Məhkəmə qərarları › İş №2(001)-8173/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8173/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8173/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (bundan sonra BDYPİ) qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı bundan sonra BDYPİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehdən onun xeyrinə 46,13 manat iş dəyəri, 13,3 manat çap işləri, 14,4 manat yol xərci, 2,27 manat poçt rüsumu, 20 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və 120 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 216 manat məbləğində pul vəsaitinin tutularaq üçüncü şəxs vasitəsilə müəyyən zaman daxilində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 09 aprel 2020-ci il tarixdə yol polisi əməkdaşı tərəfindən ona inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. O, protokol ilə razılaşmadığına görə protokola BDYPİ-də baxılmış, əleyhinə qərar çıxarılmış, yəni protokol əsasında onun inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilmişdir. O, həmin qərarla razılaşmadığı üçün 18 may 2020ci il tarixdə qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, keçirilən məhkəmə iclasında qarşı tərəf məhkəmə zalına gəlməmiş, sübutları məhkəməyə göndərməmişdir. Bu səbəbdən məhkəmə iclası 2 həftə sonraya təxirə salınmışdır. İkinci iclasda onun avtomobilində quraşdırılan videoqeydiyyatçının qeydə aldığı görüntülərə sübut kimi baxılmış, şikayəti qismən təmin olunaraq inzibait xəta haqqında qərarın ləğv edilərək işə yenidən baxılması üçün BDYPİ-yə göndərilməsi qərara alınmışdır. 09 iyun 2020-ci il tarixli məhkəmə qərarının üzərindən 3 ay keçdikdən sonra BDYPİ tərəfindən cərimə və dəbbə pulu ləğv olunmuşdur. Lakin, onun iştirakı olmadan və ona xəbərdarlıq göndərmədən həmin iş üzrə təkrar BDYPİ-də baxılmış, əleyhinə yeni qərar çıxarılmışdır. Halbuki, işə onun iştirakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona göndərilməli idi. Beləliklə o, yenidən həmin qərardan 10 sentyabr 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, 01 oktyabr 2020-ci il tarixdə keçirilən sayca üçüncü olan iclasda qarşı tərəf məhkəmə zalına gəlməmiş, sübutları məhkəməyə göndərməmişdir. Bu səbəbdən iclas yenə 2 həftə sonraya təyin edilmiş, dördüncü iclasda inzibati xəta haqqında qərar ləğv olunaraq protokola baxılması üçün BDYPİ-yə göndərilmişdir. Beləcə bu məsələ sonsuz olaraq təkrarlanmasın deyə, o, məhkəmənin sonuncu qərarından apellyasiya şikayəti verərək inzibati xəta haqqında qərarın birdəfəlik ləğv olunmasını istəmişdir. Apellyasiya baxışı zamanı da qarşı tərəf məhkəmə zalına beşinci dəfədir ki, gəlməmiş və məhkəmə şikayətini tam təmin etmişdir. Beləliklə, ona yazılan protokol və onun əsasında qəbul edilmiş qərar nəhayət ki tamamilə ləğv edilmişdir. Amma geridə ona dəyən əsəb və əziyyət qalmışdır. Nəticə etibarı ilə 2 dəfə BDYPİ-yə getməyi, 5 məhkəmə iclasının keçirilməsi və cavabdehin bu iclasların heç birində iştirak etməməsi işin bu dərəcədə uzanmasına səbəb olmuşdur. Belə ki, polis əməkdaşı əsassız inzibati protokol tərtib etmiş, sonradan digər polis əməkdaşları tərəfindən həmin protokol əsasında qərar qəbul edilmiş, sonra da işə məsuliyyətsiz yanaşılaraq heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əsas qayda pozuntusu isə polis inspektorunun onu qanunsuz saxlayıb inzibati məsuliyyətə cəlb etməsidir ki, bu da apellyasiya məhkəməsi tərəfindən öz təsdiqini tapmışdır. Məhkəmə inzibati cəriməni ləğv etməsinə baxmayaraq sonuncu qərarın üzərindən 2 ay keçdiyinə görə o, hər dəfə cərimə meydançasına aparılmaq məqsədi ilə polis əməkdaşı tərəfindən saxlanılır. Göründüyü kimi, protokol ləğv olunsa da, polis inspektorunun qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərər qalmaqdadır. Hər yeni qərar poçt ilə gəlmədiyindən, onları əldə etmək üçün o, işdən icazə alaraq BDYPİ-yə getmişdir. Hər iki qərarı götürərkən BDYPİ-yə gedib-qayıtmaq üçün 2 saatını itirmişdir. Təxminən 1 saat da BDYPİ-də növbədə gözləmişdir. Bu da ümumilikdə 6 saat edir. Məhkəməyə gedib gəlmək və ümumilikdə 5 iclasda iştirak etmək üçün də işdən icazə almalı olmuş, bu da ümumilikdə 10 saat edir. Polis idarəsinə protokoldan şikayət üçün 2 ərizə, məhkəmə üçün isə 4 ərizə yazmışdır. Hər ərizənin yazılmasına, yoxlanmasına 1,5 saat vaxtı getmiş, bu da ümumilikdə 9 saat edir. Yazılmış 6 ərizənin müxtəlif vaxtlarda məhkəməyə və BDYPİ-yə aparmağına ümumilikdə 4 saat vaxtı getmişdir. Qeyd edilən vaxt itkisi minimumla hesablanmış və cəmi 29 saat təşkil edir. Bir ayda 22 iş gününü 8 saatdan hesablayanda 176 saat edir. Nəzərə alsaq ki, 176 saat müqavilində aldığı əməkhaqqı 280 azn təşkil edisə, 29 saat itirdiyim vaxt 46,13 manat (iş dəyəri) olacaq. Bakı şəhərində yerləşən ən ucuz çap yerinin qiymətləri ilə hesablasaq A4 format ağ-qara =15 qəp, A3 format rəngli 60 qəp təşkil edirsə, A4 ağ-qara formatında olan azı 3 səhifə təşkil edən məhkəmə ərizəsi və əlavə olunmuş 1 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 1 ədəd protokolun surəti, 2 ədəd qərarın surəti, 2 ədəd qərarın göndərilməməsi ilə bağlı polisə şikayət vərəqləri (10 səh*15 qəp = 1,50 manat edir). Məhkəmə qərarlarını da çıxarmağına baxmayaraq, poçt ilə gələ biləcəyindən onları hesaba almamışdır. A3 rəngli formatında olan 1 ədəd yerin hərəkət sxemi, 1 ədəd yolun yuxandan görünüşü, 1 ədəd test imtahanlarından nümunələr, 1 ədəd yolun fotoşəkili (4 səh*60 qəp = 2,4 azn edir) CD disklə videomaterialın göndərilməsi üçün çəkilən xərc (Sony 1 ədəd = 50 qəp). Ümumilikdə 4,4 azn təşkil edən çap işini hər məhkəmə ərizələrinə əlavə etmişdir, o zaman bu proseslərin 3 dəfə olması nəzərə alınarsa 13,2 manat (çap işləri) edir. Ərizələrin 5 dəfə məhkəməyə verilməsi, məhkəmələrdə 5 dəfə iştirak və polis idarəsinə getdiyi avtobus yoluna çəkilən maddi xərcləri yaşadığı ünvana görə 2 gediş və 2 gəliş olaraq 1,2 manatdan hesablasa 14,4 manat (yol xərcləri) edəcək. Məhkəmə karantin dövründə işləri dəftərxana vasitəsi ilə deyil, yalnız poçtla qəbul etdiyindən 2,27 manat (poçt rüsumu) iki məktubun göndərilməsinə xərclənib. Dəymiş maddi və mənəvi zərərə məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu kimi 20 manat pul ödəmişdir. Mənəvi zərərə gəldikdə, yuxanda qeyd olunanlar bütün bu yaşananlar və polisin əməkdaşlarının iclaslara gəlməməsinə görə işin bu qədər uzanması onun üçün psixoloji gərginliyə səbəb olmuşdur. Qaydalarda mənəvi halın maddi dəyərə mütənasibliyi göstərilmədiyindən mənəvi təzminatı cərimə olunduğum məbləğin 2 misli qədər yəni 120 manat dəyərində qiymətləndirir. Bütün ödənişlər mümkün olan minimumla hesablanmışdır. Bu səbəbdən bəzi günlər taksi ilə getdiyi yolun dəyərini də avtobusa ödədiyi 60 qəpik həcmində hesablamışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş cavabdehə göndərilsə də, cavabdeh tərəfindən səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarı ilə müəyyən olunur ki, İddiaçı barəsində BDYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunması haqqında 20 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə ləğv edilmiş, iş yenidən baxılması üçün BDYPİ-yə göndərilmişdir. 28 avqust 2020-ci il tarixli, TP3906199 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)- 1141/2020 saylı qərarı ilə işin yenidən araşdırılması üçün BDYPİ-yə göndərilməsinə baxmayaraq, təkrar araşdırma zamanı barəsində inzibati icraat aparılan şəxsin iştirakı təmin edilmədən 28 avqust 2020-ci il tarixdə BDYPİ tərəfindən yeni qərar qəbul edildiyindən Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 3(001)-2626/2020 saylı qərarına əsasən, BDYPİ-nin 28 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək işin yenidən araşdırılması üçün BDYPİ-yə göndərilməsi qərara alınmış, məhkəmənin həmin qərarından İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarına əsasən, şikayət təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, İddiaçı inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə İddiaçı barəsində BDYPİ-nin əməkdaşları tərəfindən aparılmış inzibati araşdırmaya xitam verildiyi, onun məsuliyyətdən azad edildiyi öz təsdiqini tapsa da, iddia tələbində göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, tələbin birinci hissəsi iş dəyəri kimi 46,13 manatın tutulması təşkil edir. İddiaçı öz tələbini bu hissədə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması üçün BDYPİdə iştirak etməsinə, qəbul edilmiş qərardan şikayət tərtib etməsi, şikayətə məhkəmədə baxılması ilə bağlı məhkəmə iclaslarında iştirak etməsinə sərf etdiyi vaxtla əsaslandırsa da, bunları təsdiq edən kifayət qədər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının istər BDYPİ-də, istərsə də məhkəmə proseslərində konkret hansı müddətdə iştirak etməsi, habelə, şikayətlərin konkret hansı müddətdə tərtib olunması təqdim olunmuş sübutlarla müəyyən edilə bilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. İddianın digər, çap xərclərinə görə ödənilmiş 13,2 manatın, həmçinin, yol xərci kimi ödənilmiş 14,4 manatın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının göstərilən məbləğləri ödəməsinə dair ümumiyyətlə sübut təqdim olunmadığından iddia bu hissələrdə də təmin oluna bilməz. İddianın poçt xərci kimi ödənilmiş 2,27 manatın tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı öz tələbininin qanunverici əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsaslanmışdır. Həmin maddədə göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçı həm izahatında, həm də iddia ərizəsində göstərmişdir ki, məhkəməyə ərizə ünvanladığı dövrdə karantin qaydaları tətbiq olunduğundan məhkəmələr tərəfindən əlbəəl əriələr qəbul edilmədiyindən o, ərizələri poçt vasitəsi ilə göndərməli olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məlumdur ki, şəxs tərəfindən elektron məhkəmə portalında (e-mehkeme.gov.az) elektron kabinetin yaradılması, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizənin göndərilməsi ödənişsiz əməliyyatdır. Belə olan halda iddiaçının ərizələrini poçt vasitəsi ilə ünvanlandırdığı üçün poçt xərcini tələb etməsi Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə zidd olduğundan iddia bu hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 120 manat pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar