Məhkəmə qərarları › İş №2(001)-7895/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7895/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7895/2024 23.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “texniki şərtin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 May yaşayış massivində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə qaz çəkilməsi üçün texniki şərtin verilmesi öhdeliyinin cabvabdehin üzerine qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Təqdim edilmiş ərizədən belə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə qaz çəkilməsi üçün texniki şərtin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətini təmin etməiyindən iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs kimi müəyyən olunmuşdur. Həmin qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi hazırkı halda iddiaçı ilə cavabdeh arasında qazın alğı-satqısı ilə bağlı müqavilə bağlanmadığından iddiaçı istehlakçı hesab olunmur. Belə olan halda onun iddiasına Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 6.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunduğu kimi iddiaçı hazırda cavabdehə münasibətdə istehlakçı hesab olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev.23 qeyd olunmuşdur. Belə olan halda iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına görə Xətai Rayon Məhkəməsində baxılmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh İB-nə qarşı “texniki şərtin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı “texniki şərtin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar