Məhkəmə qərarları › İş №2(001)-789/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-789/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-789/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızına qarşı vurulmuş maddi zərərə görə 24000 manat və mənəvi zərərə görə 20000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızına qarşı vurulmuş maddi zərərə görə 24000 manat və mənəvi zərərə görə 20000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X3 13 oktyabr 2013-cü ildə dünyasını dəyişəndən sonra, anaları X4 Cavabdeh1 və onun qızına maddi və mənəvi dəstək olmaq üçün müvəqqəti olaraq İddiaçı1 mülkiyyətində olan mənzilə dəvət etmişdir. Cavabdeh1 və qızı mütamadi olaraq tərəflərin anasına qarşı zor tətbiq etmiş, cavabdeh və qızı tərəfindən edilən zülümlərə, əsəb və gərginliyə dözməyərək anaları 16 avqust 2020-ci il tarixdə qəflətən beyninə qan sızaraq vəfat etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 tərəfindən iddiaçı xeyli miqdarda maddi ziyana məruz qalmışdır. Belə ki, cavabdeh İddiaçı1 mülkiyətimdə olan ünvan 1 ünvanda yerləşən mənzilə xeyli maddi ziyan vurmuş, ona məxsus olan xalçaları, büllur qabları, 96 person və “madonna” serviz qabları, tikiş maşınını, çoxsaylı əşyaları, əl işlərini və əntiq əşyaları icazəsiz götürərək bəzilərini digər Cavabdeh2 Faiq qızına vermişdir. Həmin əşyaların onda olmasını cavabdeh özü etiraf etmişdir. Həmçinin Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan mənzildə yaşamağa imkan verməmiş, mənzildə pişik və xomyaklar saxlayır, belə vəziyyətdə yaşamaq mümkün deyildir. 11 sentyabr 2020-ci il tarixdə İddiaçı1, İddiaçı2, həyat yoldaşı X5 və 2 azyaşlı övladları və südəmər körpə ilə birgə qeyd mübahisəli mənzilə gələrkən, evdə olan bəzi əşyaların evdə olmadığını gördülər. Bu barədə evdə olan cavabdehdən soruşanda o, qeyri-etik ifadələr işlədərək onlara hədə-qorxu gəldi və əlinə benzin dolu 1 litrlik qab və kibrit götürərək onları yandıracağı ilə hədələdi. İddiaçı1 ondan evin əşyalarının hara itdiyini soruşanda “sən kimsən” kimi ifadələr və müxtəlif təhqirlər işlətməyə başladı. İddiaçı1 ona mənzilin mülkiyyətçisi olduğunu bildirdi və ondan icazəsiz evinin dağıdılmasının və əşyaların yoxa çıxmasının yolverilməz olduğunu bildirdi. Həmin vaxt məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı1 evinin əşyalarının bir qismini Cavabdeh2 vermişdir. Cavabdeh1 telefon ilə Cavabdeh2 zəng etdi və Cavabdeh2 isə cavabında iddiaçıların ünvanına təhqirlər işlətdi və birbaşa olaraq əşyaların onda olduğunu bildirdi. Daha sonra, Cavabdeh1 ardıcıl olaraq iddiaçıları təhqir edərək, əlindəki benzin dolu 1 litrlik qabı üstülərinə tökdü. Benzin hətta 2 yaşı tamam olmamış körpə uşağın üstünə də tökülmüşdür. Ardınca, əlindəki kibriti yandıraraq onların üstünə atdı, lakin İddiaçı1 cəldlik göstərərək yanan kibriti havada tutub söndürdü, körpə uşaqları və atalarını evdən tez uzaqlaşdırdı, üzünə və üzərinə düşən benzini yumaq üçün vanna otağına keçdi, bu zaman səs küyə gələn 5-ci PB-nin sahə üzrə müvəkkili Tehran Ələsgərli və digər bir polis mayoru bu hadisənin şahidi oldular. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında məhkəməyə bildirdi ki, Cavabdeh1 2013-cü ildə ataları rəhmətə getdikdən sonra analarının yaşadığı evə köçərək uşağı ilə birlikdə onun mülkiyyətində olan evdə yaşayıblar. Analarına şiddət belə göstərirdi. Bu iş materiallarına əlavə edilmiş şəkillərlə təsdiq edilir. Anaları rəhmətə getdikdən sonra o, bir neçə dəfə evinə getməyə cəhd etmiş, ancaq Cavabdeh1 onu evə buraxmamışdır. Onu görən kimi dərhal 102-yə yığırdı. Hətta sonuncu dəfə evə İddiaçı2 və onun körpə uşaqları ilə birlikdə getdilər. Cavabdeh1 onların üstünə benzin tökərək, kibriti yandırdı. O, kibriti söndürməsə idi nələr baş verəcəyini təsəvvür belə etmək istəmir. Anaları öləndən sonra analarına məxsus bütün əmlaklar həmin evdə qalmış, lakin sonradan o, evə gələndə görmüşdür ki, cavabdehlər həmin əmlakların hamısını oğurlamışlar. Əmlakların mövcudluğu fotoşəkillərlə sübut edilir. Həmin əmlakların çoxusunun maddi dəyəri yüksək olmasa da, mənəvi dəyəri çox yüksəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında məhkəməyə bildirdi ki, anası rəhmətə getdikdən sonra qardaşı və körpə uşaqları ilə evə getdikdə Cavabdeh1 onların üstünə benzin tökərək, kibriti yandırdı. Bu qeyri-insani hərəkət sayılır, uşaqlar ağır sarsıntı keçirdiblər, hal-hazırda uşaqları psixoloqa aparır. Evdəki əşyaların oğurlanmasını isə cavabdehlər birlikdə həyata keçirib. Ananlarını sağ olan zaman incidən insanlar nə haqla ona məxsus əşyaları götürür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Faiq qızı izahatında məhkəməyə bildirdi ki, o, mübahisəli mənzildə yaşamır. İddiaçıların əsas məqsədi bacıları Cavabdeh1 o evdən çıxartmaqdır. Anaları rəhmətə getdikdən sonra o, evində anasına yas mərasimi verirdi, təkcə aşsüzəni gedib həmin evdən götürmüşdür. Anasının yaşadığı evdə yas mərasimi verən zaman isə qardaşı gəlib bütün qonaqları qovdu və analarına məxsus əşyaları servant qarışıq bir otağa yığıb qapısını bağladı. Paltartikən maşını isə anaları sağlığında ona vəsiyyət etmişdi, bunu hamı bilirdi. Ona görə də, paltartikən maşın ondadır və qardaşı hansı əsaslarla həmin maşını ondan tələb edir başa düşmür. Benzin söhbətinə gəldikdə isə, Cavabdeh1 iddiaçıların üzərinə qorxutmaq məqsədilə su töküb. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, o, qızı ilə birlikdə hal-hazırda İddiaçı1 mülkiyyətində olan evdə yaşayır. Həmin ev onların ata evidir. Ataları öləndən sonra fikirləşdilər ki, ev qardaşlarının adına olmalıdır və hamısı gedib imtina ərizələrini yazıdılar. Həmin vaxt onlar düşünməzdilər ki, qardaşı sonradan belə hərəkətlər edəcək. Anaları öləndən sonra qardaşı hələ anasının cümə axşamları verilən zaman gəlib bütün əşyaları bir otağa yığıb otağın qapısını açarla bağlamışdır. Belə olan halda onun servanta yığılmış anasına məxsus əşyalardan hər hansı birini götürməyi imkansız olmuşdur. Həmin əşyaları soyuducu və evin digər əşyaları ilə birlikdə sonradan İddiaçı1 özü gəlib yığıb aparmışdır. Bundan sonra evə mütəmadi olaraq hücumlar etməyə başladı. Altı nəfər birdən gəlirdi onun üstünə. O da özünu müdafiə etmək üçün bir dəfə məcbur oldu ki, onları benzinlə qorxutsun. Əslində qabın içində benzin su ilə qarışıq idi. Təbii ki, heç kimi yandırmaq fikri yox idi. Sadəcə qorxuzmaq istəyirdi. Həmin vaxt orada iddiaçılar, İddiaçı2 əri və uşaqları da var idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. ... “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarına əlavə edilmiş video yazılardan və tərəflərin izahatlarından görünür ki, 11.09.2020-ci il tarixdə Cavabdeh1 iddiaçıların və İddiaçı2 azyaşlı uşaqlarının üzərinə benzin tökmüşdür. İş materiallarında olan 07.04.2021-ci il tarixli, 11/401 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... mülki iş materiallarının psixoloji cəhətdən təhlili və aparılmış eksperimental tədqiqat əsasında belə qənaətə gəlmək olur ki, İddiaçı1 və İddiaçı2 psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər orta dərəcədə olmaqla bacıları Cavabdeh1 hərəkətləri ilə şərtlənmişdir”. Beləliklə, iddiaçıların Cavabdeh1 qanunazidd hərəkəti nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalması iş materialları ilə təsdiq olunur. Bununla yanaşı məhkəmə vurulmuş mənəvi zərərə görə cəmi 20000 manat tələbini ağlabatan hesab etmir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və səhhəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 500 manat məbləğində pul vəsaitinin tutulması ağlabatandır və həmin məbləğ iddiaçıların mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər Vurulmuş maddi ziyana gəldikdə, işin mübahisələndirilməyən halları onda ibarətdir ki, iddiaçılar tərəfindən dəyərinin qaytarılması tələb edilən əşyalar sağlığında tərəflərin anasına məxsus olmuş, tərəflərin atası öldükdən sonra tərəflərin anaları ilə Cavabdeh1 əşyaların yerləşdiyi evdə yaşamış və anaları öldükdən sonra da Cavabdeh1 uşağı ilə birlikdə həmin evdə yaşamağa davam etmiş, analarına məxsus paltartikən maşını Cavabdeh2 Faiq qızı götürmüş və həmin maşın hal-hazırda ondadır. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçılar analarına məxsus və İddiaçı1 mülkiyyətində olan evdə yerləşən əşyaların cavabdehlər tərəfindən götürülməsini iddia edir, cavabdehlər isə həmin əşyaların anaları öldükdən sonra elə İddiaçı1 tərəfindən aparılmasını bildirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçılar İddiaçı1 əmlakları (onların dəyərini) tələb etməyə subyektiv hüququnun olması və onun sahibliyindən çıxmış əmlakların cavabdehlərin faktiki sahibliyində olmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onların üzərinə düşsə də, onlar bu vəzifəni icra etməmişlər. Bununla yanaşı məhkəmə mərhum X2 məxsus paltartikən maşının mərhumun dörd uşağından biri olan Cavabdeh2 Faiq qızında olmasını nəzərə alaraq hesab edir ki, 100 manat məbləğində pul Cavabdeh2 Faiq qızından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 (hərəsinə 50 manat olmaqla) ödənilməlidir. Belə ki, iş materiallarında olan 28.09.2021-ci il tarixli, 9/4658 saylı ekspert rəyində göstərilmişdir ki, “Çayka” markalı, istehsal ili 1980-ci il olan tikiş maşının hazırkı orta bazar dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları ... qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 (hərəsinə 250 manat olmaqla) ödənilməli, 100 manat məbləğində pul Cavabdeh2 Faiq qızından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 (hərəsinə 50 manat olmaqla) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 manat məbləğində dövlət rüsumu ödəmiş və sonradan iddianın predmetini dəyişsələr də, əlavə olaraq rüsum ödəməmişlər. Ona görə də, məhkəmə iddia ərizəsinin qismən – 1,36% hissədə təmin edilməsini nəzərə alaraq hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu kəsiri iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 0.41 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızından müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 (hərəsinə 250 (iki yüz əlli) manat olmaqla) ödənilsin. 100 (yüz) manat məbləğində pul Cavabdeh2 Faiq qızından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 (hərəsinə 50 (əlli) manat olmaqla) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi 180 (yüz səksən) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu kəsiri iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 0.41 (sıfır manat qırx bir qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Faiq qızından müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar