Məhkəmə qərarları › İş №2(001)-8033/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8033/2021

19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8033/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, özünün, həyat yoldaşı İddiaçı2 və 2 azyaşlı övladı 14 aprel 2020-ci il təvəllüdlü X1 və 02 may 2021-ci il təvəllüdlü X1 və 02 may 2021-ci il təvəllüdlü X2, bacısı X5 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi ünvanında yerləşən 8 otaqlı fərdi yaşayış evində birgə istifadə qaydalarını müəyyən edərək 4 otağını onların istifadələrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, atası X7 və atasının ikinci həyat yoldaşı Cavabdeh ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, fərdi yaşayış evində yaşamışlar. Atası, X7 rəhmətə getdikdən sonra, o, atasının ikinci həyat yoldaşı, qardaşı və bacısı ilə birlikdə həmin evdə yaşayırlar. Hazırda ailə qurduqdan sonra çox çətin vəziyyətə düşmüşlər. Belə ki, 8 otaqlı fərdi yaşayış evinin 1 otağı onun, 7 otaq atasının ikinci arvadının və qardaşının istifadəsindədir. Buna görə də, məcbur olub fərdi yaşayış evinə birgə istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi ünvanında 2006-cı ildə iki otaqlı (mətbəxi ilə) fərdi yaşayış evi tikdirmişdir. 2008-ci ildə atası tərəfindən həmin torpaq sahəsində dörd otaqlı ikinci ev tikilmişdir. 2011-ci ilin mart ayında əlavə olaraq atası tərəfindən iki otaq tikdirilmişdir. İkinci ev tikildikdən sonra onlar ailəlikcə həmin evə köçmüşlər. Birinci evi isə kirayə verərək, gəlir əldə etmişlər. Atası rəhmətə getməmişdən öncə evdə təmir-tikinti işləri aparmışdır. Təmir-tikintiyə böyük məbləğdə pul vəsaiti xərclənmişdir. Atası rəhmətə getdikdən sonra atasının ikinci həyat yoldaşı Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Lakin o, ailə qurduqdan sonra cavabdeh onu evin digər otaqları buraxmadığıdan münasibətləri pozulmuşdur. Hazırda Cavabdeh evin digər otaqlarından istifadə etməyə imkan vermir. Atası tərəfindən tikilən evi qanunsuz olaraq kirayə vermişdir. Yaşamaq üçün lazım olan minimumları, kiçik məvaciblə dolandığını nəzərə alaraq, kirayə ev tutmağı mümkünsüzdür. 03 mart 2018-ci il tarixində İddiaçı2 Nəriman qızı ilə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. Qeyd edir ki, o, ailəsi ilə birlikdə bir otaqda yaşayır. Dəfələrlə cavabdehə onların ev şəraitinin yaxşılaşdırılmasını, kirayə qalan evi boşaldaraq onların istifadəsinə verilməsini təklif etsə də, cavabdeh bundan imtina edir, beş nəfərin bir otaqda yaşamasına göz yumur. Uşaqları azyaşlıdır və onların saxlanması kifayət qədər xərc tələb edir. Yaşadıqları evin qaz sayğacı atasının adınadır. Su və İşıq sayğacları ilə Cavabdeh adınadır. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası bankdan kredit götürmüş, 6 otaq tikmişdir. Kirayə verilən otaqların pulunu Tamilə alır. Alınan pulla Tamilə evə bazarlıq edir, yemək bişirir. Evin 3 otağında Tamilə, 1 otağında özü qalır. Cavabdeh ona evin otaqlarından 2-sini təklif etsə də, o isə ailəsi ilə ayrı yaşamaq istəyir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, evi Bilal ilə özü tikmişdir. Bilalın 4 uşağı olmuşdu. Uşaqların anası evdən getdiyindən, Bilal ilə aralarında boşanma olmamışdır. O isə həmin evə 2007-ci ildə gəlin köçmüş, Bilal ilə aralarında faktiki nikah münasibətləri olmuşdur. Həmin vaxt ev 2 otaqdan ibarət olmuşdur. Onun ata və anasının dəstəyi ilə sonrakı otaqlar tikimişdir. 2008-ci ildə mübahisəli evi tikdirmişlər. Ev tikilərkən 4 otaq kirayə üçün, 2 otaq isə yaşayış üçün tikilmişdir. Ümumilikdə həmin ev 8 otaqdan ibarətdir. İndi hamılıqla, yəni Əvəz onun ailəsi, bacısı, onun öz oğlu həmin evdə yaşayırlar. Əvəzlə münasibətləri hər zaman yaxşı olmuşdur. 4 otağın kirayəsindən aldığı pullarla evə bazarlıq edir, yemək bişirir. Həmçinin Bilalın qızı, Əvəzin bacısı Minarəyə özü baxır. Ona oxuması, təhsil alması üçün maddi dəstək göstərir. Məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 28.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Biləcəri qəsəbəsi, Sumqayıt şossesində işa edilmiş özbaşına tikilidə həyat yoldaşı İddiaçı2, qızları X3 və X4 ilə birlikdə qeydiyyatsız yaşayır. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

7. Cavabdeh İddiaçı1 mərhum atasının qeyri-rəsmi arvadıdır. İddiaçılar ər-arvaddır.

8. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən 8 otaqlı fərdi yaşayış evi özbaşına tikilidir.

9. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən 8 otaqlı fərdi yaşayış evinin 4 otağı qeyri-rəsmi başqa şəxslərə kirayəyə verilmişdir.

10. Qalan 4 otaqdan birində iddiaçılar və onların yetkinlik yaşına çatmayan uşaqları, digər otaqlarda isə cavabdeh və iddiaçının bacısı və qardaşı yaşayır.

11. Kirayəyə verilən otaqlardan əldə edilən gəlir ailənin büdcəsinə daxil olur və cavabdeh tərəfindən ailənin məişət ehtiyaclarına xərclənir.

12. İddiaçılar otaqlardan dördünün onun istifadə və sahibliyinə verilməklə istifadə qaydasının müəyyən edilməsini xahiş edir.

13. Cavabdeh iddianı qəbul etmir, 8 otaqdan 4-ün kirayəyə verilməsinə məcbur olduqlarını, ordan gələn gəlirin ailə ehtiyaclarına sərf olunduğu, digər otaqlarda isə ondan başqa iddiaçının bacısı və qardaşı yaşadığını və hər kəsə 1 otaq düşdüyünü bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;

15. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

16. İşin mübahisəsiz olan halı ondan ibarət olmuşdur ki, iddiaçılar faktiki olaraq mübahisələndirdikləri özbaşına tikilidə yaşayır. Yəni iddiaçının tələbi mübahisələndirilən otaqlara köçmək deyil, həmin otaqların faktiki olaraq onun istifadə və sahibliyinə verilməsini xahiş edir. Bu tələbini isə istifadə qaydasının müəyyən edilməsi kimi əsaslandırır.

17. Göründüyü kimi iddiaçıların tələbinin hüquqi əsası fərdi yaşayış otağına köçürülmə deyildir. Onların tələbinin faktiki əsası fərdi yaşayış otaqlarının ayrıca təcrid olunmuş formada onların istifadə və sahibliyinə verilməklə əmlak hüquqlarının müəyyən edilməsindən ibarətdir.

18. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərlə bağlı hər hansı hüquqların müəyyən edilməsindən söhbət gedə bilməz.

19. Mübahisəyə digər prizmadan yanaşıldıqda belə iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin özbaşına tikili İddiaçı1 mərhum atası X7 tərəfindən tikilmiş və onun vəfatına qədər bütün ailə üzvləri ilə birlikdə özbaşına tikilidə yaşamışlar. Hal-hazırda özbaşına tikilidə Bilal Əliyevin ailə üzvü kimi oğlu İddiaçı1(oğlu), Cavabdeh(qeyri-rəsmi arvadı), X5(qızı) və iddiaçının qardaşı(oğlu) birlikdə yaşayır. İddiaçı1 nikaha daxil olduqdan sonra arvadı İddiaçı2 həmin evə köçürtmüş, birgə nikahdan doğulan 2 yetkinlik yaşına çatmayan uşaqları ilə orada yaşayır. Onlar həmin özbaşına tikilidə ümumi təsərrüfat aparırlar. Kirayəyə verilən otaqlardan əldə edilən gəlir isə ümumi ehtiyaclara, o cümlədən iddiaçıların da xərclərinə sərf olunur. Hətta cavabdeh ogey qızının(Minarə Əliyeva), iddiaçının bacısının da xərclərini qarşılayır.

20. Bu səbəbdən İddiaçı1 həmin evdə yaşayan digər şəxslərdən(Bilal Əliyevin uşaqları və faktiki həyat yoldaşı) fərqli hüquqa malik olması əsası da yoxdur.

21. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki qətnamə mübahisələndirilən tikilinin rəsmi qeydə alındığı təqdirdə gələcəkdə vərəsələrin hüquqlarının qanunvericiliklə təsbit olunmasını, əmlakda payların müəyyən edilməsini, əmlakın naturada ayrılmasını istisna etmir. Tətbiq edilən prosessual normalar:

22. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

23. Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

25. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar