Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-777/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı əmlakın naturada paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 iyul 2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının anası Güllü İsayeva Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 54 saylı evi və həyətyanı torpaq sahəsini iddiaçının qardaşı Mirzə Mirzəyev və iddiaçı arasında bölüşdürmüşdür. Belə ki, 24 iyul 2002-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 71.8 kv.m. olan 5 otaqlı mənzil və 114.4 kv.m. torpaq sahəsi iddiaçıya, 2 otaqlı ümumi sahəsi 42.6 kv.m. olan ev və 225 kv.m. torpaq sahəsi isə qardaşı olan cavabdehə bağışlanmışdır. Lakin cavabdeh müqavilənin şərtlərinə zidd olaraq iddiaçıya məxsus olan 65 kv.m. torpaq sahəsini qeyri-qanuni olaraq zəbt edərək hasara almış, həmin qeyri-qanuni zəbt edilmiş 65 kv.m. torpaq sahəsindən evinə girmək üçün həm maşın yolu kimi, həm də, piyada yolu kimi istifadə edir, iddiaçının evinə giriş-çıxışa maneə yaradır və iddiaçıya rahat yaşamağa imkan vermir. Dəfələrlə cavabdehə bu barədə həm şifahi, həm də yazılı xəbərdalıq edilsə də, cavabdeh deyilənlərə əməl etməmiş və öz qanunsuz əməllərinə davam etmişdir. Bu səbəbdən də, hərənin öz həyətinə ayrı giriş-çıxışı olması səbəbi ilə iddiaçı “əmlakın naturada paylara uyğun olaraq bölünməsi tələbinə dair” məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçiləri payın və ya payların ayrılması barədə öz aralarında razılığa gələ bilməzlərsə, payçılardan birinin tələbi ilə məhkəmə tərəfindən əmlakın naturada bölünməsinə və payın ayrılmasına qərar verilir. Ona görə də iddiaçı paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 54 saylı evin və həyətyanı torpaq sahəsinin naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən evin özünə aid hissəsini 2013-cü ildə Cavabdeh satmış və hal-hazırda iddianın hansı səbəbdən ona qarşı verildiyi ona aydın deyil. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsini və Cavabdeh iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində inşa olunmuş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizə onun iradəsinə uyğun tərtib edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsində hər hansı qanunsuz tikili mövcud deyil. Eyni zamanda heç birinci ərizə də onun iradəsinə uyğun tərtib edilməyib. Belə ki, onun tələbi anası tərəfindən vaxtilə ona verilmiş torpaq sahəsinin ona qaytarılmasından ibarətdir. İki tələb arasında seçməli olsa, məhkəmə tərəfindən birinci tələbə baxılmasını istəyir, amma əslində ona ancaq torpaq sahəsinin istifadəsinə qaytarılması lazımdır, fərdi yaşayış evi onsuz da paylara uyğun mülkiyyətçilərinin istifadəsindədir. Torpaqdan isə onun istifadəsinə məhdudiyyətlər yaranır. Ümumiyyətlə nə fərqi var, məhkəməyə hansı tələblə müraciət edib. Məhkəmə ona torpağını qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, iş üzrə bütün hərəkətləri iddiaçının iradəsinə uyğun edib. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, evi 10 il əvvəl iddiaçının qardaşından alıb və həmin vaxtdan həmin evdə yaşayır. İddiaçının halhazırda ondan nə istədiyi ona aydın deyil. Nəsə mübahisəsi var idisə, vaxtında qardaşı ilə edərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddiaçının birinci və ya ikinci tələbinə baxılmasından asılı olmayaraq, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iddiaçının həmin tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 hal-hazırda İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Fərdi yaşayış evinin Cavabdeh məxsus hissəsi 2013-cü ildə iddiaçının qardaşı tərəfindən ona satılmış və Cavabdeh payına münasibətdə xx.xx.2013-cü il tarixdə çıxarış almışdır. Fərdi yaşayış evi faktiki olaraq naturada bölünüb, tərəflərin bir-birinə hər hansı maneçiliyi yoxdur. İddiaçının tələbinin mahiyyəti torpaq sahəsinin bölünməsi ilə bağlıdır. Bu həm ilkin iddia ərizəsinin məzmunundan, həm də onun məhkəmə iclasında verdiyi izahatdan aydındır. Tələbinin əsası kimi o, torpaq sahəsinin anası tərəfindən vaxtilə ona verilməsi barədə xx.xx.2002-ci il tarixli müqaviləyə istinad edir. Halbuki, iddiaçının bölünməsini tələb etdiyi torpaq sahəsinin tərəflərdən hər hansı birinin və ya vaxtilə iddiaçının anasının mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın naturada paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-777/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-777/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver