Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7702/2021 21.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına və Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı olan cavabdeh – Cavabdeh 25.08.2018-ci il tarixdə 6.500 manat məbləğində pulu 13 ay müddətinə, hər ayın 25-i 500 manat, 21.06.2021-ci il tarixdə 585 manat iki gün müddətində, 23.06.2021-ci il tarixdə 585 manat iki gün müddətində qaytarmaq şərtilə borc olaraq vermişdir. 23.06.2021-ci il tarixdə özünə məxsus olan telefonu 9 ay müddətində ayda 100 manat olmaqla qaytarmaq şərtilə satmışdır. Cavabdeh yazılı şəkildə həmin borcları geri qaytaracağını öz öhdəsinə götürmüş, telefonu, iki gün müddətinə götürdüyü pulları geri qaytarmışdır. 6.500 manat puldan isə bir dəfə qızı vasitəsilə 200 manat, bir dəfə də özü 800 manat geri qaytarmışdır. Lakin bu günə kimi müxtəlif bəhanələrlə qalıq 5.500 manat pul məbləğini qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Lakin indi başa düşür ki, cavabdehin bu pulları qaytarmaq fikri yoxdur və onu aldatmaq niyyətindədir. Hazırda ölkədə baş verən pandemiya və səhhətindəki narahatçılıqlara görə maddi cəhətdən vəziyyəti ağırlaşmışdır. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi, İddiaçı aldığı 3.500 manat borc məbləğindən artıq ödədiyi 2.000 manat pulun və ödənilmiş dövlət rüsumunun ondan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə düzgün izahat verməmiş, borcunun ona qaytarılmaması barədə böhtan və yalan xarakterli məlumatlar vermişdir. Belə ki, o, övladının müalicəsi üçün müəyyən məbləğdə pul vəsaiti çatışmadığı üçün 25.08.2018-ci il tarixdə iddiaçıya müraciət edərək ondan 3.500 manat pulun ona borc verilməsini xahiş etmişdir. O, bilirdi ki, həmin şəxs faizlə pul verir. İddiaçının girovsuz olaraq pul verəcəyini bilirdi. Ancaq 13 ay ərzində Cavabdeh ona 3.500 manatı 6.500 manat qaytarmaq şərti ilə verəcəyini demişdir. Ehtiyacı olduğuna görə o, razılaşmış və 3.500 manat pulu ondan almışdır. Pulu ona öz evində qızının yanında vermişdir. Danışdığı kimi o, cəmi 6.500 manat pulu ona ödəmişdir. Sonradan özü etiraf etdiyi kimi, ayrı-ayrı vaxtlarda pul götürüb müəyyən faizlərlə qaytarmışdır. Sonuncu dəfə o, öz adından qızına məxsus komputeri Biləcəri qəsəbəsində Ağ sarayın yanında yerləşən lombarda girov qoymuşdur. O, Türkiyə Respublikasında olduğu səbəbindən anasının və qohumu X1 iştirakı ilə gedib 900 manat pulu lombardın işçisinə verərək kompüteri girovdan çıxartmışdır. Bununla onun həmin şəxsə heç bir borcu qalmamışdır. Sonuncu dəfə qohumu X2 ona: “Gülcahanın sənə borcu qaldı?” sualına o, heç bir borcun qalmadığını etiraf etmişdir. Necə olur ki, o, iddia etdiyi kimi 25.08. 2018-ci il tarixdə ona verdiyi pulu bu günədək ala bilmədiyi təqdirdə sonradan 21.06.2021-ci il tarixdə iki gün müddətinə yenidən pul verir, 900 manata telefon satır. Əgər o, sözünə düz adam deyildisə harda əmin idi ki, o, aldığı pulları iki gün ərzində ona qaytaracaq. Ona indi aydın olur ki, iddiaçı sadəcə əlində olan razılaşmadan istifadə edərək ondan iki dəfə pul almaq niyyəti güdür. O, onkoloji xəstədir və xaricdə müalicə alır. 25.08.2018-ci il tarixdə ondan faktiki olaraq aldığı 3.500 manat pulu artıqlaması ilə ona qaytarmışdır. Belə ki, 3.500 manat pulun əvəzinə 6.500 manat pul ödəmişdir. Borc müqaviləsi 3.000 manatdan çox olduqda borc müqaviləsi notarial qaydada bağlanmalıdır. Bundan başqa, həmin əqd qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmışdırsa etibarsızdır. Eyni zamanda, iddiaçı onun pulu ödəmədiyi təqdirdə faizlərin hesablanması ödəhəliyini üzərinə qoymuşdur, bu da Mülki Məcəllənin 739.2-ci maddəsinə ziddir. Bütün bu hallar bir daha sübut edir ki, onun iddiaçıya faktiki olaraq heç bir borcu yoxdur. Əksinə o, iddiaçıya 3.000 manat artıq pul ödəmişdir. Göstərilənlərə əsasən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə 10 ildir ki, bir-birlərini tanıyırlar. Hətta cavabdeh onun nəvəsinə də baxmışdır. O, məişət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdeh müxtəlif vaxtlarda ondan əşyalar alıb və dəyərini ödəmişdir. Cavabdeh qızı ilə onuna yanıma gəlmiş və maşın almaq adı ilə ondan 6.500 manat məbləğində pul istəmişdir. O, bir dəfə 3.000, bir dəfə 500 və bir dəfə də 3.000 olmaqla, ümumilikdə 6.500 manat pulu 13 ay müddətinə geri ödəmək şərti ilə cavabdehə vermişdir. Bununla bağlı 25 avqust tarixli qəbz yazdırmış və cavabdeh ona qol çəkmişdir, qızı Aysel də zamin durmuşdur. Cavabdeh hər ayın 25-i 500 manat qaytarmalı idi. Bir neçə ay keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Daha sonra cavabdehin qızı Aysel 2020-ci ilin noyabr ayında 200 manat ödəniş etmiş, 800 manatı da cavabdeh müxtəlif vaxtlarda ödəmişdir. Cavabdeh 27.08.2018-ci il tarixdə hər ay 100 manat ödəməklə 9 ay müddətinə ondan Samsung markalı telefon almışdır. Daha sonra qızının notbukunu lombarda qoymuş və 700 manat pulu onun adına götürmüşdür. Sadəcə qəbz yazdırıb, qol çəkdirmişdir. Notbuku ona görə lombarda qoymuşdur ki, cavabdeh ödənişi Kapital bankdan edəcəkdi. Sonradan deməsin ki, 700 manatı 5.500 manatlıq qalıq borcdan ödəniş etmişdir. Cavabdeh təkrarən ondan 300 manat borc istəmiş, yenə lombarda gedərək qızının komputerini qoymuş və 300 manat götürmüşdür, sonra 370 manat ödəyərək o pulu qaytarmışdır. Bu borcla bağlı qəbz yazdırmamışdır. Lakin onun adına 1.050 manat başqa borc da olduğundan notbuk lombardda qalmışdır. 21.06.2021-ci il tarixdə 585 manat məbləğində pulu iki gün müddətində qaytarmaq şərti ilə, 23.06.2021-ci il tarixdə 585 manat pulu gün müddətində qaytarmaq şərti ilə borc vermişdir. Həmin vaxt o, görmüşdür ki, cavabdeh 2-3 gün ərzində pul tapıb borcunu geri qaytara bilir. Demişdir ki, telefonun pulu olan 900 manatı ver o da borcunu bağlasın. Əvvəllər deyirdi torpağını satıb ödəyəcəyək, lakin heç bir ödəniş etmirdi. Zəng vurub pulu ödəməyini istəyəndə isə nəinki pulu ödəmədi, hətta telefonda ona təhqiramiz sözlər deməyə başladı. Sonradan cavabdehin anası nəğd şəkildə ona 900 manat pulu verdi və telefon borcunu bağladı. O, öz borcunu bağlayıb, notbuku lombarddan götürüb özlərinə qaytardı. Ona yalnızca 5.500 manat borcu qaldı. Borcu qaytaranda hətta cavabdeh ondan xahiş elədi ki, onun qohumlarının yanında desin ki, ona borcu qalmamışdır. Lakin o, telefona görə borcunun qalmadığını bildirmişdir. İddiaçı, həmçinin, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, harada görülmüşdür ki, 3.500 manat üçün 3.000 manat əlavə pul tutulsun. O, faizə pul verməmişdir. Həmçinin kim razı olar ki, 3.500 manat borcu götürsün əvəzində əlavə 3.000 manat da ödəsin. Eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, cavabdehə 20.08.2018-ci il tarixdə 500 manat, 22.08.2018-ci il tarixdə 3.000 manat, 25.08.2018-ci il tarixdə də 3.000 manat pul vermişdir. Bu pulu da lombarda öz qızıllarını qoyaraq pul götürüb cavabdehə vermişdir. Sonra pulunu qaytarmadığı üçün məcbur olub öz maşınını satıb qızıllarını lombarddan götürmüşdür. Lombarda qızıllarını qoymağı ilə bağlı sübut yoxdur, lakin lombarddan çıxarmağı ilə bağlı qəbzlər var. Həmin vaxt cavabdehin qızı texniki-mühəndis sahəsində işləyirdi. Buna görə də o, anası üçün zamin olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin qızı borcla bağlı zamin dura bilməzdi, çünki onun həmin borc verilərkən 18 yaşı tamam olmamışdır. Buna baxmayaraq, iddiaçı ona da sənədi imzalatmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun anasıdır. Onlar, qardaşının əməliyyatı üçün iddiaçıdan 2018-ci ildə 3.500 manat pul götürmüşlər. İddiaçı onlara dedi ki, ayda 500 manat olmaqla 6.500 manat ödəməlidirlər. Gecikmələr olsa da, pulu tam şəkildə ödəmişlər. Bəzi ödənişlər nəğd şəkildə, bəziləri isə kart vasitəsilə ödənilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq vermişdir ki, əvvəl iddiaçı ilə qonşuluqda yaşayırdılar və pulu əlbəəl verirdilər. Sonra iddiaçı köçüb getmiş, onlar da 2020-ci ilin yanvar ayından ödənişləri kartla ödəməyə başladılar. Azadlıq metrostansiyasının çıxışında görüşüb ona 200 manatı şəxsən vermişdir. İddiaçıdan pulu 13 ay müddətinə hissə-hissə ödəməklə götürmüşdülər, gecikmə bir ildən çox olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 avqust 2018-ci il tarixdə, Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 6.500 manat pulu 13 ay müddətinə hər ayın 25-i 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bir gün geciksə 5 manat üstunə gələcək. Onun başına bir iş gəlsə qızı X3 ödəyəcək. Qeyd edilənləri özü yazmışdır və onu heç bir kim məcbur etməmişdir. Eyni iltizamda həmçinin X3 yazmışdır ki, o, anası Cavabdeh zamin durur, borcun məbləğinin 6.500 manat olduğunu təsdiq edir; 21 iyun 2021-ci il tarixdə, Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, 2 günə, 23 iyun 2021-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 585 manat pul götürmüşdür; 21 iyun 2021-ci il tarixdə, Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, 2 günə, 23 iyun 2021-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 585 manat pul götürmüşdür; Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, 9 ay hər ay 100 manat Mehribana İsimbala qızına telefon pulu ödəyəcəkdir. Ödənişə 26 sentyabr 2021-ci il tarixdən başlayacaqdır; 05 yanvar 2021-ci il tarixli “Milliön” elektron ödəmə sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 101 manat məbləğində pul köçürülmüşdür; 25 fevral 2021-ci il tarixli “Milliön” ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 101 manat məbləğində pul köçürülmüşdür; 24 mart 2021-ci il tarixli “Milliön” ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 20 manat məbləğində pul köçürülmüşdür; 20 iyun 2021-ci il tarixli “E-Manat” ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 80 manat məbləğində pul köçürülmüşdür; 20 avqust 2021-ci il tarixli “E-Manat” ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 202 manat məbləğində pul köçürülmüşdür; 03 sentyabr 2021-ci il tarixli “E-Manat” ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, İddiaçı hesabına 370 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə hissə-hissə olmaqla ümumilikdə 6.500 manat məbləğində borc pul verilmiş və bununla bağlı cavabdeh 25 avqust 2018-ci il tarixli yazılı iltizama qol çəkmiş, həmin borc məbləğini 13 aya, hər ay 500 manat məbləğində ödəməklə iddiaçıya geri qaytarmasını öhdəsinə götürmüşdür. Həmin borc məbləğindən cavabdeh tərəfindən iddiaçıya 200 manat qızı vasitəsi ilə nağd şəkildə ödənilmiş, 874 manat isə “Milliön” və “E- Manat” ödəniş sistemləri vasitəsilə ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 5.500 manat məbləğində ödənilməmiş borcun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizlərinin hesablanmaqla tutulmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək borcun tam ödənildiyini bildirir, həmçinin qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsini, aldığı 3.500 manat borc məbləğindən artıq ödədiyi 2.000 manat pulun ona ödənilməsini xahiş edir, iddiaçı isə qarşılıqlı iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan cəmi 3.500 manat məbləğində borc götürdüyünü, lakin həmin borcun əvəzində 6.500 manat məbləğində vəsait ödənildiyini bildirsə də, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən borc məbləğinin cəmi 1.074 (200 manat nağd şəkildə, 874 manat hesaba köçürülməklə) manatı iddiaçıya ödənilmiş, qalan 5.426 manat məbləğində borcun ödənilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda borc məbləğinin 6.500 manat məbləğində deyil, məhz 3.500 manat məbləğində olduğu ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 (cavabdehin qızı) ifadəsində borc məbləğinin 3.500 manat olduğunu bildirsə də, işdə olan 25 avqust 2018-ci il tarixli yazılı iltizamdan görünür ki, o, həmin sənəddə borc məbləğinin 6.500 manat məbləğində olduğunu təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinin ödənilməsi hissəsində qismən təmin edilməli, 5.426 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizlərinin hesablanmaqla tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən cavabdehin ondan aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının sübut qismində təqdim etdiyi əqdin etibarsız hesab edilməsi üçün həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmalıdır. Yuxarıda istinad olunan Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərindən görünür ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, həmin müqavilə yazılı formada bağlanmalıdır. Həmin maddədə müqavilənin notarial qaydada təsdiq edilməli olması barədə tələb yoxdur. İş materiallarından göründüyü kimi, tərəflər arasında olan borc münasibətləri yazılı formada rəsmiləşdirilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən ilk iddianın düzgün həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması araşdırılmış, buna görə də iddia qismən təmin edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 6.500 manat məbləğində borc pul vəsaitinin verilməsi və cavabdehin 5.426 manat məbləğində borcunun qaldığı öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbi, yəni iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi, aldığı 3.500 manat borc məbləğindən artıq ödədiyi 2.000 manat pulun ona ödənilməsi tələbləri təmin edilə bilməz. Başqa sözlə, ilk iddianın təmin edilməsi artıq qarşılıqlı iddianın rədd edilməsini şərtləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 5.426 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 20 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5.426 (beş min dörd yüz iyirmi altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7702/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7702/2021
21.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver