Məhkəmə qərarları › İş №2(001)-834/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-834/2021

04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-834/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6190/2015 saylı, 01.10.2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 14011-0638/456749 saylı 18.06.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh və İddiaçı müştərək qaydada bankın xeyrinə 6751,17 ABŞ dolları əsas, 947,35 ABŞ dolları faiz, 50 ABŞ dolları penya olmaqla, cəmi 7748,52 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İddiaçı təqaüdçüdür və borca görə təqaüdündən 2500 manat pul tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 29.11.2018-ci il tarixli məktubu ilə onun pensiyasından tutulmalar dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 16.11.2018-ci il tarixli məktubu ilə Cavabdeh təqaüdündən hər ay 50% pul tutulmalıdır. DSMF-nin Binəqədi Rayon Şöbəsinin 01.10.2018-ci il tarixli arayışına əsasən Cavabdeh təqaüdçüdür və hər ay pensiyasından müəyyən məbləğ tutulur. Bu səbəbdən də iddiaçı ödənilmiş pulun cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədn xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6190/2015 saylı, 01.10.2015-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında olan 18.06.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada bankın xeyrinə 6751,17 ABŞ dolları əsas kredit borcun, 947,35 ABŞ dolları faiz borcun, 50 ABŞ dolları penya olmaqla, cəmi 7748,52 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. - “xxxx” ASC-nin hesab üzrə çıxarışından görünür ki, İddiaçı kredit borcuna görə 2159,54 manat pul tutulmuşdur. - Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən AR DSMF-nin Binəqədi Rayon Şöbəsinə ünvanlanmış məktuba əsasən Cavabdeh təqaüdündən hər ay 50% tutularaq tələbkarın hesabına ödənilməsi xahiş olunmuşdur. - 01.10.2018-ci il tarixli arayışa əsasən Cavabdeh yaşa görə 143.48 manat məbləğində pensiya alır və hər ay pensiyasından 69.85 manat məbləğində pul tutulur. - Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, Cavabdeh “xxxx” ASC-yə olan borcu 3438.85 manat borcu restrukturizasiya edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, zamin tərəfindən borclunun əvəzinə kreditora ödənilmiş 2159,54 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona dəymiş zərərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2159,54 (iki min yüz əlli doqquz manat əlli dörd qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar