Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-824/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat əsas borc, 1.000 manat mənəvi zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6.030 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, icarə müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Canana Legend” gözəllik salonunda icarə əsasında fəaliyyət göstərmişdir. Bir müddətdən sonra cavabdeh qeyd olunan gözəllik salonunu ondan götürərək özü fəaliyyət göstərmişdir. O, qeyd olunan ünvanda özünə məxsus 10.190 manat olan əmlakı 6.500 manat dəyərləndirərək cavabdehə verərək pulu hissə-hissə verilməsi barədə razılığa gəlmişdir. Cavabdeh nəzərdə tutulan 6.500 manat puldan 1.500 manat vermiş və qalan pulu verməkdən imtina etmişdir. O, pulun qalan hissəsini tələb etdikdə cavabdeh Səbail Rayon Polis İdarəsinin 9cu Bölməsinə “hədə-qorxu, şantaj və sair əsaslar” gətirərək onun barəsində şikayət ərizəsi vermişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Cavid Məmmədovun xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin rədd edilməsi” haqqında qərarına əsasən HK/1-257 saylı materialında cinayət işi olmadığından cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarda yuxarıda qeyd olunan ünvanda yerləşən gözəllik salonunda olan 10.190 manatlıq əşyaların ona məxsus olması, həmin əşyaların 6.500 manata cavabdehə satması və 1.500 manat pulun cavabdeh tərəfindən ona verilməsi öz təsdiqini tapmışdır. Həmin qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının tanışıdır. İddiaçı, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarə əsasında götürürək təqribən 12.000 manata təmir etdirmiş, təmirdən sonra isə təqribən 10.000 manat dəyərində mebellərlə təchiz etmişdir. Həmin qeyri-yaşayış sahəsi əvvəl kitabxana kimi fəaliyyət göstərdiyindən gözəllik salonu üçün lazımı təmirə və mebellərə pul çox xərclənmişdir. Həmin gözəllik salonunun adı “Canana Legend” olmuş və o, həmin salonda saç ustası kimi çalışmışdır. O, saç ustası kimi işlədiyi vaxt salona daha bir saç ustası - Cavabdeh gəlmişdir. Daha sonra Cavabdeh özü salonu işlətmək istəmiş və bu barədə icarəyə verənlə aralarında razılıq olmuşdur. İddiaçı həmin salonda olan mebellərin dəyərini 6.500 manat olaraq qiymətləndirmiş və mebellərin dəyərinin hissə-hissə ödənilməsi şərti ilə cavabehə satmışdır. Cavabdeh 6.500 manatdan 1.500 manat ödəmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir. Bu zaman iddiaçı ilə o Cavabdeh qaynanası Mətanət xanımla əlaqə saxlamış və ödənilməmiş pulun ödənilməsini tələb etmişlər. Mətanət xanım isə cavab olaraq bildirmişdir ki, onlar pulu ödəyəcəklər. Bütün bu hadisələrə o, şahid olmuşdur. Bu hadisələrdən sonra o, həmin salondan işdən çıxmışdır. Hazırda həmin salonu işlədən Cavabdehdır. Həmçinin, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cavid Məmmədov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, vətəndaş Cavabdeh ərizəsi əsasında toplanmış HK/1-257 saylı materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. HK/1-257 saylı materialda olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, təxminən iki ay əvvəl Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Canana Legend” gözəllik salonunu icarəyə götürdükdən sonra əvvəlki icarədar İddiaçı ona salonda vəsaitlərinin olmasını əsas gətirərək ondan 6.500 manat pul tələb etmişdir. Ona orada olan vəsaitlərini götürməsini bildirsə də heç bir nəticə əldə etməmişdir. İddiaçı Karat Plazada əmlakı olan obyektdə təmir işləri apardığını qeyd etmiş, uşağının xəstə olduğunu əsas gətirmişdir. O, insanlıq edib ona 1.700 manat həcmində hissə-hissə ödəniş etmiş və o, salonda qalıb işləməyə davam etmişdir. Artıq 1 aydır ki, ödəmənin qalan hissəsini şantaj edərək, xaricdə yaşayan qohumlarına məlumat göndərərək, ailə üzvlərini narahat edərək tələb edir. Hər cür vasitədən istifadə edərək hədə-qorxu gəlir. O xanıma ödədiyi məbləği geri qaytarmaqla obyektindən uzaqlaşdırılmasını tələb etmiş və başına gələcək hər bir hadisədə ondan şikayətini bildirmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cavid Məmmədov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın təsviri hissəsindən görünür ki, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Canan Legend” gözəllik salonuna baxış keçirilmiş və həmin salonda olan 10.190 manat dəyərində əşyalar aşkar olunmuşdur. Həmçinin, həmin əşyaların İddiaçı məxsus olması müəyyən olunmuşdur. “Karat Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 07 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47, m.5/6/7 ünvanında ümumi sahənin 95.55 m2 sahəsi icarəyə verən tərəfindən sonuncuya icarəyə verilmişdir. xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Habelə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Canana Legend” gözəllik salonunda icarə əsasında fəaliyyət göstərmiş, daha sonra isə həmin gözəllik salonu icarə müqaviləsi ilə yeni icarəçiyə hazırki iş üzrə cavabdehə icarəyə verilmişdir. Həmin gözəllik salonunda iddiaçıya məxsus əmlakların nisyə alqı-satqısı ilə bağlı tərəflər arasında şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı ümumi dəyəri 6.500 manat olan əmlaklarını cavabdehə satmağı, cavabdeh isə onların dəyərini iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin əmlakların məbləğini qismən, yəni 1.500 manat hissəsini iddiaçıya ödəsə də, qalan məbləği iddiaçıya ödəməmiş, iddiaçı isə ödənilməmiş borcu tələb etdikdə cavabdeh Səbail Rayon Polisinə müraciət edərək, iddiaçının ondan gözəllik salonunda olan əmlaklarına görə 6.500 manat pul tələb etdiyini, iddiaçıya əmlaklarını götürməsini bildirməsinə baxmayaraq iddiaçı tərəfindən götürülmədiyini, iddiaçının başqa obyekti təmir etdirdiyinə görə və iddiaçının uşağının xəstə olmasına görə insanlıq xatirinə ona 1.700 manat məbləğində hissə-hissə ödənişlər etdiyini, ödəmənin qalan hissəsinin isə iddiaçı tərəfindən ona hədə-qorxu, şantaj edilməklə tələb edildiyini bildirmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində şikayətlə bağlı araşdırılma aparılmış və mübahisəli gözəllik salonuna baxış keçirilərək müəyyən edilmişdir ki, gözəllik salonunda ümumi dəyəri 10.190 manat olan əmlaklar İddiaçı məxsusdur. Hazırda da iddiaçı ona məxsus əmlakların nisyə alqı-satqısı ilə bağlı cavabdehlə arasında olan razılığa əsasən ödənilməmiş 5.000 manat əsas borcu və cavabdeh tərəfindən ona vurulmuş 1.000 manat mənəvi zərərin ödənilməsini xahiş edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əmlakların dəyərini iddiaçıya ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 5.000 manat məbləğində vəsaiti iddiaçıya ödəməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatını digər sübutlarla müqayisəli şəkildə təhlil edərək nəzərə almışdır. Belə ki, cavabdeh izahatında üç vacib məqamı vurğulayaraq, iddiaçıya məxsus əmlakların gözəllik salonunda olmasını, iddiaçıya köməklik məqsədilə 1.700 manat məbləğində hissə-hissə ödənişlər etdiyini və ödəmənin qalan hissəsinin iddiaçı tərəfindən tələb edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmlakların cavabdehin icarə əsasında fəaliyyət göstərdiyi gözəllik salonunda olmasını və cavabdehin iddiaçıya hissəhissə ödənişlər etdiyini cavabdehin özü ərizəsində etiraf etmişdir. Lakin, məhkəmə cavabdehin iddiaçıya hissə-hissə etdiyi ödənişlərin məhz köməklik məqsədilə edildiyi arqumentini inandırıcı hesab etmir. Cavabdehin hissə-hissə etdiyi ödənişlərin məbləğinə gəldikdə isə cavabdeh tərəfindən iddiaçıya əmlakların alqı-satqısı ilə əlaqədar 1.500 manat məbləğində vəsaitin ödənilməsi məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin “1.000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 5.000 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat əsas borc və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-824/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-824/2021
25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver