Məhkəmə qərarları › İş №2(001)-788/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-788/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-788/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" MMC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “Saipa Saina EX” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi-Mehdiabad yolu ilə Zabrat qəsəbəsi istiqamətində, saatda 20-30 km sürətlə hərəkət edirmiş. Bu vaxt qarşıda sərt döngəyə 30-40 metr qalmış, əks istiqamətdə olan “SAZ NP37” Microavtobus markalı **-BS-*** dövlət qeydiyyat nömrəli avtobus həmin döngəni sürətli və sərt formada dönmüşdür. Avtobusla aralarında təxminən 10 metr məsafə olanda həmin avtobus idarəetməni itirmiş, sürüşərək üstünə gəlmiş və onun qəzadan yayınmağa imkanı olmamışdır. Toqquşma zamanı xəsarətləri alın nahiyyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, sol Vİİİ qabırğanın sınığı, sağ budun aşağı 1/3-nın ön-iç və diz oynağının bayır səthlərinin, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematomaları, sağ qamış sümüyünün medial topuq çıxıntısının sınığı, sol diz oynağının ön səthinin yuxarı yarısının sıyrığı, və həmin xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin rəyində öz əksini tapmışdır. Bununla da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-542/2024 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Belə ki, hadisədən sonra təqsirləndirilən şəxs və yüksək təhlükə mənbəyinin (avtobusun) sahibi onunla maraqlanmamış, səhhətinə vurmuş olduğu ziyanı qarşılamamış və avtomobilinə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışlar. Belə ki, 2023-cü ilin avqust ayında "xxxx" MMC-dən 32 aylıq Lizinq müqaviləsi əsasında ilkin ödəniş 2900 manat ödəməklə, aylıq ödəniş isə 396 manat olmaqla və müddət bitdikdən sonra isə avtomobilin adına rəsmiləşdirilməsi şərti ilə avtomobil götürmüşdür. Lakin “SAZ NP 37” Microavtobus markalı **-BS-*** dövlət qeydiyyat nömrəli avtobusun sürücüsünün təqsiri üzündən avtomobil yarasız hala düşmüşdür. Avtomobilin təmirinə 5000 manat, ona vurulmuş xəsarətlərinə görə müalicə və müayinələrinə xərclədiyi 3000 manat və ayağının əməliyyatına hazırda tələb olunan olunan 2000 manat məbləğ, xəsarətləri ilə bağlı və avtomobilin aylıq ödənişlərini, yəni 9 ay müddətində aylıq ödəniş olan 396 manat məbləği ödəyə bilmədiyindən yığılıb qalmış 3564 manat məbləğ, bundan başqa taksi fəaliyyəti ilə məşğul olaraq qazandığı əldən çıxmış faydaya görə hər ay 1500 manat olmaqla, 9 ay müddətinə 13500 manat və mənəvi zərərə görə 3000 manatın yüksək təhlükə mənbəyinin (mikroavtobus) mülkiyyətçisi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə iddia qaldırmaq məcburiyyətindədir. Bu səbəbdən də, məcburiyyət qarşısında qalaraq ona dəymiş olan ziyan və zərərləri, əldən çıxmış olan faydanı və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Avtomaşının təmirə ehtiyacı olduğu üçün və sağlamlığına vurulmuş zərərlə bağlı onun istifadəsinə məhdudiyyət yaranmışdır. Nəticədə mülkiyyətində olan avtomaşının istifadəsindən məhrum olmuşdur. Səhhətinə vurulmuş zərərlə bağlı hal-hazırda kastellə gəzir və əməliyyata ehtiyac vardır. Pulu olmadığından əməliyyata girə bilməmişdir. Hazıra kimi 3000 manat müayinə və müalicələrinə pul xərcləmişdir. Əməliyyatına isə 2000 manat məbləğində pul tələb olunur. Ümumilikdə səhhətinin bərpa olunması üçün 5000 manat məbləğ tutulmalıdır. Avtomobilinə dəymiş ziyanla bağlı avto-təmir sexindən maraqlandıqda ona bildirmişlər ki, avtomobilin təmir edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 5000 manat məbləğində pul lazımdır. Bundan başqa onu da qeyd etmişdir ki, avtomobil yararsız hala düşdüyündən o, avtomobildən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olmaqdan məhrum olmuşdur. Hadisə baş verən gündən 9 ay müddət ərzində aylıq ödəniş olan 396 manat məbləğini ödəyə bilmədiyindən hazırda 3564 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, avtomobilə ödədiyi ilkin ödəniş 2900 manat məbləğ əlindən çıxmışdır. Bundan başqa, taksi fəaliyyəti ilə məşğul olaraq qazanmalı olduğu əldən çıxmış faydaya görə hər ay 1500 manat olmaqla 9 ay müddətinə ümumilikdə 13500 manat məbləğ əlindən çıxmış və ailəsini dolandırmaq hüququndan məhrum olmuşdur. Bundan başqa mənəvi zərərə görə ziyanın məbləğini 3000 manat dəyərləndirmişdir. O, hesab edir ki, cavabdehlərin günahı ucbatından ona vurulmuş maddi və mənəvi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində, sağlamlığına dəymiş zərərin əvəzi olaraq 5000 manatın, idarə etdiyi “Saipa Saina EX” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində avtomaşına dəymiş 5000 manat məbləğində maddi ziyanın, əldən çıxmış faydaya görə (9 ay müddətində taksi xidmətindən istifadə edə bilmədiyindən qazancsız qaldığına görə) 13500 manat, habelə avtomobilə ödənilmiş ilkin ödəniş 2900 manat və 9 aylıq tələb olunan ödəniş məbləği 3564 (üç min beş yüz altmış dörd) manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat və ödənilmiş 179 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələblərini qəbul etməməklə yanaşı, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh nümayəndəsinin izahatlarının dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 542/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdə xx.xx.2021-ci il tarixli BB107992 nömrəli nəqliyyat vasitəsinə əsasən **-PT-*** dövlət qeydiyyat nişanlı, Saipa Saina markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olduğu qeyd edilmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli, 16/117 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı bədənində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, sol Vİİİ qabırğanın sınığı, sağ budun aşağı 1/3-nin ön-iç və diz oynağının bayır səthlərinin, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematomaları, sağ qamış sümüyünün medial topuq çıxıntısının sınığı, sol diz oynağının ön səthinin yuxarı yarısının sıyırğı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15 yanvar 2024-cü il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışlardan görünür ki, “Saipa Saina EX” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə X1 verilmiş etibarnamələrdən görünür ki, "xxxx" MMC tərəfindən X1 ** PT *** dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobili sürmək icazəsi verilmişdir. Həmin etibarnamələrin hər biri 1 (bir) ay müddətində etibarlıdır. Əgər adıçəkilən şəxs avtomobildən “taksi” kimi istifadə edərsə bu zaman Azərbaycan Respublikasının mövcud qanunlarına müvafiq olaraq, xüsusi icazə (lisenziya) və fərqlənmə nişanı almalıdır. Qanunsuz “Taksi” fəaliyyətinə görə məsuliyyəti şəxsən vətəndaşın özü daşıyır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 09 radələrində etibarnamə olmadan idarə etdiyi “SAZ NP 37 Avtobus Microavtobus” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Binəqədi şossesi ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və İddiaçı idarə etdiyi “Saipa Saine EX” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-542/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində sağlamlığına dəymiş zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb etsə də, onun cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində bədəninin müxtəlif nahiyələrinə xəsarətlərin yetirilməsi işin mübahisəsiz halı olsa da, həmin xəsarətlərin müalicəsi üçün iddiaçı tərəfindən 5000 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən dəymiş xəsarətlərin növünü (xəsarətlər əsasən sümük sınıqlarından və hematomalardan ibarətdir), həmçinin icbari sığorta çərçivəsində müalicə imkanlarının mövcudluğunu nəzərə almışdır. İddia tələblərinin “Saipa Saina EX” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində avtomaşına dəymiş 5000 manat məbləğində maddi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi iddiaçının həmin tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmaması əsası ilə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, “Saipa Saine EX” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir, iddiaçı həmin avtomobili etibarnamə əsasında idarə edən şəxs olmuşdur. Bununla yanaşı iddiaçı məhkəmə iclasında verdiyi izahatında lizinq şirkətinə məxsus avtomobilin onun tərəfindən təmir edilmədiyini bildirərək, həmin avtomobilin onun tərəfindən təmir edilməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbinin “əldən çıxmış faydaya görə (9 ay müddətində taksi xidmətindən istifadə edə bilmədiyindən qazancsız qaldığına görə) 13500 manat pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı taksi xidmətinin göstərilməsinə əsaslansa da, bu xidmətin göstərilməsi üçün tələb olunan müvafiq lisenziyanı məhkəməyə təqdim etməmişdir. İddia tələbinin “avtomobilə ödənilmiş ilkin ödəniş 2900 manat və 9 aylıq tələb olunan ödəniş məbləği 3564 (üç min beş yüz altmış dörd) manat pul vəsaitinin tutulması” hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Əsas iddia tələbləri təmin edilmədiyi, həmçinin mötəbər sübutlarla təsdiq edilmədiyi üçün iddia tələbləri “mənəvi zərərin əvəzi olaraq 3000 manat pul vəsaitinin cavabdehlərdən tutulması” hissəsində də təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar