Məhkəmə qərarları › İş №2(001)-7763/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7763/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7763/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində əsas borcun, 1.500 manat əldən çıxmış faydanın və 3.000 manat mənəvi zərərə görə təzminatın, dövlət rüsumu kimi ödədiyi 31 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2004-cü ildən tanıyır, belə ki, o bir sıra dövlət qurumlarında işləmiş və ona özünün hüquqşünas olduğunu bildirmişdir. 24 avqust 2020-ci il tarixdə cavabdeh ona müraciət edərək bildirdi ki, ona təcili olaraq 5000 manat məbləğində pul lazımdır. Həmin pulu ən geci 1 həftə ərzində qaytaracaqdır, əgər pulu qaytara bilməsə xarici markalı avtomaşının ilkin dəyəri kimi həmin pulu hesablamaqla ona sərfəli şərtlərlə kreditə maşın verəcəkdir. Hətta o həmin maşının şəklini də çəkərək ona göndərmişdir. O, bu insanın sözlərinə və vədlərinə inanaraq ona 5.000 manat məbləğində pul vermişdir. Lakin cavabdeh vəd verdiyi kimi nə 1 həftə ərzində aldığı pulu ona qaytardı, nə də ki xarici maşını ona təqdim etdi. Keçən bu müddət ərzində o, pulu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan aldığı pulu qaytarmamış və onu ağır bir duruma salmışdır. Halbuki, bu müddət ərzində aralarında aparılmış “whatsapp” yazışmalarında da o həmin pulu ondan aldığını və qaytaracağını etiraf etmişdir. Cavabdeh onu aldatmış, onun inamından sui-istifadə etmişdir. Halbuki bu vəsait onda qalsaydı bu 1 il 1 ay müddətində o, həmin pulun dövriyyəsindən gəlir götürərdi, təkcə bu müddət ərzində həmin pulun bank faizi 1.000 manat təşkil edir ki, o, bu vəsaitdən də məhrum olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən aldadıldığı üçün o, əsəb-stres keçirmiş, diskomfort bir şəraitə düşmüş, bu müddət ərzində o, dəfələrlə ona zəng vurmuş, yaşadığı ünvana getmiş, taksi xidmətlərindən istifadə etmişdir ki, buna da təxminən 500 manatdan artıq vəsaiti sərf olunmuşdur. Cavabdeh ona ümumilikdə 1.500 manat maddi və 3.000 manat mənəvi ziyan da vurmuşdur ki, o da həmin vəsaiti cavabdehdən tələb edir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, iddiaçıdan əmisi oğluna məxsus olan avtosalonda yerləşən iddiaçının bəyənmiş olduğu avtomaşına görə 500 manat məbləğində beh almışdır. Geridə qalan iddia tələbi üzrə iddiaçının iddia etdikləri isə cəfəngiyyatdan başqa bir şey deyildir. 500 manat pulun verilməməsinin səbəbi isə özünün avtomaşını almağından imtina etməsi olmuşdur. Onu da belə izah etmişdir ki, bacısının toyu olduğundan bütün məsrəflərini ora xərcləmişdir. Ona görə də qeyd edilən xüsusatların nəzərə alınmasını və iddianın 500 manat hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, +994 55 771 95 50 və +994 70 218 04 01 əlaqə nömrələri Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus +994 55 771 95 50 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmaları: Cavabdeh: “23 avqust 2020-ci il, saat 17:08 - Əmioğlu zəng eləmişdi. Saat 17:21 - Dedi maşın var, niva 2018-ci ilin qalanvagen faralarla, bmv sdeniya, aparatura vopsem salon təmiz bmv, xolodilnik, kondisioner hər şeyi var. 14.500 deyib əmioğlu salıb 12.800 razılaşdırıb. Əli yandıda satır. 10.000 maşına əlavə pul qoyub. Deyir al üstündə rahat 3.000-4.000 manat tut. Razısansa beh verim. Məndə 7.500 evdə var. 5.000 versəydin üstündə qaytaranda 500 də verərəm. Uzağı bir həftəyə qaytaracam. Fiatımda var onuda 8.000 istəyirlər. Uzaqbaşı onu tez satıb verərəm. Saat 17:22 - Dedi pul ona sabaha təcili lazımdır əgər razısansa beh verim, sabah pulunu çatdır.” İddiaçı: “23 avqust 2020-ci il, saat 17:43 – Evin pulu anamdadı, İstəyib alaram. Nə vaxta lazımdır?” Cavabdeh: “23 avqust 2020-ci il, saat 17:45 – Kömək edəcəksənsə 5000 manat, alım onu. Bayaqdan yenə yığmışdı əmioğlu” İddiaçı: “23 avqust 2020-ci il, saat 17:46” – Yazdım, oxumadın. Anam gəlsin deyib götürəcəm.” Cavabdeh: “23 avqust 2020-ci il, saat 17:47” – Bir dənə hyundaı tukson var özüm baxacam” İddiaçı: “23 avqust 2020-ci il, saat 17:47” – Necə gəlib baxassan?” Cavabdeh: “23 avqust 2020-ci il, saat 17:47, 17:48, 17:49” – Səndə baxarsan, xoşun gəlsə onu verərəm sənə əmioğlu ilə özüm hesablaşaram, 15.500 qoyub satışa, öz mayasına ondan alacam.” Cavabdeh: “24 avqust 2020-ci il, saat 10:36” – sən kömək edəcəksən” İddiaçı: “24 avqust 2020-ci il, saat 10:36” – hə” Cavabdeh: “24 avqust 2020-ci il, saat 10:36, 10:48” – inşallah baxım, yığacam səni, həm də evdən pulu götürüm, hə Bakıdan çıxanda səni yığacam” İddiaçı: “24 avqust 2020-ci il, saat 12:35” – Gələndə zəng edərsən yerimi deyərəm” Cavabdeh: “24 avqust 2020-ci il, saat 12:35, 13:32, 13:33” – ok, çıxdım, gəlirəm Sumqayıta, yəqinki 3-40 dəqyə çataram” Cavabdeh məxsus +994 70 218 04 01 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmaları: İddiaçı: “12 oktyabr 2020-ci il, saat 16:07” – məndən başqa hamının telefonuna cavab verirsən. Mən həqiqi səni anlamıram, əgər pulu qaytarmaq fikrin yoxdusa və ona görə məndən qaçırsansa mənə de bilim” Cavabdeh: “15 oktyabr 2020-ci il” – ancaq ailəm və rəhbərliklə danışa bilirəm bu telefonla. Mənim 2 nömrəm var. İkisinidə bilirsən kiminsə pulunda gözüm olmaz, sağ salamat geri qayıdım narahat olma dərhal ödəyəcəm” Cavabdeh: “20 aprel 2020-ci il, saat 10:02” – sənədlərimi düzəldirəm may ayının 15 pul köçəçək kartıma ödəyəcəm. Zəhlə tökmə boş boş sözlərinlə, telefonum xarabdır” 24 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında tanışlıq münasibətləri olmuşdur. 23 avqust 2020-ci il tarixdə cavabdeh iddiaçıya “Niva” markalı avtomobilin alınması üçün 5.000 manat məbləğində pulunun çatmadığını bildirmiş və bu məqsədlə iddiaçıdan 5.000 manat məbləğində borc pul istəmişdir. Cavabdeh həmin borcu 1 həftəyə qaytaracağını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, “Hyundai Tukson” markalı avtomobil var, iddiaçının xoşu gələrsə avtomobili iddiaçıya verər, əmisi oğlu ilə isə özü hesablaşar. İddiaçı cavabdehə 5.000 manat məbləğində borcun verilməsi barədə razılığını bildirmiş və həmin məbləği 24 avqust 2020-ci il tarixdə cavabdehə vermişdir. Daha sonra iddiaçı cavabdehə borcun qaytarılması ilə bağlı müraciətlər etmiş, cavabdeh isə borcundan boyun qaçırmadığını, borcunu ödəyəcəyini bildirmişdir. Hazırda iddiaçı 5.000 manat məbləğində əsas borcun, 1.500 manat əldən çıxmış faydanın, mənəvi zərərə görə 3.000 manatın və dövlət rüsumu kimi ödədiyi 31 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan bəyənmiş olduğu avtomobilə görə 500 manat beh aldığını bildirərək, iddianı 500 manat hissədə qəbul etdiyini, digər hissələrdə isə qəbul etmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin “5.000 manat borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan 5.000 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 5.000 manat borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin etirazı ilə bağlı isə qeyd edir ki, cavabdeh iddiaçıdan bəyənmiş olduğu avtomobilə görə yalnız 500 manat məbləğində beh aldığını, iddianın digər hissələrinin cəfəngiyyat olduğunu bildirsə də, qeyd edilənlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 1.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsini sübut olunmadığından əsassız hesab edir. Məhkəmə iddia tələbinin “500 manat məbləğində maddi ziyanın tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı borcun qaytarılmadığı müddətdə cavabdehə zənglər etdiyini və taksi xidmətlərindən istifadə edərək dəfələrlə cavabdehin yaşadığı ünvanına getdiyini, buna da təxminən 500 manatdan artıq vəsaiti sərf etdiyini bildirsə də, qeyd olunanlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin 3.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 5.000 (beş min) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia digər hissələrdə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi dövlət rüsumunun 16 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 16 (on altı) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar