Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-827/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 29 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 29 saylı mənzil əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, həmin mənzili o, axırıncı ilə aralarında Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə bağladığı AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə, iddia ərizəsində istinad edilmiş cavabdehlərin hər birinin rəsmi razılıqları ilə almışdır. Qeyd edilmiş alqı-satıq müqavilə əsasında həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydə alınmaqla adına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsindən göründüyü kimi Cavabdeh1 ailə üzvləri ilə birlikdə ona satdığı mənzildən xx.xx.2023-cü ilədək mənzili boşaldıb ona təhvil verməyi və qeydiyyatdan çıxacaqlarına dair üzərində öhdəsinə götürmüşlər, mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər mənzili boşaldaraq ona təhvil vermiş, lakin o vaxtdan bu günədək nə Cavabdeh1, nə də ailə üzvləri üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ona məxsus mənzildən qeydiyyatdan çıxmamışdır, bununla əlaqədar cavabdehlərə müraciət etdiyində qeydiyyata düşməyə yaşayış sahələri olmadığını bildirərək ona məxsus mənzildən qeydiyyatdan çıxa bilmədiklərini bildirmişlər. Hesab edir ki, cavabdehin ona məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması onun əmlakına sərbəst və maneəsiz sərəncam vermək və sahiblik etmək hüququnu pozur. Bu səbəbdən də hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.26 kv/m olan mənzilini İddiaçı 50000 manat satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, X2, Cavabdeh3, X3, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu birgə nikah dövründə əldə edilmiş əri - Cavabdeh1 məxsus olan ünvan 1 ünavnında yerləşən mənzilin satılmasına etiraz etmir. Aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətlərindən görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 50000 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdehlər qeyd olunan ünvanda qeydiyyatda olsalar da, lakin orada yaşamırlar. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 29 saylı mənzil iddiaçıya satılmışdır. Həmçinin, iş materiallarından da göründüyü kimi, cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmaq barədə öz üzərlərinə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmişdirlər. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 29 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 29 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-827/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-827/2025
10.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver