Məhkəmə qərarları › İş №2(001)-8282/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8282/2021

22.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8282/2021 22.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh Şirkətinə qarşı torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi öhdəliyinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Şirkətinə qarşı torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi öhdəliyinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Cavabdeh Şirkətinə qarşı hər hansı tələb irəli sürülməmiş və iddiaçının tələbi ona ayrılmış torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi öhdəliyinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, “ ... torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. ... İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz”. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı özü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad edərək tələbinin mümkün hesab edilməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi qaydasında cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan zərərin əvəzlənməsi öhdəliyi olaraq, ona verilmiş torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsinin Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh Şirkəti qeyd olunsa da, ərizədə ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Şirkətinə qarşı torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi öhdəliyinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi öhdəliyinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması tələbini inzibati məhkəmə icraatı qaydasında irəli sürə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar