Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-771/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə vurulmuş ziyanın əvəzi olaraq 4210 manat maddi zərərin, mənəvi zərərin əvəzi kimi 1000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74 manatın və vəkil tərəfindən göstərilən hüquqi yardım üçün ödənimiş 200 manatın, beləliklə cəmi 5484 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasından iddiaçının vəkili X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 digər cavabdeh MMC-yə məxsus H023770 qeydiyyat nişanlı evakuatoru yol vərəqəsi əsasında idarə edərkən iddiaçıya məxsus “Mercedes Benz” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin, cavabdehin idarə etdiyi avtomobilin icbari qaydada sığortası olmadığından iddiaçıya vurulmuş zərər ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qüsur aktından görünür ki, iddiaçıya məxsus avtomobilə 4210 manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçıya məxsus avtomobil zədəli olduğundan ondan faktiki olaraq istifadə etmək mümkün olmamış, iddiaçı həm baş vermiş yol-nəqliyyat hadisəsindən psixoloji sarsıntı keçirmiş, həm də avtomobilindən istifadə edə bilmədiyindən əlavə xərclər, əziyyət çəkməli olmuşdur. Bütün bunlar da onu göstərir ki, iddiaçıya həm də mənəvi ziyan vurulmuşdur. Mənəvi ziyanın miqdarının konkret müəyyənləşdirilməsi mümkün olmadığından iddiaçı bu məbləği 1000 manat kimi qiymətləndirir. Sonda A.Q.Tağıyeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. İş materiallarında olan: - BB119109 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz E430” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - “inzibati tənbeh vermə haqqında” TP seriyalı, ******* nömrəli, 26 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə, saat 15:20-də “Hyundai HD78 xüsusi” markalı, H023770 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - “Ştutqart” avtoservis tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli zərər aktından görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin miqdarı 4210 manat təşkil edir. - AB seriyalı, 792627 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai HD-78 xüsusi” markalı, H023770 qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh1 26 oktyabr 2021-ci il tarixdə idarə etdiyi, "xxxx" QSC-nin mülkiyyətində olan “Hyundai HD-78 xüsusi” markalı, H023770 qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İddiaçı idarə etdiyi, özünə məxsus “Mercedes Benz E430” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuş, habelə, toqquşma nəticəsində İddiaçı avtomobilinin zədələnməsi ilə bağlı 4210 manat miqdarında maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə maddi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 1000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia "xxxx" MMC-yə qarşı olan hissələrdə təmin ediləməlidir. Belə ki, iddiaçı MMC-ni “Hyundai HD-78 xüsusi” markalı, H023770 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi işə cavabdeh qismində cəlb etmişdir. Halbuki, iş materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, həmin avtomobilin mülkiyyəçisi "xxxx" QSC-dir. Belə olan halda "xxxx" MMC-nin iddiaçı qarşısında hazırki işlə bağlı hər hansı maddi məsuliyyəti müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardıma görə 200 manat pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia vəkilin göstərdiyi yardıma görə 200 manatın Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 4210 manat, hüquqi yardıma görə ödədiyi vəsaitin əvəzi kimi 200 manat olmaqla ümumilikdə 4410 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun 50 manat məbləğində hissəsi də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 4210 manat, hüquqi yardıma çəkilən xərcin əvəzi kimi 200 manat və dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-771/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-771/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver