Məhkəmə qərarları › İş №2(001)-800/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-800/2025

30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-800/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə nazirliyinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Tovuz Rayon Polis Şöbəsi cəlb edilməklə “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbini dəyişməklə, məhkəmədən xx.xx.2023-cü il tarixli TP5980129 nömrəli inzibati tənbeh vermə haqqında inzibati qərara görə ödəmiş olduğu 155 manat pulun, mənəvi zərər olaraq 200 manat və maddi ziyan olaraq 93 manatın cavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 150 manat cərimə edilmişdir, həmin qərardadn məhkəmə qaydasında şikayət vermiş, yekunda Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və barəsində çıxarılmış inzibati xəta haqqında qərar ləğv edilmişdir. Bu aralıq ərəfəsində o gördü ki, cavabdeh orqan tərəfindən ona 150 manat cəriməyə görə oktyabr ayında dəbbə hesablanmağa başlanıldı, baxmayaraq ki, işi məhkəmədə idi, yenə də ehtiyat edib 150 manat cərimə və ona hesablanmış 5 manat dəbbəni xx.xx.2023-cü il tarixdə ödədi. Məhkəmə onun xeyrinə qərar qəbul etdi. Bundan sonra ödədiyi pulu 1 ildir ki geri ala bilmir. Qısa müddət üçün ona 5 manat dəbbə pulu hesablana bilirsə, o da pulunun cavabdehdə qamasına görə dəymiş ziyanı tələb etməkdə haqlıdır. Bu səbəbdən onun 150 manat pulunu cavabdeh orqan əsassız şəkildə saxladığından 155 manata görə 60 gün boyunca 93 manat əlavə məsuliyyət daşımalıdır. O sözügedən qərardan 20 gün ərzində şikayət versə də, cavabdeh orqan 2023-cü ilin oktyabr ayının 20-dən dəbbə hesablamağa başlamışdır. Bunun özü qanun pozuntusudur və bu pozuntu onda cavabdeh orqana qarşı inamsızlıq yaratmış olur, o bu inamsızlığa görə müəyyən dərəcədə sarsıntı, əsəb və məyuzluq hisləri keçirtmişdir və bu vəziyyət hələ də davam etməkdədir. Hesab edir ki, cavabdeh orqanın bu qanunsuz əməlinə görə ona 200 manat həcmində kompensasiya ödənilməlidir. Tərəflərin izahatları:

3. İddiaçı göndərdiyi ərizələrində məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaya yazılı qaydada etiraz göndərilmişdir və etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ərizəsində 155 manat inzibati cərimə ödədiyini və cərimənin geri qaytarılması barədə müraciət etdiyini qeyd edir, lakin konkret hansı orqana müraciət etdiyini göstərməmiş və bunlarla bağlı hər hansı təsdiqedici sənədləri (ödəniş qəbzi, müraciət məktubu və s.) işin materiallarına daxil etməmişdir.Bundan başqa sözügedən məhkəmə qərarı işin materiallarına daxil edilmədiyindən ödənilmiş cərimənin iddiaçıya geri qaytarılıbqaytarılmaması.qaytarılmalıdırsa hansı qaydada və hardan qaytarılması, cavabdeh tərəfindən hər-hansı şikayətin verilib-verilməməsi həmçinin həmin məhkəmə qərarının rəsmi qaydada qüvvəyə minməsi barədə hər hansı məlumat yoxdur.iddiaçı həmçinin 93 manat maddi zərərin(dəbbə pulunun) ödənilməsini tələb edir. Bununla bağlı bildiririk ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın konkret növləri (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s) göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə yəni ödənilmiş cəriməyə görə dəbbə pulu üçün hər hansı kompensasiya nəzərdə tutulmamışdır. Mənəvi ziyana görə 200 manat kompensasiya ödənilməsi tələbi ilə bağlı qeyd edirik ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür.Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə’’yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir.Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur.Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir.Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir.

5. Digər cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasın müəyyən edilən işin faktiki halları:

6. İXM-nin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 150 manat inzibati qaydada cərimə edilmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermiş və Gəncə Şəhər Məhkəməsinin 3(125)- 228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Tovuz Rayon Polis Şöbəsinin polis kapitanı A.Rəhimovun xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün Tovuz rayon Polis Şöbəsinə qaytarılmışdır.

8. 25.10.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən DYP protokolu üzrə 155 manat ödəniş edilmişdir.

9. Məhkəmə sorğusuna Tovuz Rayon Polis Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində İXM 327.2 və 327.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun qərarı qüvvədə saxlanılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk öncə qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; - 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

12. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

13. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

15. Həmin qanunun 5-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

16. 6-cı maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

17. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

18. İşin halları ilə müəyyən edilir ki, iddiaçı maddi və mənəvi zərər tələbini ona görə irəli sürmüşdür ki, onun İXM-nin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Tovuz Rayon Polis Şöbəsinin polis kapitanı A.Rəhimovun xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı Gəncə Şəhər Məhkəməsinin 3(125)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Hansı ki, iddiaçı həmin qərar üzrə artıq cəriməni ödəmişdir. Lakin müəyyən edildiyi kimi məhkəmə qərarı əsasında yenidən baxılması üçün göndərilən inzibati xəta haqqında işə Tovuz Rayon Polis Bölməsində baxılmış və İddiaçı barəsində tərtib olunan inzibati xəta haqqında protokolun qərarı qüvvədə saxlanılmışdır. Odur ki, iddiaçının tələbinin əsası kimi istnad etdiyi hallar öz təsdiqini tapmadığından onun maddi və mənəvi zərərin ödənilməsi barədə tələbi əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

24. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə nazirliyinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Tovuz Rayon Polis Şöbəsi cəlb edilməklə “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar