Məhkəmə qərarları › İş №2(001)-7715/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7715/2021

28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7715/2021 28.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi, Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik və istifadə hüquqlarının maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İşin halları:

1. İddiaçı Kirijnovskaya Larisa Qriqoryevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı yerinin açılmasına və qapı qoyulmasına cavabdehlər tərəfindən yaradılan maneçiliyin qadağan edilməsi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1-ci Hərbi Şəhərcik. ev 3 unvanında yerləşən sahibliyində olan 150 kv.m ərazidə evinin ətrafından hasarın tikilməsinə yaradılan maneçiliyin qadağan edilməsi, ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə onun razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində kirayə haqqı kimi üç aylıq kirayə haqqı olaraq, ödədiyi 600 manat məbləğində, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Daha sonra iddiaçının nümayəndəsi, Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələrin aradan qaldırılması, ünvan 1 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə onun razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində xidmət haqqının, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq iddiaçı Larisa Kirijnovskayaya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə onun anası X14 ünvan 3 ünvanında qohumları X8 ilə razılaşaraq 350 kv.m ərazidə olan torpaq sahəsində 150 kv.m ayıraraq ev tikməyi barədə şifahi razılığa gəlmişdir. Həmin sahədə 55 kv.m-lik bir otaq, bir mətbəx və sanqovşaqdan ibarət bir fərdi yaşayış evi tikildi. Həmin həyətin faktiki olaraq yuxarı hissəsi cavabdehlərə, aşağı hissəsinə isə onlar sahiblik hüququnu həyata keçirməyə və istifadə etməyə başlamışlar. 2013-cü ildə cavabdehlər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək anası X12 və onu ünvan 4 ünvanında yerləşən bir otaqlı evlərindən və torpaq shəsindən çıxarılması ilə bağlı iddia qaldırdı. Lakin məhkəmə iddiaçıların iddiasını rədd edərək onların torpaq və ev üzərində mülkiyyət hüquqlarının olmamasını bildirdi. 2013-cü ilin dekabr ayında anası dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində o, tək yaşamağa başlamışdır. Ondan sonra cavabdeh və onun ailəsi orada normal yaşaması üçün hər cür maneçilikləri yaratmağa başladılar. Ümumi bir həyət olması və eyni darvazadan həyətə daxil olmaları, onun həmin mənzildə tək yaşamağından istifadə edərək fiziki və psixoloji təsirlər etməyə başladılar. Evinə daxil olmaq istəyərkən çox zaman darvazanı bağlayıb ümumi həyətə buraxmırdılar. Ümumi həyətə daxil olmaq üçün qonşulardan divara çıxmağa və qapını açmağı xahiş edir. Hətta bir dəfə özü də divarın üzərindən çıxıb qapını açarkən düşüb ayaqlarınıı əzmişdir. Bundan başqa evinə qələn qonaqları qovub onu onların yanında təhqiramiz formada alçaldıblar. Qış aylarında qazını kəsərək soyuqdan evini tərk etməyə məcbur etmişlər, yay aylarında isə eyni borudan su gəldiyi üçün suyunu kəsib onu evdən qaçırmaq istəyirdilər ki, evi tərk edib getsin. Nə qədər başına insanlığa yaraşmayan, antihumanist addımlar atsalar da başqa yerə getməyə imkanının olmaması səbəbindən qalmağa məcbur olmuşdur. Bu ilin yayında isə onun üçün daha dözülməz vəziyyət yaratdılar. Evə daxil olmaq istəyərkən qapının qıfılını dəyişib evinə buraxmamağa başladılar. Dəfələrlə polisə öz evinə buraxılmaması barədə şikayət etsə də, polislər ona bu işin onların səlahiyyətinə aid olmadığını, məhkəməyə müraciət etməyinin vacibliyini bildirmişlər. «Məhkəmə qərar çıxardığı müddətdə harda qalmalıyam deyə soruşduqda isə ona polis bölməsində qala bilərsən» deyə cavab verdilər. Məcbur olub gecəni rəfiqələrinin evində, sonra isə kirayə tutub qalmağa başlamışdır. Bu ilin sentyabr ayının əvvəlində cavabdehlərin qanunsuzluqlarına qarşı yeni qapı açmaq, evinin ətrafında hasar tikmək istədikdə divarı uçurdular, qapının açılmasına imkan vermədilər. Ustaları və fəhlələri söyüb evdən qovaladılar. Hazırda evindən istifadə etməyə yaratdıqları maneəyə görə kirayə qalır. Tərəflərin izahatları və şahid ifadələri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Larisa 2003-cü ildən yaşadığı evə girə bilmir. Larisanın orada yaşamaq hüququ var. Cavabdehlər zor gücünə Larisanı həyətə buraxmır, istifadə hüququnu məhdudlaşdırılar. Larisanın yaşadığı evə dair qaz, su, işiq xəttlərinin çəkilməsi və istifadəsi ilə bağlı müqavilələri mövcuddur.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, ünvan 5 ünvanında 2 ədəd fərdi yaşayış evi vardır. 2003-cü ildə Larisanın anası Valentina özünə məxsus evi sataraq sözügedən ünvanda torpaq sahəsinin bir hissəsini satın alaraq 2-ci evi tikdirmişdir. Evi anası Larisa ilə birlikdə tikmişdir. Bununla bağlı evi tikən ustalar, məhəllədəki insanlar şahid qismində məhkəmədə ifadə verə bilərlər. Larisanın özünün ayrıca kommunikasiya xətləri, sayğacı vardır. Cavabdehlər hazırda Larisanı evə buraxmırlar. Qazı, suyu kəsiblər, qapıdan buraxmırlar. Ona görə Larisa başqa yerdə yaşamağa məcbur olub. Evinə daxil olmaq üçün evin hasarından aşmaq məcburiyyətində qalır. Cavabdehlər Larisaya orada yaşamaq üçün maneələr törədirlər.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, özünə məxsus 1 otaqlı mənzili 8000 dollara satmışdır. Həyətdəki evi 4000 dollara tikmişdir. Ev tikiləndən sonra 2003-cü ilin iyulunda Valentina ora köçmüşdür. Onlar həmin evi tikəndə bibisi də onlarla birlikdə qalırdı. Valentina tikilən evə görə onlara hər hansı pul verməyib.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Larisanın əri erməni idi və o, Ermənistana getdi, oranın vətəndaşı oldu. Daha sonra ərindən boşandı və Gürcüstana getdi və Gürcüstan vətəndaşlığını qəbul etdi. Larisanın anası Valentina onun bibisidir. Valentina Larisaya kömək etmək üçün evini satdı və yaşamaq üçün onlara müraciət etdi. O, da Valentinanın torpaqlarında yerləşən yardımçı tikilidə yaşamasına icazə vermişdir. İddiaçının qeyd etdiyi ev 55 m2-dir və onun öz ailəsi tərəfindən tikilmişdir. Bununla bağlı şahidləri var. Özü orada 1984-cü ildən yaşayır. Valentina yardımçı tikilidə ölənə qədər yaşamışdır. Larisa isə orada daimi yaşamayıb, arada gedib-gəlmişdir. Onlara məxsus həyətin həmişə 1 qapısı olmuşdur. Tərəflərindən heç vaxt nəiddiaçıya, nə onun anasına torpaq sahəsi satılmamışdır. İddiaçı tərəf onların evdə olmamasından istiadə edərək, özünə qaz, su, işıq sayğacı qoydurmuşdur.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Larisanın həmin torpağa heç bir subyektiv hüququ yoxdur. İddiaçının tələbi də dəqiq deyildir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Həmin ərazi Cavabdeh1 və onun həyat yoldaşı Aleksandr Qavrilova məxsus olmuşdur. Onlar Larisaya və onun anası Valentinaya həyətdəki yardımçı tikilidə yaşamağa müvəqqəti icazə vermişdilər. Əgər iddiaçı 150 m2 torpaq sahəsini aldıqlarını iddia edirsə, bununla bağlı sübutlarını təqdim etsin. Nəyə görə bununla bağlı hüquqmühafizə orqanlarına müraciət edilməyib. Larisa 2007-ci il tarixə qədər Ermənistan vətəndaşı olub. Ev 2003-cü ildə tikilib. İddiaçı həmin evi necə tikə bilərdi? İddiaçı cavabdehlərin üzərinə qaziləri yollayır, onlara narahatlıq verir. Qazilər deyirlər ki, Larisa evi bizə satıb. Larisa özü orada yaşamır. Həmin tikilidə heç yaşamaq üçün şərait yoxdur, anbar kimi bir yerdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, onlar Larisanın hərəkətlərindən polisə şikayət etmişlər. Çünki evlərinə qaziləri gətirmiş, onları təhqir etmişdir. Larisa uzun müddət orada yaşamayıb, əşyası da yoxdur. Onlar polisə şikayət ərizəsi yazdıqdan sonra darvazanın açarını dəyişdirmişlər. Torpaq sahəsi onun atasına və anasına məxsus olub. Həyətdəki yardımçı tikili 2003-cü ildə tikilmişdir. Larisa əvvəl Ermənistan vətəndaşı olub, 2007-ci ildə Gürcüstan vətəndaşlığını alıb. Larisa erməni pasportu ilə gəlib həmin evi tikdirə bilməzdi.

12. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, hazırki mübahisə üzrə tərəflər onun qonşularıdır. 1985-ci ildən həmin məhəllədə yaşayır. Valentinanın öz evi onların evindən aralı olmuşdur. Sonra Valentina həmin evi satmışdır. Satdıqdan sonra demişdir ki, Marinanın həyətində sotu 1500 dollardan torpaq alıb. Buna qədər Marinanın həyətində torpaq sahəsi olmamışdır. Marinanın həmin vaxt tikinti aparması üçün imkanı da yox idi. Valentinanın oranı tikdirdiyini hesab edir. Oranı Valentina tikib, Larisa isə hazırda küçədə qalıb. Qapının kilidi dəyişdiyindən Larisanın küçədə qaldığının şahidi olmuşlar. Larisanın erməni ilə ailə qurması və Ermənistana getməsi barədə məlumatı vardır. Larisanı son 1-2 ayda həmin həyətdə görməmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Marinanın imkanının olmadığı qənaətinə ona görə gəlmişdir ki, əgər maddi durumu olsaydı öz evinin təmirinə sərf edərdi. Onların həyətində olmamışdır. Lakin qonşular olaraq həyəti müşahidə etdiklərində tikinti getdiyinin şahidi olmuşlar. Ustalar həmin həyətdə işləyirdi. Tikinti davam edən zaman Valentina qardaşı qızı gildə qalmışdır. Valentina özü ona demişdir ki, tikintini özü tikir

14. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır. Proses iştirakçılarını tanıyır. Valentinanın satdığı evini 2003-cü ildə almışdır. 10000 manata aldığı ev 1 mərtəbə, 2 otaq, mətbəx və koridordan ibarət olmuş, yerləşdiyi sahə 6 sota olmuşdur. 2003-cü ilin avqust ayında makler vasitəsilə həmin evi almışdır. Valentina ondan aldığı pulu qızına xərcləmişdi. Marina isə 2 otaqlı evini satmış və həyətdə tikinti tikməyə başlamışdır. Aldığı evə köçəndə Valentinanın həmin evdə əşyaları qalmamışdır. Marinanın ona yazığı gəldiyindən Valentinaya həyətdə yaşamağa ev vermişdir. Valentina özü demişdir ki, Marinanın yazığı gəldiyindən evi yaşamaq üçün vermişdir. Valentina həmdə ona deyirdi ki, pulu yoxdur, xərcləmişdir. Belə olan halda Marinanın həyətindəki evi Valentina tikə bilməzdi. O, həmin həyəti görəndə orada artıq tikili olmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Marina ilə münasibətləri yaxşı olmuşdur. Valentina ilə isə salam-sağol əlaqələri olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-449/2013 saylı 28 yanvar 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər X13 və X2rşı “ tikili və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehlərin iddiaçının həyətyanı sahə kimi istifadəsində olan Bakı şəhəri, ünvan 8 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2013-cü il tarixli, 2(103)-2103/2013 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2013-c il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 cavabdehlər X10 və X1rşı Bakı şəhəri, ünvan 8 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Qətnamədə qeyd edilir ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər X13 və X3 yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsi Biləcəri Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi hər hansı qanuni əsasla iddiaçı X9 ayrılmamışdır.

18. X17, X18 və X16 tərəfindən imzalanan 20.09.2021-ci il tarixli aktdan görünür ki, onlar bu aktı tərtib etməklə mərhum X13 və onun vərəsəsi X5 2003-cü il tarixdə ünvan 10 ünvanında 150 kv.m-lik torpaq sahəsinə 55 kv.m-lik bir otaqlı, yardımçı sahəsi mətbəx, sanitar qovşağı və dəhlizdən ibarət fərdi yaşayış evini öz vəsaitləri hesabına inşa etmişlər.

19. Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən əmlak xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 Qasımovaya məxsusdur. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

20. İddiaçı və cavabdehlər qohumdurlar. İddiaçı Kirijnovskaya Larisa Qriqoryevna Cavabdeh1 bibisinin qızıdır. Digər cavabdehlər Marina Qavrilovnanın qızlarıdır. Yuxarıda qeyd edilən qətnamələrdə adı keçən mərhum X11 cavabdehlərin müvafiq olaraq əri və atasıdır. Cavabdehlərin faktiki olaraq yaşadıqları ev mülkiyyət hüququ ilə onlara məxsusdur. Mübahisənin obyekti sözügedən ünvanda(Biləcəri qəsəbəsi, Hərbi şəhərcikdə 3 saylı evin 2 saylı mənzilinin qarşısında) yerləşən ümumu sahəsi 3.5 sot torpaq sahəsində olan digər tikili ilə bağlıdır. Belə ki, həmin torpaq sahəsi bir həyət kimi istifadə edilir və iddiaçı iddia edir ki, orada yerləşən ikinci ev anası tərəfindən tikilmişdir. Cavabdehlər isə onun evinə giriş-çıxışına şərait yaratmır və bu səbəbdən həmin torpaq sahəsindən keçməklə onun üçün ayrıca qapı qoyulmalı və torpaq sahələri faktiki olaraq bir birindən təcrid olunmalıdır. Çünki cavabdehlər onu evə buraxmamaqla bərabər, onun qonaqlarına və evə gəlib-gedənlərə də qarşı özbaşınalıq edib maneə törədirlər. Eyni zamanda cavabdehlərin onu evə buraxmamasına görə ona 3 aylıq kirayə məbləği həddində, yəni 600 manat zərər vurulmuşdur.

21. İddiaçı tələbini onunla əsaslandırır ki, sözügedən ünvanda yerləşən və hər iki tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinin 1.5 sotu ona məxsusdur. Belə ki, həmin torpaq sahəsi anasının sağlığında cavabdehlərdən dəyəri ödənilməklə əldə edilmişdir.Torpaq sahəsini əldə etdikdən sonra isə anası öz vəsaiti hesabına həmin evi tikmiş və ölənə qədər orada yaşamışdır. Eyni zamanda kommunal xidmətlərə dair müqavilələr də onunla bağlanmışdır.

22. Cavabdeh1 isə iddiaya etirazını onunla əsaslandırır ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki onların sahibliyindədir. Həyətlərində yardımçı tikililəri olmuş və bibisinin xəstə, tək olmasına görə orada yaşamasına icazə vermişdirlər. Çünki bibisi evini qızının müalicəsi və.s üçün satmaq məcburiyyətində qalmış və onun yaşamağa başqa yeri, sığınmağa başqa qohumu olmamışdır.

23. Məhkəmə iclasında dindirilən şahidlər bir-birinə zidd ifadələr vermişlər. Belə ki, iddiaçı tərəfindən dəvət edilən şahid sözügedən evin iddiaçının anası tərəfindən tikildiyini, cavabdeh tərəfindən dəvət edilən şahid isə evin cavabdehlərə məxsus olduğunu bildirmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe təkrar edilmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən torpaq sahəsinə və tikiliyə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İrəli sürülən tələb isə faktiki olaraq iddiaçıya məxsusluğu təsdiq olunmayan torpaq sahəsinə sərəncam verilməsi ilə bağlıdır. Hərçənd ki, iddiaçı tələbini “sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” kimi adlandırmışdır. Lakin iddiaçının tələbinin faktiki əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə, torpaq sahəsinin orada yerləşən tikililərə uyğun proporsional qaydada bölünməsindən ibarətdir. Yəni iddiaçı əslində mübahisə edilən torpaq sahəsinə ayrıca qapı(hasar, darvaza) qoyulmasının və faktiki olaraq torpaq sahəsinin bölünməsini tələb edir ki, bununla da həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qalxmış olsun.

29. Lakin qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi rəsmi reyestrdə qeydə alınmamış daşınmaz əmlaka dair hər hansı hüquq müəyyən edilə bilməz.

30. İddiaçının iddia tələbinin digər hissələri isə törəmə tələblər olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, işin halları ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir.(MM 1096,1097)

31. Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik və istifadə hüquqlarının maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir.

34. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik və istifadə hüquqlarının maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar