Məhkəmə qərarları › İş №2(001)-8054/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8054/2021

08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8054/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təhlükəsizlik qaydalarına əməl edilmədən çəkilmiş qaz kəmərinin və işıq xəttinin, darvazanın və pəncərənin önündə tikilmiş hasarın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə əsasən iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, iddiaçının iddiası qiymətləndirilməyən iddialar kateqoriyasına aid edilmişdir və bu səbəbdən onun verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Hüquqi nəticə etibarı ilə iddiaçı hazırki iddianın məhkəməyə verilməsi zamanı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-cı maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan (müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildikdən) sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar