Məhkəmə qərarları › İş №2(001)-803/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-803/2021

16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-803/2021 16.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 45000 ABŞ dolları əsas məbləğin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, taxta materiallarının topdan satışı ilə məşğul olur. Cavabdeh ondan müxtəlif vaxtlarda taxta materialları götürüb sataraq pulun bir qismini qaytarmış və hal-hazıradək 45000 ABŞ dolları məbləğində taxta materiallarının pulunu ona qaytarmamışdır. O, dəfələrlə cavabdehə həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona olan 45000 ABŞ dolları borcunu verməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh özü ona olan borcunu etiraf etmişdir. O, cavabdehə ümumilikdə 66600 ABŞ dollarlıq mal vermişdir. 2 vaqon materialın ümumi qiyməti 66600 ABŞ dollarıdır. Birinci dəfə vaqonda gətirilən materialın dəyəri 33300 ABŞ dolları puldan cavabdeh ikinci vaqon gələnədək 6000 ABŞ dolları ödəniş etmişdir. Bundan sonra iki vaqon üzrə yaranmış 60600 ABŞ dolları borcdan cavabdeh müəyyən miqdarda müxtəlif vaxtlarda ödənişlər etmişdir. Belə ki, cavabdeh 09.10.2017-ci il tarixində 2200 ABŞ dolları, 13.10.2017-ci il tarixində 2000 ABŞ dolları, 24.10.2017-ci il tarixində 1800 ABŞ dolları, 01.11.2017-ci il tarixində 1823 ABŞ dolları, 15.11.2017-ci il tarixində 1765 ABŞ dolları, 01.12.2017-ci il tarixində 2000 ABŞ dolları, 05.12.2017-ci il tarixində 1900 ABŞ dolları, 19.12.2017-ci il tarixində 2000 ABŞ dolları, sonuncu dəfə isə 03.01.2018-ci il tarixində 2000 ABŞ dolları və.s ödənişlər etmişdir. Nəticədə 44200 ABŞ dollar borcu qalmış və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehlə barışıq əldə edilməmişdir, belə ki, dəfələrlə görüşə çağırılsa da, o bundan imtina etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, əvvəllər Səyyad adlı şəxsdən bir milyon dollar qiymətinə yaxın mal almışdır. Səyyad ona Mübariz adlı ortağının olmasını bildirmiş, o, isə artıq adama ehtiyac olmadığını, həmin şəxslə işləmək istəmədiyini bildirmişdir. Bu zaman Səyyad ona narahat olmamasını, hər şeyin qaydasında olacağını bildirmişdir. O, üst-üstə 2 vaqon mal almışdır. Vaqon 4 gün Keşlədə qalmış, ilk öncə o, maldan xoşu gəlmədiyi üçün imtina etmiş, daha sonra Səyyad ona zəng edib onunla danışdıqdan sonra malı götürmüşdür. Onlar malın qiymətini 280 ABŞ dollarından danışmışlar. Bundan sonra o, malı boşaltmış, malı sata bilmədiyi üçün Mübarizə zəng etmiş, Mübariz isə ona “canın çıxardı götürməzdin” deyə cavab vermişdir. Bu sözdən sonra o, Səyyada zəng etmiş, bu şəxslə işləmək istəmədiyini bildirmiş, Səyyad isə malı satmasını, onun hörmətini edəcəyini bildirmişdir. Sonunda Səyyad onun ümumi sözləri ilə razılaşmışdır. O, Səyyada demişdir ki, taxta alveri bu adamlıq deyil, bu işdə yaxşı malın pulunu 20 günə və ya bir aya qaytarırlar, bu işdə etibara və inama əsaslanaraq mal alırlar, çöldə vaqona baxıb malı götürürlər. Cavabdehlə aralarında olan konfliktdən sonra onun üzərinə xeyli adam gəlmişdir. Eyni zamanda qəbzlərdəki yazıların ona məxsus olduğunu təsdiq etmişdir. Lakin onun iddiaçıya 45000 ABŞ dolları borcunun olmadığını bildirmişdir. Belə ki, həmin malların əsl dəyəri o qədər olmalı deyildi. Çünki malların keyfiyyəti 180-200 dollar məbləğində dəyərə malik olmamışdır. Buna baxmayaraq iddiaçı ilə barışmaq, öz aralarında razılığa gəlmək istəyir. Aralarında razılaşmağa çalışsalar da, razılıq alınmamışdır. Onlar birgə qaydada mübahisəni kökündən araşdırıb razılığa gəlsələr mübahisələri həll olunar. Mübahisəni həll etmək üçün ağsaqqalların iştirakı ilə görüş keçirib məsələni ətraflı müzakirə etmək lazımdır. Eyni zamanda cavabdeh məhkəmənin əvvəlki iclasında öz borcunun miqdarının dəqiqliyi barədə məhkəməyə sübut təqdim edəcəyini bildirmişdir. 30.03.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, sahibkardır və ayaqqabı sahəsində işləyir. Təxminən 2017ci ildə sentyabr-oktyabr aylarında Seymura vaqonla mal vermişdir. O, Seymuru qabaqcadan tanımamış, ona bir-iki dəfə mal vermişlər. Çünki bu işdə onun da payı olmuşdur. Bir vaqonda 118-120 kub həcmdə mal olur. Qiymət isə hər vaxt dəyişir. Seymur taxtanı qəbul edəndə o, orada olmuşdur. Seymur birinci vaqonda gətirilən malların dəyərindən müəyyən qədər ödəniş etmiş, ikinci vaqon isə təxminən bir ay sonra gəlmişdir. Həmin vaqonlardakı malların təhvil verilməsində o, iştirak etmişdir. Atası ilə şərik olduğundan malları o, bölmüşdür. O, bütün mübahisələr zamanı orada olmuş, ona pul qaytarılması deyilməmişdir. O, cavabdehin iş yerinə getmiş, cavabdeh özü yazılı olaraq borcu olmasını təsdiq etmişdir. Cavabdehin təxminən 44000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilən 05 fevral 2020-ci il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində etibardan sui-istifadə edərək onu aldadıb 45000 ABŞ dolları məbləğində ziyan vurması barədə ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış, göstərilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin araşdırma zamanı Cavabdeh izahat verərkən X2 olan və yaranmış borcundan bəhs etmiş, Sadiqə olan borcunu hissəhissə ödəyəcəyini bildirmiş, İddiaçı olan borcuna münasibət bildirməmişdir. 25.10.2017-ci və 30.10.2017-ci il tarixli əlyazma qəbzlərdən görünür ki, 25.010.2017ci il tarixli qəbzdə Mübariz M. veriləcək məbləğ 60600 ABŞ dolları, 3.010.2017-ci il tarixli qəbzdə isə Mübariz M. Götürülmüş malın dəyəri 33300 ABŞ dolları göstərilmiş, qeyd edilən sonuncu qəbzdə alt hissədə “Cavabdeh” yazılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 4/586 nömrəli, 05.07.2021-ci il tarixli məhkəməxətşünaslıq ekspertizasını rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 22ci vərəqəsində olan 25.10.2017-ci il tarixli borc qəbzindəki yazılar (rəqəmlərdən başqa) və imza; 23-cü vərəqəsində olan 30.10.2017-ci il tarixli borc qəbzindəki yazılar (rəqəmlərdən başqa) və “Tарих” yazısı qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi üzrə öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan nisyə olaraq taxta materiallarını satın almış, həmin materialların dəyəri olan pul vəsaitini iddiaçıya tam olaraq qaytarmamışdır. Bundan sonra cavabdeh borcun etiraf edilməsi barədə öz əlyazması barədə qəbz tərtib etmişdir. Həmin qəbzlərdən cavabdehin 60600 ABŞ dolları borcunun olmasının etiraf edilməsi müəyyən edilmişdir. Həmin əlyazmanın cavabdeh tərəfindən yazılması ekspert rəyi ilə müəyyən edilmişdir. Cavabdeh eyni zamanda bu faktı qəbul etmişdir. İddiaçı həmin qəbzlərə istinad edərək cavabdehin 44200 ABŞ dolları borcunun olduğunu iddia edir, cavabdeh öz növbəsində borc məbləğini, eyni zamanda taxtanın satış qiymətini mübahisələndirir. Məhkəmə mübahisə ilə bağlı tərəflər arasında yaranmış münasibətlərinin müəyyən edilməsi üçün aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, tərəflər arasında əvvəlcədən nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, sonradan cavabdeh tərəfindən borcun etirafı barədə yazılı qaydada sənəd tərtib edilərək 60600 ABŞ dolları məbləğdə borcun olması etiraf edilmişdir. İddiaçı iddia ərizəsində 45000 ABŞ dolları məbləğdə pulun tutulması tələbini irəli sürməsinə baxmayaraq, cavabdehin müxtəlif vaxtlarda ödənişlər etməsini nəzərə almış və nəticədə cavabdehin 44200 ABŞ dolları borcunun qalmasını etiraf etmişdir. Cavabdeh isə həmin məbləğdə borcun olmasına etiraz etsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki cavabdeh borcunun az olmasını, qalıq borc məbləğinin dəqiqliyi ilə bağlı məhkəməyə sübutlar təqdim edəcəyini 24.11.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında və bundan sonra da bildirsə də, 16.08.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasınadək (9 aya yaxın müddət) borcunun az olması və ya özünün bildirdiyi kimi dəqiq məbləği ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilən şahidin borc məbləği barədə konkret dəlili olmasa belə, o, tərəflər arasında taxta alqı-satqısından irəli gələn öhdəlik münasibətlərinin olduğunu təsdiqləmişdir. Bundan başqa məhkəmə cavabdehin iddiaçı ilə taxta satışı ilə bağlı münasibətlərində malın keyfiyyəti və bundan irəli gələn alqı-satqının qiymətinin mütənasib olaraq azaldılması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Yəni cavabdehin malın keyfiyyətinin aşağı və nəticədə borcun həqiqi məbləğinin az olması barədə etiraz irəli sürsə də, o, faktiki olaraq borcunu etiraf etdiyindən nisyə alqı-satqı müqaviləsindən yaranan etirazlarını irəli sürməkdə haqlı deyildir. Göründüyü kimi, cavabdeh borcun etirafı barədə müqavilə ilə 60600 ABŞ dolları məbləğində borcun qaytarılması barədə öhdəlik götürmüş olsa da, nəticədə həmin məbləğdən 44200 ABŞ dolları borcu qalmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımı qaydada icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda borcun qaytarılmasının müddəti barədə hər hansı qeyd olmasa belə, iddiaçı Mülki Məcəllənin 427-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehdən 44200 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda öhdəliyin xarici valyuta ilə yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan pul məbləği qətnamənin icra edildiyi gün Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 44200 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 44200 (qırx dörd min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar