Məhkəmə qərarları › İş №2(001)-765/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-765/2021

08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-765/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh1 Nərman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nərman oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nərman oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X5 və əşyaları ilə birlikdə ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X2 rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən 659 saylı Elektrik quraşdırma qatarının əmlakını özəlləşdirmişdir. Həmin ünvanda yerləşən və əsas sahəsi 710,9 kv.m, köməkçi sahəsi 967,9 kv.m (ümumi sahəsi 1678,8 kv.m) olan 9 adda qeyri-yaşayış sahəsi (inzibati bina, anbar, sex, təmir emalatxanası, gözətçi məntəqəsi, mexanizasiya şöbəsinin binası) onun xüsusi mülkiyyətindədir. Bu barədə ona xx.xx.1999-cu il tarixli, 1119 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ona məxsus qeyri-yaşayış obyektlərinin yerləşdiyi 7120,4 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Dövlət Əmlak Komitəsi onunla icarə müqaviləsi bağlamışdır və hər ay 1082,5 manat icarə haqqı ödəyir. Özəlləşdirmədən sonra ərazidəki inzibati binada onun təsisçi olduğu “xxxx” Arxitektura və Layihə-Sənaye Müəssisəsi fəaliyyət göstərmişdir. Məlum hadisələrlə əlaqədar işğal olunmuş rayonlardan olan bir ailə 1993-1994-cü illərdə gecə ilə heç bir icazə almadan müəssisənin boş anbarlarından birinə yerləşmişdir. O, vəziyyətin çətinliyini nəzərə alaraq cavabdehlərin orada yaşamasına etiraz etməmiş və həmin vaxt rəhbərlik etdiyi müəssisə də gəlirlə işlədiyindən cavabdehlərə yardım göstərmiş və onların kommunal xərclərini də müəssisənin hesabından ödəmişdir. Ailə üzvlərindən birini də müəssisədə işə qəbul etmişdir. Lakin hazırda təsisçisi dəyişmişdir və başqa ünvanda fəaliyyət göstərir. Ona məxsus həmin obyektlərdə yerləşən köçkün ailəsinin sayı artıq 12-yə çatmış, cavabdehlər inzibati binadan başqa demək olar ki, bütün tikililərə zəbt etmişlər. O, mülkiyyətində olan tikililərdən və icarəsində olan torpaq sahəsindən heç cür istifadə edə bilmir, bu səbəbdən torpağın icarə haqqını ödəməkdə çətinlik çəkir. Dəfələrlə könüllü olaraq tikililərin boşaldılmasını cavabdehlərdən xahiş etsə də, müxtəlif bəhanələrlə bundan imtina edirlər. Aldığı məlumatlara görə, həmin cavabdeh ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif yerlərdə mənzillə təmin olunmuşlar. Ona görə də, tikililər və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ məhkəmə qaydasında müdafiə edilməli və cavabdehlər ona məxsus qeyri-yaşayış sahələrindən və icarəsində olan torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə icasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Nərman oğlu izahatında bildirmişdir ki, məlum hadisələrlə bağlı Zəngilan rayonundan məcburi köçkün kimi həmin ərazidə qalmışlar. Sonradan İddiaçı həmin əmlakı aldığını bildirmişdir. İddiaçı ilə aralarında problem yoxdur, lakin onların yaşamağa başqa yerləri olmadığından iddianı qəbul etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, habelə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və Cavabdeh1 Nərman oğlunun izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi verilmiş № 001119 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zeynallı küçəsi 31-də yerləşən Dəmir yol İdarəsinin 659 saylı elektrik quraşdırma qatarın əmlakı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3 nömrəli reyestr kitabının 17 nömrəli səhifəsində xx xxxx 1999-cu il tarixdə qeyd aparılmışdır. İşin materiallarından aydın olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxx 2017-ci il tarixli, №317/1432 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.m torpaq sahəsi aylıq icarə haqqı 1082,5 manat olmaqla, xx.xx.2032-ci il tarixədək İddiaçı icarəyə verilmişdir. Mülki işin materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorundan verilmiş Biləcəri qəsəbəsi, Z.Zeynallı küçəsi 31 ünvanında məskunlaşmış məcburi köçkünlərin siyahısından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və uşağı X5 həmin ünvanda məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından və tərəflərin izahatlarından, cavabdehlər Cavabdeh1 Nərman oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (habelə azyaşlı uşaqları X4) mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (həmçinin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi və iddiaçının icarəsində olan torpaq sahəsində) məskunlaşmış olduqları müəyyən edilmişdir; sonuncuların mübahisəli qeyri-yaşayış sahəsi (həmçinin onun yerləşdiyi və iddiaçının icarəsində olan torpaq sahəsi) üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış sahəsindən (həmçinin onun yerləşdiyi və iddiaçının icarəsində olan torpaq sahəsindən) cavabdehin çıxarılmasını” tələb etməkdə haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının xx xxx 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” xx xxxxx 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin xx xxxx 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qqanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Nərman oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X5 ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsindən və həmin ünvanda yerləşən İddiaçı icarəsində olan torpaq sahəsindən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar