiti hesabına həmin mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında 19.05.2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə əsasında ünvan 1, mənzil 28 ünvanında yerləşən 133.5 kv.m yaşayış sahəsi cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh mənzili dövlət reyestrindən qeydiyyatdan keçirərək, 28.01.2017-ci il tarixli ******* saylı çıxarış əldə etmişdir. 2019-cu ildə keçirilmiş ekspert rəyinə əsasən, cavabdeh mənzildə müəyyən konstruktiv dəyişiklik aparılması ilə 4 saylı mətbəxin 1 saylı dəhlizin hesabına, 2 saylı sanitar qovşağının isə şaxtanın hesabına artırılması, sahəsi 3.6 kv.m olan açıq balkonun plastik profillər və şüşələr vasitəsi ilə bağlı balkona çevirmişdir. Cavabdeh çoxmənzilli binanın layihəsinə zidd olan özbaşına dəyişiklik edərək, havalandırma sahəsini (şaxta) artıq dərəcədə azaltmışdır ki, şaxtanın daxilində də ümumi kommunikasiyalar – isti və soyuq su təchizatının dayaqları, həmçinin kanalizasiya yerləşir. Cavabdeh bunun hesabına yaşayış otaqlarının mətbəxinin və hamam otağının sahəsini genişləndirmişdir. Eyni zamanda sahəsi 3.6 kv.m olan açıq balkonun plastik profillər və şüşələr vasitəsi ilə bağlanması ümumi binanın layihədə nəzərdə tutulmuş xarici görünüşünün dəyişməsinə gətirib çıxartmışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, mənzilin daxilində heç bir konstruktiv dəyişiklik edilməyib, iddiaçının həmin hissədə iddiası əsassızdır. Eyvanı isə məcburiyyət qarşısında qalaraq bağlatdırmışdır. Belə ki, həm yağış suyunun onun eyvanına yağması və aşağıya axıb keçməməsi, həmçinin eyvanın yaxınlığında (aşağısında) şirniyyat sexinin olması, oradan tüstü və qoxunun birbaşa eyvandan mənzilə daxil olması yaşamaqlarını çətinləşdirmişdir. Cam balkona (eyvana) icazə olmadığından şüşəbənd etdirmişdir. İddiaçı (nümayəndəsi-vəkili) məhkəmə baxışı iclasında iştirak etmədiyinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 115.7 kv.m olan ünvan 1, mənzil 28 Cavabdeh xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-958/2020 saylı, 17.02.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli, 2(006)-57/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, 10.680 manat məbləğində pulun cavabdeh İddiaçı MTK-dan alınaraq iddiaçı Cavabdeh verilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 250 manatın cavabdeh İddiaçı MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni 10.680 manat məbləğində pulun cavabdeh İddiaçı MTK-dan alınaraq iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına Cavabdeh 250 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin ödənilməsi qət edilmiş, Alı Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli, 2(103)-11166/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 14.06.2021-ci il tarixli, 10/3215 saylı ekspert rəyinə əsasən, tədqiq olunan mənzilin texniki pasportu ilə mövcud vəziyyəti müqayisə edilərək, mənzildə müəyyən konstruktiv dəyişiklik aparılması ilə, mətbəxin 1 saylı dəhlizin hesabına, 2 saylı sanitar qovşağının isə şaxtanın hesabına artırılması, sahəsi 3.6 kv.m olan açıq balkonun plastik profillər və şüşələr vasitəsi ilə bağlı balkona çevrilməsi müəyyən edilmişdir. - “X2”nin 14.01.2022-ci il tarixli, 556 nömrəli müstəqil ekspert rəyinə əsasən, Cavabdeh məxsus ünvan 1, 28 saylı mənzil həmin mənzilə dair verilmiş texniki pasporta uyğun deyil. Mənzilin texniki pasportundakı vəziyyəti ilə hazırki texniki vəziyyəti arasında dəyişiklik (fərq) 9 saylı açıq tipli eyvanın mövcud vəziyyəti üzrə perimetr boyu plastik pəncərələrlə bağlı olması və mətbəx otağının qapısının arakəsmə divarla birlikdə 1.93 m yerinin dəyişdirilməsidir. Qeyd olunan dəyişikliklər konstruktiv dəyişiklik hesab olunmur. ünvan 1, 28 saylı mənzildən bir mərtəbə aşağı və bir mərtəbə yuxarıda yerləşən (müvafiq olaraq, həmin mənzilin birbaşa olaraq altında və üstündə yerləşən mənzillərdə) eyni dəyişikliklərin, arakəsmə divarlarda və sözügedən eyvanın pəncərələrlə bağlanması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını, Mənzil Məcəlləsinin 23, 39.1-ci maddələrini nəzərə alaraq hesab edir ki, Cavabdeh məxsus ünvan 1, 28 saylı mənzildə aparılmış dəyişikliklər konstruktiv dəyişikliklər olmadığından, öz yükünü daşıyan arakəsmə divarlar üzərində aparıldığı üçün binanın və ya mənzilin dayanıqlığına hər hansı bir təsiri yoxdur. Məhkəmə qanunvericiliyin tələblərini əsasən qeyd edir ki, çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, ünvan 1, 28 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Mülki Prosessual Məcəllənin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, konstruktiv dəyişiklik mənzilin və ya mənzil yerləşən binanın dayanıqlığını daşıyan konstruktiv elemenler üzərinə aparılmış dəyişikliklər hesab olunur. Konstruktiv dəyişikliklər dedikdə mərtəbə arası örtüklərin, sütunların, rigerlərin, şaxtaların, pərdələrin - bir sözlə, binanın yükünü daşıyan elementlər üzərində aparılmış dəyişikliklər nəzərdə tutulur. Beləliklə, müəyyən edildi ki, mübahisəli mənzildə Cavabdeh tərəfindən aparılmış dəyişikliklər konstruktiv dəyişikliklər olmadığından, öz yükünü daşıyan arakəsmə divarlar üzərində aparıldığı üçün binanın və ya mənzilin dayanıqlığına hər hansı bir təsiri yoxdur. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50(əlli) manat ekspertiza xərci İddiaçı MTK-dan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş təkrar məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300(üç yüz) manat ekspertiza xərci İddiaçı MTK-dan tutularaq “X4” MMC-nin hesablaşma hesabına (kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, hesab AZ64AİİB400900C**********208) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar