Məhkəmə qərarları › İş №2(001)-8397/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8397/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8397/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “fərdi yaşayış evinə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, izlivnoy 2 ev 40-a qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, atası tərəfindən ona pay verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, izlivnoy 2 ev 40-da yerləşən həyətyanı sahədə fərdi yaşayış evi tikmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq hələ də evə aid sənəd ala bilməmişdir, bu səbəbdən evə qeydiyyata alınmamışdır. Seçkilərdə iştirak etmək hüququnun həyata keçirilməsi baxımından evə qeydiyyata alınmaq istəyir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun mənasından göründüyü kimi vətəndaşların qeydiyyata alınması, qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti(Daxili İşlər Nazirliyi) orqanın səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Odur ki, inzibati orqanın hərəkətsizliyindən və ya qeydiyyata alınma barədə müraciətdən əsassız imtina etməsindən inzibati məhkəməyə müraciət edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya qeydiyyata alınma barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və ya orqanın əsassız imtinasından müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “fərdi yaşayış evinə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya qeydiyyata alınma barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və ya orqanın əsassız imtinasından müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar