Məhkəmə qərarları › İş №2(001)-8236/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8236/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8236/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinə qarşı “protokolun ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinə qarşı “protokolun ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən oğlu X1 qanunsuz yazılmış protokolun və 400 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsini və onun əsasında yazılmış cərimənin silinməsini xahiş edir. Lakin, hesab edirəm ki, qeyd olunan protokolun mübahisələndirilməsinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə əsasən barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ var. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bunlardan əlavə, onu da qeyd etməyi zəruri hesab edirəm ki, məhkəməyə iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3 maddələrinin tələblərinə uyğun olaraq forma və məzmuna riayət edilməli, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmçinin iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinə qarşı “protokolun ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ var. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar