Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7979/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 14.600 (on dörd min altı yüz) manat maddi zərərin, 200 manat hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tibbi cihazlar satmaq sahəsində özünü İddiaçı MMC-yə təqdim etmiş və iddiaçının etibarını qazanmışdır. Belə ki, Cavabdeh məhz tibbi xidmətlər bazarında, xüsusən tibbi avadanlıqlar və cihazlar təmiri və əldə edilməsi üzrə tanınmış və əlaqəli şəxs olub. Məsələ ilə bağlı isə iddiaçı ilə cavabeh arasında “Shimadzu” markalı Yaponiya istehsalı olan rentgen cihazının gətirilməsi üçün şifahi razılıq əldə edilmişdir. Cihazın ümumi qiyməti 50.000(əlli min) manat dəyərində razılaşdırılmış, onun 14.600(on dörd min altı yüz) manat məbləği öncədən nağd şəkildə ödənilmişdir. Bununla bağlı tərəflər arasında 04.06.2021-ci il tarixdə Akt imzalanmış və həmin aktda cavabdeh rentgen cihazına görə 14.600 manat pul aldığını, qalıq məbləği isə cihazı tam quraşdırıb istifadəyə verdikdən sonra alacağını öz xətti ilə təsbit edilmişdir. Akt iddiaçı tərəfindən onun vəzifəli şəxsi kimi baş mühasib Raminə İsmayılova tərəfindən imzalanmış və möhürlənmişdir. Lakin həmin vaxtdan bu günə qədər cavabdeh iddiaçıya heç bir cihaz gətirməmiş və geri əlaqə saxlamamışdır. Onunla nə qədər əlaqə saxlamaq istəsələr də ortalığa çıxmır və gizlənir. İşin hallarından da göründüyü kimi cavabdeh iddiaçıdan müəyyən mal gətirmək qarşılığında müəyyən məbləğ qəbul etmiş və bunu aktla təsdiq etmişdir. Lakin onlara məlum olmayan səbəblərdən bu günə qədər nə müvafiq tibbi cihazı, nə də pul məbləğini iddiaçıya çatdırmamışdır. Bu isə öhdəlik hüquq münsibətlərindən irəli gələn vəzifələrin pozulması deməkdir və mülki hüquqi məsuliyyət yaradır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 iyun 2021-ci il tarixli Cavabdeh, İddiaçı MMC-nin baş mühasibi İsmayılova Raminə və direktoru Məmmədov Fizuli tərəfindən imzalanaraq tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh Şəmkir rayonundakı “Anemfeld” klinikasından quraşdırılacaq “Shimadzu” markalı Yaponiya istehsalı olan rentgen cihazına görə ödənilməli olan 14.600 manat məbləği nağd şəkildə qəbul etmişdir. Qalan məbləğ 35.400 manat isə cihaz qurulduqdan sonra ödənilməlidir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli Əmək Müqaviləsinə dair bildirişdən görünür ki, X2 İddiaçıMMC-də 09 dekabr 2013-cü il tarixdən müddətsiz baş mühasib vəzifəsində işləyir. İş materiallarında olan 28.09.2021-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 27.09.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən Femida Vəkil Bürosuna 200 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567.1 –ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh ilə aralarında sonuncudan dəyəri 50.000 manat olan “Shimadzu” markalı Yaponiya istehsalı olan rentgen cihazının alınması barədə razılığa gəlmişdir. Həmin razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 14.600 manat məbləğində pul ödənilmiş, qalan 35.400 manat məbləğində pul isə cavabdeh tərəfindən həmin cihazın klinikaya gətirilib quraşdırıldığı halda ödənilməli idi. Lakin cavabdeh bu günədək üzərinə düşən öhdəliyi icra etməyərək, “Shimadzu” markalı Yaponiya istehsalı olan rentgen cihazını iddiaçıya təhvil verməmişdir. Hazırda da iddiaçı cavabdeh tərəfindən üzərinə düşən öhdəlik icra edilmədiyi üçün, ödəmiş olduğu 14.600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əmlaklın dəyərinin bir qismini iddiaçıdan almasına baxmayaraq, əmlakı iddiaçıya təvil verməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, 14.600 manat məbləğində almış olduğu vəsaiti iddiaçıya geri qaytarmalıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin imzalamış olduğu Aktı nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14.600 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən nümayəndəyə(vəkilə) hüquqi xidmətlərin göstərilməsi əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində hüquqi xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.600 (on dörd min altı yüz) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 200(iki yüz) manat məbləğində xidmət haqqının əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7979/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7979/2021
17.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver