Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-812/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mobil telefonun təhvil verildiyi vəziyyətdə geri qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı mobil telefonun təhvil verildiyi vəziyyətdə geri qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehin “Link – Sevis” mərkəzinə təhvil verdiyi “Huawei P Smart Z” markalı mobil telefonun təhvil verildiyi andakı vəziyyətdə cavabdehdən alınaraq ona geri qaytarılması və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2020-ci il tarixdə "xxxx" MMCnin "Kontakt Home" Mağzalar şəbəkəsindən 10 yanvar 2020-ci il tarixdə 500 manata aldığı "Huawei P Smart Z” markalı mobil telefonda nasazlıq yarandığından zəmanətdə olduğundan "ABC Telecom MMC-nın “Link Servis" mərkəzinə aparmışdır. Həmin gün mobil telefonun təmir edilməsi ilə bağlı sifariş forması tərtib edilmişdir, həmin formada "enerji taxılır yanır ekran daha sonra sönür, qoşuldu qəbulda söndü kod yoxdur" qeydi edilmişdir. Qeyd olunmalıdır ki, o, mobil telefonu təhvil verərkən təcili olaraq təmir edilməsini, əks təqdirdə mümkünsüz olacağını bildirmişdir və ona narahat olmamağı bildirmişlər, belə ki, mobil telefonun enerji batareyası ayrılmalı idi ki, sonda problem yaranmasın. Lakin on gün sonra ona zəng edərək bildirdilər ki, mobil telefon təmirə yararsızdır. Halbuki, o, mobil telefonu təhvil verdikdə işlək vəziyyətdə idi və onun səhərisi gün telefonla bildirdi ki, telefonu tez açmaq lazımdır, ona narahat olmamağı bildirdilər. Mobil telefon təhvil verilərkən işlək vəziyyətdə olmuşdur. Yəni bir çox proqramlar açılırdı. Göründüyü kimi, cavabdeh tərəfin səhlənkarlığı ucbatından ona məxsus mobil telefon tam yararsız hala düşmüş və istifadə edilməsi mümkün deyildir. Ona görə də tərəfindən servis mərkəzinə təhvil verdiyi mobil telefon təhvil verildiyi anda olan vəziyyətdə ona qaytarılmalıdır. Cavabdehin təqsiri üzündən o, dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaratmışdır, sağlamlığı pozulmuşdur. Belə ki, əmlakdan məhrum olmağı, təmir edilməməsi onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bütün bunlarlar səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı “mobil telefonun təhvil verildiyi vəziyyətdə geri qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, cavabdehdən əldə etdiyi mobil cihazda nasazlıq olduğundan telefonu təmir üçün servis mərkəzinə təhvil vermiş, lakin servisdə cihaz daha da yararsız hala gətirilməklə təmiri mümkünsüz kimi ona təhvil verilmişdir. İddiaçı da cihazı təhvil almadan ilkin olaraq istehlakçı hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət orqanına müraciət etmiş, daha sonra isə təxmini üzərindən 1 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə bu qədər gec müraciət etməsi də tələbinin əsaslılığını şübhə altında qoyur. İddia tam əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə əvvəlki adı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, həmin qurumdan bununla bağlı Cəmiyyətlərinə 18 yanvar 2021-ci il tarixdə sorğu daxil olmuşdur. Qeyd olunan sorğuda iddiaçının telefonunun suya düşdüyü və təmir üçün servisə müraciət etdiyini, lakin servisdən təhvil alan zaman tamamilə cihazın yararsız vəziyyətdə olduğu göstərilmişdir. Həmin sorğudan da göründüyü kimi cihaz iddiaçının səhlənkarlığından suya düşmüş, ona maye keçmiş və nəticədə onda nasazlıq yaranmışdır. Yəni məhsulda olan problem istehsalla bağlı olmamışdır. Bununla bağlı texniki rəy (aparılan işlər barədə çıxarış) də etiraza əlavə olunur. Göründüyü kimi, iddiaçı məhkəməyə etdiyi müraciətdə cihazın suya düşməsi faktını açıqlamamışdır. Cihaz suya düşdüyündən servisə qəbul zamanı ilkin olaraq qoşulmuş, daha sonra isə sönmüşdür, bu da məhz cihaza maye keçməsinin nəticəsidir. İddiaçı isə cihazın servisə təqdim edilməsi zamanı işlək olduğunu, bir çox proqramların açıldığını bildirir. Lakin iddiaçının imzaladığı və şərtləri ilə razılaşdığı servisə qəbula dair sifariş sənədində cihazın qəbul zamanı artıq qoşulmadığı, sönməsi aydın görünür. Bundan əlavə, yenə sözügedən sifariş sənədində 3-cü bənddə açıqca qeyd olunur ki, diaqnostika, yəni müayinə və ya təmir zamanı cihazın istismar qaydalarının pozulması aşkar edilərsə və bu səbəbdən cihaz tam və ya qismən yararsız hala düşərsə servis mərkəzi məsuliyyət daşımır. İddiaçının cihazında da istehlakçı tərəfindən istismar qaydaları pozulduğundan, yəni cihaza maye keçdiyindən onun digər funksiyaları sıradan çıxmış və artıq qəbuldan başlayaraq cihaz yararsız vəziyyətə düşmüşdür. Buna görə isə servis məsuliyyət daşımır, iddiaçı da bu şərtlə razılaşaraq sənədə imza etməklə cihazı təhvil vermişdir. Digər məqam isə odur ki, servis mərkəzi cavabdeh olaraq onlara məxsus yer deyildir, sadəcə əməkdaşlıq etdikləri servis mərkəzidir. Bundan əlavə, istehlakçının mobil cihaza səhlənkar münasibəti (suya düşürməsi) istehsal zəmanəti ilə əhatə olunmadığından hazırki halda zəmanət öhdəlikləri mövcud olmur. Son olaraq, iddiaçının əsas istinad etdiyi məqam cihazın servisdə daha da yararsız vəziyyətə salınması ilə bağlıdır. Cihaz korpusu, karkası və xarici görünüş baxımından yararsız hala-salınmış olsa idi, iddiaçının tələbini əsaslı hesab etmək olardı, lakin suya düşmüş və qəbul zamanı qoşulmayan cihazın təmiri mümkünsüz hesab edilməsi artıq maye keçmədən irəli gələn haldır. Yəni gün ərzində yüzlərlə cihaz qəbul edən və əsas gəliri bundan ibarət olan servis mərkəzinin iddiaçının cihazını qərəzli olaraq yararsız hala salması ağlabatan deyildir və iddiaçı bu iddiasını əsaslandıraraq heç bir dəlil təqdim etməmişdir. İddiaçının eyni iddiası ilə bağlı, əvvəlki adı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti də təmin edilməmişdir (ərizədə qeyd edilsə də, iddiaçı cavab məktubunu əlavə etməmişdir), əks halda istehlakçı hüquqlarını pozduqları üçün barələrində qanunamüvafıq tədbirlər görülərdi. Qeyd olunanlara görə, iddiaçının tələbi rədd edilməlidir. İddiaçının mənəvi ziyanla bağlı hissədə də tələbi əsassızdır, çünki cihazda yaranmış nasazlıq birbaşa istehlakçının, yəni iddiaçının özündən asılı olmuşdur. Belə olan halda cavabdeh olaraq yol vermədikləri pozuntu üçün mənəvi ziyanın əvəzini ödəmək öhdəlikləri də yoxdur. Buna görə də, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Etirazlarını əsaslandırdıqları dəlillər aşağıdakılardır: servisə qəbulla bağlı sifariş sənədi, texniki rəy (aparılan işlər barədə çıxarış), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olan sorğu, istehsalçı zəmanət şərtləri. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası olmadığından və bunu təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi təmin edilməməli və rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı eyni məzmunlu ərizələr ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəf yanlış məlumat verərək bildirmişdir ki, guya o aparatı onlardan heç bir problem olmadan geri götürmüşdür. Bunların hamsı yalandır. Yanvar ayında o, cavabdehin servisinə yaxınlaşmış və onlardan tələb etmişdir ki, ya telefonu onlara verdiyi vəziyyətdə yəni yanılı vəziyyətdə qaytarsınlar və yaxudda işi məhkəməyə vermək üçün görülən işlərə görə akt versinlər. Onlar bunların heç birini vermədilər, əksinə polis çağırdılar və onu polis idarəsinə apardılar. Hətta həmin gün onun iş müqaviləsinin sonuncu günü idi və o, yolun o biri hissəsində yerləşən aptekdən pulsuz dərmanlarını götürməli idi. Nəticədə həm telefonunu itirmişdir, həm də dərmanlarını ala bilməmiş, müalicəsini edə bilməmişdir. Çünki növbəti gün iş müqaviləsi bitdiyinə görə sığorta da dayandı, 2021-ci ilin yanvar ayında ciddi karantin rejimi idi deyə hər yer bağlı idi. Telefonda problem yaranan an, onun hansı səbəbdən xarab olmasını bildirməmişdir. Əgər həqiqətəndə suya görə olsaydı, ən azından ekran işləməməli idi. Lakin “whatsapp” belə işləyirdi. Ola bilərdi ki, zaryadka olan yerə bir balaca su dəysin. Ona görə də onlardan xahiş etmişdir ki, telefonu açsınlar. Bunu dəfələrlə demişdir. Hətta səs idə yazılmışdır. Telefonu yanılı vəziyyətdə olmasının görüntüləri də ofisin kamerasına yazılmışdır. Buna görə də kameranın yazılarının saxlanmasını xahiş etmişdir. Lakin onlar bilərəkdən ona nə akt təqdim etdilər və nə də ki kameranın görüntülərini və telefon səs yazılarını saxladılar. Onlar demək olar ki bütün izləri sildilər. Bununla da onu sınıq telefonla üz-üzə qoydular, çünki telefonu ona verəndə heç yanmadı. Halbuki, əgər aparata su dəymiş olsaydı və onlar ən azından onun öz hesabına aparatı açsaydılar o, 500 manat deyil, 10 manat itirərdi. Buna görə də bütün hallarda məsuliyyət daşıyırlar. Ən azından telefonu ona həmin gün qaytarmalı idilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı yuxarıdan göstərilən məzmunlarda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi, həmçinin bildirdi ki, telefonu o, özü cavabdehin servisindən götürmür. Çünki cavabdeh ona telefonu işlək vəziyyətdə vermir. O, telefonu servisə təhvil verərkən bir çox proqramlar və funksiyalar işlək idi, telefonu servisin xanım işçisi qəbul edərkən onun əllərində telefon sönmüşdür. Odur ki, bütün məsuliyyət cavabdehin üzərinə düşür. Cavabdeh Dövlət Xidmətinə də yalan məlumat verərək bildirmişdir ki, güya telefonu ona təhvil vermişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı telefonu suya saldığına görə onda nazaslıq əmələ gəlmiş və buna görə "xxxx" MMC məsuliyyət daşımır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, telefon hələ də onların servis mərkəzindədir, iddiaçı telefonu geri götürməkdən imtina edir. İddiaçıya satılmış telefonun rəsmi idxalçısı “Baku Service Company”dir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: “Link servis” tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 154915 nömrəli “sifariş” adlı sənəddən görünür ki, İddiaçı tərəfindən “Huawei P smart Z” markalı mobil telefonun qüsuru “enerji taxılır yanır ekran daha sonra sönür, qoşuldu qəbulda söndü kod yoxdur”. Qeyd olunan sənəd İddiaçı tərəfindən təsdiq edilərək imzalanmışdır. “Link servis” tərəfindən 23 noyabr 2020-ci il tarixdə verilmiş “aparılan işlər barədə çıxarış”dan görünür ki, 10 yanvar 2020-ci il tarixdə alınmış İddiaçı məxsus “Huawei P smart 2” markalı telefon 23 noyabr 2020-ci il tarixdə servisə qəbul olunmuşdur. Cihazda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq - maye keçmə aşkar edilmişdir. Qeyd: Zəmanətdən azad olundu, maye keçib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə ünvanladığı 18 yanvar 2021-ci il tarixli “vətəndaş müraciəti ilə əlaqədar sorğu”dan görünür ki, vətəndaş İddiaçı müraciətinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılır. Müraciətdə İddiaçı 23 noyabr 2020-ci ıl tarixində Kontakt Home mağazasından aldığı mobil telefon suya düşdüyündən təmir edilməsi məqsədilə mağazanın servis mərkəzinə təqdim etdiyini, lakin servis mərkəzindən təhvil aldıqda telefonun tamamilə yararsız vəziyyətdə olduğunu, bu barədə mağazaya və servis mərkəzinə etdiyi müraciətin nəticəsiz qaldığını bildirərək istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununa əsasən icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Qeyd olunanlarla əlaqədar “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən müraciətdə göstərilən məsələlərin araşdırılaraq qanuna müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, həmçinin malın müayinə edilməsinə dair sənədin (akt texniki rəy və s.) yeddi iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun tələblərinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı 29 mart 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciəti ilə bağlı araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 12 mart 2021-ci il tarixli məktubda mobil telefonu servis mərkəzinə təqdim etdiyi zaman içərisinə maye keçmiş vəziyyətdə olduğu və istismar qaydalarının pozulduğu, servis mərkəzi tərəfindən cihazın sadəcə olaraq müayinə olunduğu və texniki rəy verilməklə təhvil verildiyi, eyni zamanda cihazı servis mərkəzindən təhvil alan zaman hər hansı etirazın olmadığı bildirilmiş, həmçinin müayinə sənədinin surəti və cihazın servisə təhvil-təslimi ilə bağlı sifariş sənədi Dövlət Xidmətinə təqdim olunmuşdur. Bununla bağlı "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. “X1” tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli texniki rəydən görünür ki, “Huawei P smart 2021” markalı telefon müayinə olunmuş və əmtəə görünüşündə arxa qapaqda, ekranda cızıqların, korpusunda zədələrin olması aşkar edilmişdir. Həmçinin cihazın texniki vəziyyətində müəyyən edilmişdir ki, cihaza maye keçib və səlahiyyətli servisdən kənar yerdə müdaxilə olunmuşdur. Bu səbəbdən zəmanət şərtlərindən kənarlaşdırılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehdən 10 yanvar 2020-ci il tarixdə zəmanətlə “Huawei P smart Z” markalı mobil telefon almış, daha sonra mobil telefonda nasazlıq yarandığına görə onu təmir edilməsi üçün 23 noyabr 2020-ci il tarixdə cavabdehin əməkdaşlıq etdiyi “Link Servis”ə təhvil vermiş, telefon təhvil verilərkən yoxlanılması zamanı sönmüş, iddiaçı özü də bu faktı sənədi imzalamaqla təsdiq etmişdir. Servis tərəfindən və məhkəmə qərardadı əsasında alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, həmin telefona maye keçmişdir. Bundan başqa, işdə olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdehə ünvanladığı 18 yanvar 2021-ci il tarixli “vətəndaş müraciəti ilə əlaqədar sorğu”dan da görünür ki, iddiaçı həmin Xidmətə müraciət edərkən telefonunun suya düşdüyünü bildirmişdir. Qeyd olunan mobil telefon iddiaçı tərəfindən cavabdehdən təhvil alınmamışdır. Hazırda iddiaçı “Huawei P Smart Z” markalı mobil telefonun texniki servisə təhvil verildiyi andakı vəziyyətdə, yəni işlək vəziyyətdə cavabdehdən alınaraq ona geri qaytarılmasını və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etmir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini; 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 7.10-cu maddəsinə əsasən əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus telefonu servis mərkəzinə təhvil verdiyi vaxt işlək vəziyyətdə olduğunu bildirsə də, iş materialları ilə müəyyən edilir ki, mobil telefonda iddiaçının istifadəsi nəticəsində qüsur əmələ gəlmiş, yəni həmin telefona maye keçmiş, telefon servisə təhvil verilən zaman artıq nasaz olduğu aşkara çıxmışdır. Belə olan halda cavabdeh iddiaçıdan qəbul etdiyi əşyanı işlək vəziyyətdə qaytarılması üçün hər hansı məsuliyyət daşımır. Ona görə də məhkəmə hazırda mobil telefonun cavabdehdə olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “mobil telefonun təhvil verildiyi andakı vəziyyətdə (yəni işlək vəziyyətdə) geri qaytarılması” hissəsində qismən təmin edilməli, İMEİ kodu **********99401 olan “Huawei P smart Z” markalı mobil telefon Cavabdehndən alınaraq İddiaçı verilməli, “təhvil verildiyi andakı vəziyyətdə” hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pulun tutulması” hissəsində də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkətin və ya hərəkətsizliyin edilməsi müəyyən edilmir ki, iddiaçı bunun nəticəsində mənəvi zərərə məruz qalsın. İddiaçı mənəvi sarsıntılar keçirdiyi halda belə, cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ kodu **********99401 olan “Huawei P smart Z” markalı mobil telefon Cavabdehndən alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. İMEİ kodu **********99401 olan “Huawei P smart Z” markalı mobil telefon Cavabdehndən alınaraq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-812/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-812/2022
17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver