Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7617/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin alınmasına” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə övladı xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1 ünvanında pasport qeydiyyatına alınmaqla şəxsiyyət vəssiqəsinin alınmasında iştirak etmək öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda pasport qeydiyyatında olsa da, uzun illərdir ki az yaşlı övladı Müşviq Manafovla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 31 ünvanında yaşayır. Bu il uşağı məktəbə getməlidir, lakin cavabdeh-uşağın atası şəxsiyyət vəsiqəsinin alınmasında iştirak etməkdən imtina edir. Faktiki yaşadıqları ünvanın rəsmi sənədləri olmadığı üçün həmin ünvana qeydiyyata düşə bilmirlər.Nəticədə uşaq şəxsiyyət vəsiqəsi ala və məktəbə gedə bilmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan uşağına şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin faktiki yaşadıqları ünvan üzrə rəsmi sənədlər olmadığına görə qeydiyyata düşə bilmir və bunu cavabdehin laqeydliyi və.s səbəblərlə əsaslandırır. Göründüyü kimi mübahisə cavabdehin hansısa vəzifəsi ilə bağlı olmamaqla, yaşayış yeri olmayan şəxsin qeydiyyatı ilə bağlıdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Eyni zamanda həmin qərarda yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsi və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təxirəsalınmadan təşkil edilməsi Nazirlər Kabinetinə tövsiyyə olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə: yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur Göründüyü kimi iddia tələbi tərəflər arasında olan mübahisəli hüquq münasibətlərindən irəli gəlmir. Halbuki, mülki məhkəmə icraatı qaydasında iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Lakin iddiaçının məhkəmədən xahiş etdiyi və əldə etmək istədiyi nəticə mübahisəli hüquq münasibətlərindən irəli gəlmir. Belə ki, şəxsiyyət vəsiqəsinin verilməsi və bundan imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı aparır. Yəni iddiaçı maraqlarına toxunan hallarla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və nəticəsi onu qane etməzsə bu barədə orqanın hərəkətindən və ya hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir, çünki hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, eyni zamanda iddiaçıya yetkinlik yaşına çatmayan uşağına şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin alınmasına” dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7617/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7617/2022
15.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver