Məhkəmə qərarları › İş №2(001)-7798/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7798/2025

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7798/2025 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Məhyəddin qızının sədrliyi, Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat əsas, 150 manat cərimə və ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 350 №-li kredit müqaviləsinə əsasən kreditor borcalana kredit yolu ilə 7480 manat məbləğində məişət avadanlığı verir. Borcalan isə 1000 manat ilkin ödəniş etməklə qalan məbləği 24 ay müddətində aylıq 270 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. Müqavilənin digər bəndinə əsasən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda 150 manat məbləğində cərimə ödəyir. Bundan başqa xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə 350 saylı zaminlik müqaviləsi bağlanmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrnin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 7480 manat məbləğində məişət avadanlığını verməyi, borcalan isə 1000 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay müddətinə aylıq ödəniş 270 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə razılaşdırılmış məhsullar alıcıya təhvil verilmişdir.

6. İddiaçı (VÖEN **********) ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 350 saylı zaminlik müqaviləsindən görünür ki, Qəribli X2 Fazilə Tofiq qızı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsi ilə əlaqədar borcalan kreditor qarşısında öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

7. İddiaçı tərəfindən məhkəmə iddia qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin müəyyən edilmiş halları:

8. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsi bağlanmış, İddiaçı tərəfindən Cavabdeh1 7480 manat məbləğində məişət avadanlığı satılmış, sonuncu isə 1000 manat ilkin ödəniş müqabilində 24 ay müddətində aylıq 270 manat ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsi üzrə 4000 manat əsas, 150 manat borc hesablanmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

11. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

13. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

14. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

15. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

18. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin Cavabdeh2 tutulması hissəsində iddianı əsaslı hesab etmir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.

20. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır.

21. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

22. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 6.1-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə borclunun müqavilə üzrə “Kreditor” qarşısında öhdəliklərini tam icra edənədək qüvvədədir”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.

23. Kredit öhdəliyinin icrası vaxtı 05 iyun 2024-cü il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

27. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

28. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4000 manat, cərimə borcuna görə 150 manat olmaqla, ümumilikdə 4150 manat məbləğində pul vəsaiti və 60 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı (VÖEN **********) qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iddiası qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 350 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4000 manat, cərimə borcuna görə 150 manat olmaqla, ümumilikdə 4150 (dörd min yüz əlli) manat məbləğində pul vəsaiti və 60 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı (VÖEN **********) qızına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar