Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7756/2023 15.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və bunun qeydiyyatdan çıxarılmasına əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 iyun 2022-ci il tarixdə, Bakı şəhəri 27 saylı Notariat ofisində, AN-1 ******* saylı alqı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli evin 2-ci mərtəbəsinədə yerləşən 2-otaqlı mənzili X1 almışdır. Həmin mənzilə dair xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışı ilə tam xüsusi mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh alqı-satqı zamanı yazılı ərizə verərək alqı-satqıya icazə verdiyini və 30 gün müddətinə qeydiyyatdan çıxacağını bildirsə də, həmin vaxtdan bu günə qədər mülkiyyətində olan, ünvan 3 mənzilində formal olaraq pasport qeydiyyatında qalmışdır. Əvvəllər həmin şəxsi tanımamış və hal hazırda harada yaşamasından məlumatı yoxdur. Beləliklə cavabdehlər onun mülkiyyətində olan ünvan 3 mənzilində pasport qeydiyyatında qalmasına baxmayaraq onun qeydiyyatı formal xarakter daşıyır. Digər bir fakt da odur ki, cavabdeh formal olaraq mənzildə qeydiyyatda olmasına baxmayaraq heç bir kommunal xidmət xərclərini ödəmir, ona aid xərcləridə özü ödədiyi üçün ona maddi ziyan dəyir. Göstərilən faktlara görə cavabdehin mübahisə yaradan ünvanda formal qeydiyyatda qalması məqsədə müvafiq deyildir. Belə ki, cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda formal qeydiyyada qalması onun Azərbaycan Respublikasında ən ali qüvvəyə malik olan, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarını pozur və ona maddi ziyan vurur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Plenum qərarından göstərilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddia tələbinin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmiş fərdi yaşayış evinə cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etsə də, faktiki olaraq cavabdehin mənzildə pasport qeydiyyatından çıxarılmasını arzu edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Belə ki, pasport qeydiyyatına alınma və pasport qeydiyyatında olma məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və iddiaçı iddia tələbində istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməklə, əslində formal olaraq pasport qeydiyyatında qalmış şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmağa çalışır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması tələbi ilə Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya qeydiyyatdan çıxarılma ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7756/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7756/2023
15.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver