Məhkəmə qərarları › İş №2(001)-855/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-855/2025

11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-855/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X27 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər “X18 İnsitutu” MMC-yə və Cavabdeh2 qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər “X18 İnsitutu” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı il tarixli ona aid olan 50 nömrəli bağ sahəsinə dair qanunsuz olaraq Cavabdeh2 adına verilmiş bağçılıq kitabçasının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığı tərəfindən 1990-ci il tarixdə verilən bağ üzvlərinin siyahısına əsasən ona 50 nömrəli bağ sahəsi verilmişdir. Daha sonra ona məlum olmuşdur ki, 1994-cü ildə həmin bag sahəsi institutun əməkdaşı Cavabdeh2 verilmişdir. Belə ki, ona aid olan 50 N-li bağ sahəsi Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığın İdarə heyətinin 21 iyul 2005-ci il tarixli iclasının 3 N-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin son siyahısında 50 nömrəli bağ sahəsi Cavabdeh2 adına özəlləşdirilmişdir. Bildirir ki, ona aid olan 50 saylı bağ sahəsini o vaxt orada işləyən Hikmət adlı əməkdaş öz adına saxta yolla bağçılıq sənədi düzəldib və ora çıxarış alıb, daha sonra isə başqa şəxsə satmışdır. Cavabdeh “X18 İnstitutu” MMC-yə müraciət etməsinə baxmayaraq, ona qeyd edilən bağ sahəsinin 4 il müddətində tərəfindən istifadə edilməməsini əsas gətirərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən bağçılıq yoldaşlıq təsərrüfatından kim 1-3 il müddətində istifadə etmirsə o kollektiv təsərrüfatdan kənarlaşdırılır və bağ sahəsi digər əməkdaşa verilir (məktub ərizəyə: əlavə edilir). Bu səbəbdəndə, o, ona aid olan 1990-ci il tarixli 50 N-li bağ sahəsinə dair qanunsuz olaraq Cavabdeh2 adına verilmiş bağçılıq kitabçasının etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıya 1990-cı ildə “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən 50 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin yerləşmə yerinə dair cizgi-planı məhkəməyə təqdim edilmiş və həmin cizgidəndə görünür ki, bağ sahəsi mövcud olmuşdur. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş siyahıdan da görünür ki, iddiaçı bu siyahıda var və ona 50 nömrəli bağ sahəsi verilmişdir. Bu sənədlər onu göstərir ki, 50 nömrəli bağ sahəsi həqiqətəndə qanuni əsaslarla 1990-cı ildə iddiaçıya ayrılmışdır. Daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Halbuki, siyahıdan, Cavabdeh2 aid üzvlülük kitabçasından və digər sənədlər görünür ki, Cavabdeh2 məxsus olan 22 saylı bağ sahəsi iddiaçıya məxsus 50 nömrəli bağ sahəsi ilə əvəzləşdirilmişdir. Qanunvericiliyin tələblərinə uğun şəkildə torpaq sahəsinin iddiaçıya verilməsi etibarsız hesab edildikdən, torpaq sahəsi geri alındıqdan sonra başqa şəxsə verilə bilərdi. Bu hallar olmadığından hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya məxsus torpaq sahəsi bağçılıq kitabçasında nömrə üzərində xətt çəkilməklə Cavabdeh2 adına rəsmiləşdirilməsi qanunsuzdur. Bağ sahəsində əsasən iddiaçının atası bağ təsərrüfatı ilə məşğul olmuş, iddiaçı özü yay aylarında bağ sahəsinə gedib-gəlmişdir. Sonradan iddiaçının səhətində problemlər yarandığından bir müddət bağ sahəsinə gedə bilməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə isə əsassızdır. Belə ki, Torpaq sahəsinin başqa şəxsin adına sənədləşdirilməsi barədə məlumatları ümumiyyətlə olmamış, məlumatları olduqdan sonra isə məhkəməyə müraciət etmişlər.

4. Məhkəmə baxışına hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 bildirmişdir ki, bağ sahəsi həmişə onların istifadələrində olmuşdur. 2016-cı ilədək torpaq sahəsindən istifadə etmişlər, əkib-becərmişlər. Son 2 ildə bağ sahəsində başqa şəxs ev tikmişdir. O, bununla bağlı istituta yaxınlaşmış və bu barədə bildirmişdir. Orada ona Cavabdeh2 adının siyahıda olmadığını ona bildirmişlər. Torpaq sahəsi babası tərəfindən 2 mişar daşından hündürlüyündə hasara alınmışdır. Hasarın qalan hissəsi setka olmuşdur.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsi Hikmət Əliyevə qanunsuz əsaslarla verilməmişdir. Torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərlə texniki yanlışlığa yol verilə bilər. Lakin bu halın saxtalaşdırılma kimi qəbul edilməsi əsassızdır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “X18 İnsitutu” MMC-nin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsinin Hikmət Əliyevə verilməsi ilə bağlı hər hansı bir saxtalaşdırma olmamışdır. Torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazında göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olması səbəbindən rədd edilməlidir. İddiaçı ona aid olduğunu bildirdiyi bağçılıq kitabçasının mübahisələndirməsinə dair subyektiv hüququ ümumiyyətlə mövcud deyildir. Belə ki, 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən İddiaçı 50 nömrəli bağ sahəsi verilmişdir. 4 il müddətində 50 saylı bağ sahəsi onun tərəfindən istifadə edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinə əsasən bağçılıq təsərrüfatından 1-3 il müddətində istifadə edilmirsə, bu halda şəxs kollektiv bağçılıq təsərrüfatdan kənarlaşdırılır. Bağ sahəsi digər əməkdaşa verilir. Cavabdeh2 Mirağa oğlu 1994-cü ildə həmin bağ sahəsi instititunun əməkdaşı olan Cavabdeh2 bağ sahəsi verilmişdir. Məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində hüquqlarına Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq xitam verildiyi İddiaçı da əvvəllər məxsus olmuşdur. Lakin qanunun tələbinə əsasən onun torpaq sahəsi üzərində hüquqlarına xitam verilmişdir. Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 50 nömrəli bağ sahəsi Cavabdeh2 adına özəlləşdirilmişdir. Bu baxımdan ümumiyyətlə, iddiaçının bağ sahəsi ilə bağlı tələb irəli sürməyə dair subyektiv hüququ yoxdur. Ali Məhkəmənin qərarlarında da göstərilən ümumi mövqe bundan ibarətdir ki, Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilmiş şəxsin, həmin torpaq sahəsi ilə bağlı tələb irəli sürməyə dair subyektiv hüququ mövcud olmur. Bundan başqa bildirmək istəyir ki, iddiaçı tərəfindən bildirilmişdir ki, kollektiv bağçılıq təsərrüfatdan kənarlaşdırılmaya dair Qərarla rəsmiləşdirilmə olmalı idi. Nəzərə çatdırır ki, qurum tərəfindən rəsmiləşdirilmənin düzgün həyata keçirilməməsinə dair onlarda hər hansı məlumat yoxdur. İddiaçı tərəfindən irəli sürülən iddiaların heç biri onun tərəfindən sübuta yetirilməmişdir. Bağ sahəsini üzərində mülkiyyət hüququna xitam verən qurumun arxivində həmin sənədlər qalmadığından halhazırda bağ sahəsinin iddiaçıya qanuni verilib-verilməməsi və ya bağ sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin buna dair iddia iddaçı tərəfindən irəli sürüldüyündən onun tərəfindən sübut edilməlidir. Ümumiyyətlə, bu məsələnin Cavabdeh2 mülkiyyət hüquqlarına hər hansı bir aidiyyəti yoxdur. Əgər məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüquqlarına xitam verilməsinin qanuni olmaması müəyyən edilsə belə, bu vicdanlı əldə edən olan elmi işçi Cavabdeh2 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmçinin torpaq sahəsi halhazırda başqa şəxsin mülkiyyətindədir.Həmçinin nəzərə çatdırmaq istəyir ki, bu işlə əlaqədar inzibati məhkəmədə mübahisə olmuş, inzibati məhkəmə icraatı qaydasında da iddiaçının iddiası təmin edilməmiş, Çıxarışın ləğvi üçün qanuni əsas müəyyən edilməmişdir. 32 ildən artıq müddətdir ki, iddiaçı mübahisələndirdiyi məsələ ilə maraqlanmamışdır. Hal-hazırda subyektiv hüququ olmadığı halda bağçılıq kitabçasının mübahisələndirməsi Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında verilmiş 50 nömrəli bağ sahəsi ilə bağlı hüquqlarını pozur. İddiaçı tərəfindən həmin bağ sahəsinin qanunsuz olaraq Cavabdeh2 verildiyi bildirilsə də, buna dair hər hansı sübut irəli sürülməmişdir. Cavabdeh2 ona Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 50 nömrəli bağ sahəsinin ona verilməsinə dair etimat hüququ vardır. Həm iddiaçının tələbə dair subyektiv hüququ yoxdur, həm də ümumiyyətlə tələblə bağlı iddia müddəti keçmişdir. Bağ sahəsinin verilməsindən 32 il keçdikdən sonra ona dair sənədin mübahisələndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozan haldır.

8. Həmçinin Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq bağçılıq kitabçasının etibarsız hesab edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, 32 ildən artıq müddətdir ki, iddiaçı mübahisələndirdiyi məsələ ilə maraqlanmamışdır. Hal-hazırda subyektiv hüququ olmadığı halda bağçılıq kitabçasının mübahisələndirməsi maddi və prosessual normalara uyğun deyildir. İddiaçı tərəfindən həmin bağ sahəsinin qanunsuz olaraq Cavabdeh2 verildiyi bildirilsə də, buna dair hər hansı sübut irəli sürülməmişdir. Cavabdeh2 ona Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 50 nömrəli bağ sahəsinin ona verilməsinə dair etimad hüququ vardır. Həm iddiaçının tələbə dair subyektiv hüququ yoxdur, həm də ümumiyyətlə tələblə bağlı iddia müddəti keçmişdir. Bağ sahəsinin verilməsindən 32 il keçdikdən sonra ona dair sənədin mübahisələndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozan haldır. Tələb bağçılıq kitabçasının etibarsız sayılması ilə bağlıdır və 32 ildir ki, həmin məsələ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan subyektiv hüququ olmayan iddiaçının tələbi üzrə iddia müddəti də keçmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbi iddia müddətinin keçməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş və iş materiallarında olan sənədlər:

9. İT-İ ******* nöməli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Hidrotexnik” Eİİ-də işləmişdir.

10. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığın İdarə heyətinin 21 iyul 2005-ci il tarixli iclasının 3 nömrəli protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısının surətindən görünür ki, 8-ci sırada göstərilmiş Cavabdeh2 Mirəli oğluna aid bağ sahəsi 600 kv.m sahəsi olan 50 nömrəli bağ sahə kimi qeyd edilmişdir.

11. “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin 1990-cı il tarixli siyahısının surətindən görünür ki, bu siyahının 8-ci sırasında olan Cavabdeh2 məxsus bağ sahəsinin nömrəsi -22 nömrəli bağ sahəsi, 87-ci sırada olan İddiaçı məxsus bağ sahəsinin nömrəsi – 50 nömrəli bağ sahəsi kimi göstərilmişdir.

12. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığının idarə heyətinin xx.xx.2005-ci il tarixli iclasının 3 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, X5 Təcrübə-Tədqiqat stansiyası ərazisindən çıxarılmış bağ üzvlərinin ilkin yerlərinə qaytarılması və 1990-2000-ci illərdə aparılmış yerdəyişmələrlə əlaqədar bağ nömrələrinin sistemləşdirilməsi (inventarizasiyanın nəticələrinə əsasən) barədə birinci məsələ üzrə qərara alınmışdır ki, dəqiqləşdirilmiş plana əsasən bağ üzvlərinin onların istifadə etdikləri sahələrə müvafiq yeni nömrələnməyə uyğun üzvlük kitabçaları verilsin və ya onların üzərində dəyişiklər edilsin.

13. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 02 nömrəli iclasının protokolundan çıxarışın surətinən görünür ki, 600 kv.m torpaq sahəsi olan 50 nömrəli bağ sahəsi Cavabdeh2 daimi istifadəsinə verilməsi qərara alınmışdır.

14. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığın İdarə heyətinin xx.xx.2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən bağ sahələrinin sıralama nömrələri yeniləşdirilən bağçılıq yoldaşlıq üzvlərinin siyahısının surətindən görünür ki, 2-ci sırada olan Cavabdeh2 aid bağ sahəsinin yeni sıralama nömrəsi 50 olmuş, bağ sahəsinin ilkin sıralama nömrəsi isə 22 olmuşdur.

15. “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1980-ci il tarixdə Cavabdeh2 verilmiş bağçının yoldaşlıq kitabçasının surətindən görünür ki, bu kitabçada sahənin nömrəsinə dəyişiklik edilmiş, 22 nömrəli sahə 50 nömrəli sahə kimi göstərilmişdir. Həmçinin həmin kitabçada qeyd edilmişdir ki, 22 N-li sahə xəritədən kənarda və əkinə yararsız olduğundan həmin sahəni 1994-cü ildən etibarən istifadəsiz qalmış və bağçılıqdan üzv. çıxan 50 nömrə sahə ilə dəyişdirilmişdir.

16. “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən Cavabdeh2 verilmiş, üzərində “dublikat” yazılmış bağçının yoldaşlıq kitabçasının surətindən görünür ki, Cavabdeh2 50 nömrəli bağ sahəsi verilmişdir.

17. Hidrotexnik b/y sədri N.B.Kərimli tərəfindən imzalanmış xx.xx.2009-cu il tarixli arayışın surətindən görünür ki, bu arayış Cavabdeh2 ondan ötrü verilmişdir ki, həqiqətən də “Hidrotexnik” bağçılıq yoldaşçılığında 2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən ona məxsus olan 22 saylı bağ sahəsinin yeni sıralama nömrəsi 50-dir. Arayış daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir.

18. “X18 İnsitutu” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunun surətindən görünür ki, bu məktubda bildirilmişdir ki, sonuncunun xx.xx.2024-cü il tarixli müraciəti əsasında institutun bağçılıq yoldaşlıq birliyinin arxiv sənədlərini bir daha araşdırılmışlar. 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən ona 50 nömrəli bağ sahəsi verilmişdir. 4 il müddətində 50 saylı bağ sahəsi onun tərəfindən istifadə edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinə əsasən bağçılıq yoldaşlıq təsərrüfatından kim 1-3 il müddətində istifadə etmirsə o kollektiv təsərrüfatdan kənarlaşdırılır, bağ sahəsi digər əməkdaşa verilir. Ona görə (Bakı şəhəri İcra Hakimiyyətinin şöbə müdiri N.A.Məlikovun məktubuna əsasən, sürəti əlavə olunur) 1994cü ildə həmin bağ sahəsi institutun əməkdaşı Cavabdeh2 verilmişdir (üzvlük kitabçanın sürəti təqdim edilir). Onun 32 il müddətində kollektiv-bağçılıq təsərrüfatında bağ sahəsi ilə maraqlanmadığı, indi, 32 ildən sonra gəlib bağ istədiyi, bu halın qeyri-mümkün oluğu bildirilmişdir. Həmçinin bildirilmişdir ki, Az.ETH və Mİ EİB-nin "Hidrotexnika" bağçılıq yoldaşlığının İdarə heyətinin 21 iyul 2005-ci il tarixli iclasının 3 N-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin son siyahısında 50 nömrəli bağ sahəsi Cavabdeh2 adına özəlləşdirilmişdir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X6 və İstismarı Birliyinə ünvanlanmış 01/04-286 saylı, xx.xx.2005-ci il tarixli məktubunun surətindən görünür ki, bu məktubda bildirilmişdir ki, uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə əlaqədar xx.xx.2005-ci il tarixli 1129 saylı müraciətlərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"nin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə, 8-ci abzasına əsasən torpaq sahəsində 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir

20. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 94 nömrəli, xx.xx.2006-cı il tarixli “torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının “Torpaq qanunvericliyinin” 73-cü maddəsi əsas tutularaq X15 yerli bələdiyyələrlə və yaxud aidiyyatı rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri ilə birlikdə yerlərdə yoxlama reydlərinin təşkil etmələri, 1 və daha çox il əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzürlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib etmələri və akt əsasında da həmin vətəndaşların istifadə hüquqlarına xitam verilməsi, istifadə hüquqlarına xitam verilməsi barədə sərəncam bundan sonra torpaq sahələri ilə təmin ediləcək vətəndaşlara da şamil edilməsi qərara alınmışdır.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, ******* nömrəli çıxarışın surətindən görünür ki, 0.059409 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına Dövlət reyestrində qeydiyyata alınmışdır.

22. 14.03.2016-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsini X3.

23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, 0.059409 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə X16 adına Dövlət reyestrində qeydiyyata alınmışdır.

24. 17.04.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X25 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsini X4.

25. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 50 saylı bağ sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X28 küçəsi, giriş 69A) xx.xx.2024-cü il tarixdə X22 adına Dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Hidrotexnik b/y sədri N.B.Kərimli tərəfindən imzalanmış xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, bu arayış X8 ondan ötrü verilmişdir ki, həqiqətən də “Hidrotexnik” bağçılıq yoldaşçılığında 2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən ona məxsus olan 36 saylı bağ sahəsinin yeni sıralama nömrəsi 22-dir. Arayış daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir.

27. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 22 saylı bağ sahəsi xx.xx.2008-ci il tarixdə X7 adına Dövlət reyestrində qeydiyyata alınmışdır.

28. 15.01.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X12 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 22 saylı bağ sahəsini X2.

29. 11.02.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X23 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 22 saylı bağ sahəsini X1.

30. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Hidrotexnik” b/y-nın 22 saylı bağ sahəsi xx.xx.2023-cü il tarixdə X9 adına Dövlət reyestrində qeydiyyata alınmışdır.

31. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(112)-8221/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X25 üçüncü şəxs qismində cəlb edilməklə “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

32. Həmçinin həmin qərarda göstərilmişdir ki, cavabdehin imtinasının əsaslarına görə elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bag sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində 50 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya 50 saylı bağ sahəsinin verilməsinə dair həmin siyahıya uyğun verilmiş sənəd (üzvlük kitabçası və s.) iddiaçı tərəfindən təqdim edilməmiş, nədə ki cavabdeh orqanın arxivində aşkar edilməmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

33. İş materialları ilə müəyyən olunur ki: - “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin 1990-cı il tarixli siyahısında Cavabdeh2 22 nömrəli bağ sahəsi, İddiaçı isə 50 nömrəli bağ sahəsinin ayrılması qeyd olunmuşdur. -Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 02 nömrəli iclasının protokolundan çıxarışa əsasən 600 kv.m torpaq sahəsi olan 50 nömrəli bağ sahəsi Cavabdeh2 daimi istifadəsinə verilməsi qərara alınmışdır. - Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığın İdarə heyətinin xx.xx.2005ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən bağ sahələrinin sırala nömrələri yeniləşdirilən bağçılıq yoldaşlıq üzvlərinin siyahısına əsasən Cavabdeh2 aid bağ sahəsinin yeni sıralama nömrəsi 50 olmuş, bağ sahəsinin ilkin sıralama nömrəsi isə 22 olmuşdur. -“Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1980-ci il tarixdə Cavabdeh2 verilmiş bağçının yoldaşlıq kitabçasında bağ sahəsinin nömrəsinə dəyişiklik edilmiş, 22 nömrəli sahə 50 nömrəli sahə kimi göstərilmişdir. Həmçinin həmin kitabçada qeyd edilmişdir ki, 22 N-li sahə xəritədən kənarda və əkinə yararsız olduğundan həmin sahəni 1994-cü ildən etibarən istifadəsiz qalmış və bağçılıqdan üzvlüyündən çıxan 50 nömrə sahə ilə dəyişdirilmişdir. Bundan sonra Cavabdeh2 üzərində “dublikat” yazılmış bağçının yoldaşlıq kitabçası verilmiş və bu kitabçada bağ sahəsinin nömrəsi 50 nömrə kimi qeyd olunmuşdur.

34. İddiaçı tərəfindən mübahisə predmetinə daxil olan 50 nömrəli bağ sahəsinin ona ayrılmasına dair hər hansı bir qərar, üzvlük kitabçası və s. sənəd (“Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin 1990-cı il tarixli siyahısından başqa) məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırılması zamanı da iddiaçıya torpaq sahəsinin ayrılmasına sənədin mövcud olması müəyyən edilməmişdir

35. -50 nömrəli torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmış, daha sonra həmin torpaq sahəsi başqa şəxslərə satılmışdır. Torpaq sahəsi hazırda X22 mülkiyyətindədir.

36. Bundan əlavə idiaçı İddiaçı cavabdeh DƏDKR publik hüquqi şəxsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8221/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.

37. Bakı İnzibati Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində 50 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və.s) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 nömrəli bağ sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya 50 saylı bağ sahəsinin verilməsinə dair həmin siyahıya uyğun verilmiş sənəd (üzvlük kitabçası və.s) iddiaçı tərəfindən təqdim edilməmiş, nədəki cavabdeh orqanın arxivində aşkar edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

40. Torpaq Məcəlləsinin:

41. 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasında qeyd edilmişdir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir.

42. 75-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

43. 5-ci bəndində isə qeyd edilmişdir ki, torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

44. 6-cı bəndində qeyd edilmişdir ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

45. 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində qeyd edilmişdir ki, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

46. Həmin qanunun 1-cu maddəsinin 2-ci abzasında qeyd edilmişdir ki, Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur;

50. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

52. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

53. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır.

54. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

55. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

56. Hazırki iş üzrə iddiaçı, iddia tələbini “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlük siyahısına əsaslanmaqla 50 nömrəli torpaq sahəsinin ona ayrılmasını və bu torpaq sahəsinin uzun müddətdə onun sahibliyində və istifadəsində olması əsasları ilə sübut etməyə çalışsa da, bu hallar iş üzrə müəyyən edilməmiş və bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni iddiaçı istinad etdiyi üzvülük siyahısı əsasında ona torpaq sahəsinin ayrılmasını (üzvlük kitabçasının verilməsini və ya üzvlərin iclasının protokolundan çıxarışın olmasını), həmin sahədən uzun müddət, ən azından cavabdehin mülkiyyət hüquqları qeydə alınana qədər istifadə və sahiblik etdiyini sübut edə bilməmişdir. Bununla bağlı qanunvericiliyin mövqeyi belədir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Hazırki iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

57. Göstərilən hala əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Bu səbəbdən iddia əsassızdır.

58. İddia tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə zərurət yoxdur. Nəticə:

59. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

60. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

61. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər “X18 İnsitutu” MMC-yə və Cavabdeh2 qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar